Kəlbəcər dağlarında hər yay Aran Qarabağdan gələnlərin yaylaq kimi seçdikləri bir dağ ətəyi var, Baba Yurdu adlanan yer.
70-ci illərin iki yayını hər dəfəsində iki ay müddətində orada alaçıqlarda qalmış, qoyun sürülərini yaylağa gətirən çobanlarla qonşu olmuşuq. Qasım Qasımzadənin orada olmağından xəbər tutan, başqa yaylaqlarda istirahət edən Qarabağın yerli camaatı, o cümlədən ziyalıları ara-sıra bizi ziyarət edir, sonra da öz yurdlarına qonaqlığa dəvət edirdilər.
Biz yeniyetmələr dəstə-dəstə at belində gələn qonaqlarla salamlaşıb böyükləri alaçıqda tək buraxır və fürsəti əldən buraxmayıb gələnlərin atlarına minir, o ətrafda istədiyimiz qədər at sürməyin dadını çıxarırdıq. Qonaq gedəndə isə uzun məsafə qət edirdik deyə qonşuluqdakı çobanlar hərəmizə bir at ayırıb yola salırdılar. Atları böyüklər sayaq mahmızlaya-mahmızlaya yol getməyin də bir ayrı ləzzəti vardı.
Bir dəfə qonaq gələnlər atlarını çəmənlikdə hörükləyib alaçığa keçdilər. Bunların biri oynağan ağ at idi. Görkəmi, duruşu, yerişi bizi tutmuşdu. At yiyəsi xəbərdar etmişdi ki, nəbadə o ata kimsə yaxınlaşa, dəlidir, yad kimsəni yaxın buraxmaz, ya da xətər yetirər. Qarşında belə bir at ola, onu minmək imkanın ola, qanı qaynayan biz yeniyetmələr necə sakit duraq axı?!
Qardaşım Xansuvar “heç kimi qoymayacağam, özüm minəcəyəm o ata” dedi. Böyüklərin də içəridə başları qarışıb yemək-içməyə, söhbətə. Xansuvar ata yaxınlaşanda at özünü pis aparmadı. Atı hörükdən açdı, ayağını üzəngiyə basıb qalxdı belinə. Əlində də qırmanc. Elə qırmancı havada yellətmişdi ki, at yerindən sıçrayıb götürüldü, nə götürüldü. Xansuvar üçün gözlənilməz olduğu üçün (o atı yəhərsiz də, çılpaq da minirdi bəzən, fərasətli idi) deyəsən müvazinətini itirmişdi. Mənzərəni görən qadınlardan biri vay qopardı “qoymayın uşağı at apardı”. Mən də baxıram at dördnala yürüyür, ardınca Xansuvarın cibindən çıxan oyun kartları ard-arda uçuşaraq havada qövs cızır. Haraya hamı alaçıqdan çıxır. Anam Tamara xanım təşviş içində dizlərini döyür.
Qonaqlardan biri hörükdəki atına sarı qaçıb atlanır. Qardaşım Fəxrəddin də cəld ata minir. Bu dəm tərslikdən qoyun itləri onu dairəyə alıb möhkəm hürüşürlər. Fəxrəddin qırmancı ilə itləri qovmağa çalışsa da aman vermirlər ki, at tərpənə bilsin. O biri atlı isə elə yerindən təzəcə tərpənir ki, uzaqdan Xansuvarın atdan yıxılmağını müşahidə edirik. Ona sarı qaçırıq. Dodaqları qan içindədir.
At yiyəsi şükr edir uşaq nə yaxşı yıxıldı, yoxsa at onu aparıb qayadan aşağı atacaqdı, həm də nə yaxşı yıxılanda ayağı üzəngidə olmayıb, at onu yerlə sürüyəcəkdi. Həqiqətən, dəli at imiş. Hadisənin bu cür bitməsinə şükranlıq edib bir qoyun nəzir də deyirlər.
… Günlərin birində də bizi Baba Yurduna yaxın ərazidə olduğu deyilən “Yeddi Bulaq” üstündə qonaqlığa dəvət etdilər. Yeddi gözü olan həmin bulaq dağ zirvəsində qərarlaşan, geniş düzəngah yalda idi. Hərəmiz bir at belində bulağa yollandıq. Bulaq başında gözəl bir məclis quruldu. Gənclər ola, qarşında da belə düzəngah, atları hörükdə necə rahat buraxasan.
Qardaşım Fəxrəddin öz yaşıdı iki gənclə qərarlaşırlar məclis iştirakçılarını at yarışına qonaq etsinlər. Heç kim etiraz etmir, razılıq verirlər. Uzaqda yarışın yerini, yəni nəhəng bir ərazidə başlanğıc və son xəttini gənclərin özü müəyyənləşdirir. Birinin atı ağ, digərinin boz, o birinin də kəhər. Yəni fərqli rənglərdə atlar. Uzaqdan tamaşa etməklə atlıları bu rənglərə görə fərqləndirmək də asan. Fəxrəddininki kəhər atdır. Qohumlarımızdan birinin atıdır, Qasım müəllimin xalası Xədicə xanımın həyat yoldaşı İsfəndiyar kişinin. Yaraşıqlı, hündür, özü də çox ağıllı at.
Xülasə, yarış başlayır. Həyəcan içində mən, Xansuvar, Qasım müəllim, təbii ki, Fəxrəddinə azarkeşlik edirik. Atlar yalın genişliyindən havalanmış kimi dördnala yürüyürlər. Fəxrəddin hələlik bir az arxada çapır. Və bir də baxırıq onun atı o birilərini bir-bir ötərək irəli çıxır. İsfəndiyar kişi ara-bir vaysınaraq deyir “vay, atın bağrı çatlayacaq”. Deyir atının xasiyyətinə bələddir, yaşı o birilərinə nisbətən keçmiş olan atı ölsə də qoymaz onu başqası ötə, ya ötməlidir, ya ölməli. Biz yeniyetmələr çətin təsəvvür edirik atın bağrı niyə çatlamalıdır.
Fəxrəddin qan-tər içindəki atların dəstəsində qalib kimi uzaqdan bizə yaxınlaşır. Atdan enən kimi İsfəndiyar kişi tələsik yəhərini açır, atı yun bürüncəyə bürüyür, çəmənlikdə hörükləyir.
Hamı Fəxrəddinə “əhsən” deyir. Qonaqlar heyran qalıblar: şəhərli gənc dağlar qoynunda, at belində böyümüş gəncləri at yarışında məğlub etmişdi. Bu yerdə Osman Sarıvəllinin bu sözlərini necə də xatırlamayasan: “hünər həm atındır, həm də sürənin”.