- Ədəbiyyat

Nə vaxt?!

 

Gülyaz ƏLİYEVA

Atlantdımı göy qübbəsin çiyinlərində saxlayan?!
Ya mənəmmi, göy qübbəsi boyda dərdi
çiyinlərimdə gəzdirən?
Vətən dərdi, torpaq dərdi, millət dərdi, qeyrət dərdi
Məni əydi !
Əydi, başım yerə dəydi!

Promoteymi əzab çəkən, ciyəri sökülən?!
Yoxsa mənmi?!
Hər gün baxıb vətən sarı
Ciyəri yanan, ürəyi bişən,
Gözü deşilən,
Dərdi varkən,
Dili lal olan?
Qolu varkən, vura bilməyən,
Gözü varkən görə bilməyən,
Ayaq varkən, gedə bilməyən,
Yurdu varkən, yurdsuz qalan,
Evi varkən, evsiz qalan,
Dərdindən qaça bilməyib, qaçqın olan,
Öz yurdunda sürgün olan.

Yarəb, nədir bu bəlalar?!
Boynuyoğun daşqəlbliliər,
Nədən belə çoxaldılar?
Tez artdılar, boy atdılar!
Çoxaldıqca xırdalandı
mənim yurdum,
Mənim elim
Ana torpağım,
Ana vətənim,
7 yerə paralanmış
Qara torpaq
Görən nə vaxt birləşəcək?
Bir olacaq,
Hürr olacaq?!