- Köşə

Nəriman QASIMOĞLU. İnsan yerdəmi yaradılmışdır? Məncə, yox!

Ənənəvi islami baxışdan fərqli olaraq, ilk insan kimi qəbul edilən Adəm OXU mətnində, belə görürəm, ümumiləşmiş insan obrazı kimi də qələmə verilir. İnsanın yaradılmasına aid bir ayədə bu, açıq ifadə olunur: “Biz sizi yaratdıq, sonra şəklə saldıq, sonra da mələklərə söylədik: “Adəmə səcdə qılın”… (7:11). Mələklərin Adəmə səcdəyə dəvət edilməsi, göründüyü kimi, insan çoxluğunun (“siz” müraciətinə diqqət yetirin!) yaradılmasından sonrakı hadisə kimi vurğulanır.
İlk insanların harada yaradılması (Yer kürəsində, yoxsa başqa bir məkanda) məsələsinə gəlincə, buna fərqli yanaşmalar olsa da, məncə, aşkardır ki, OXU mətni onların Yer kürəsində yaradılmadığı fikrini təlqin edir.
Ayələrə diqqət edək:
“…Şeytan büdrətdi, oradan saldı, daldıqları haldan aldı onları. Dedik: “Bəziniz bəzinizə düşmən olaraq enin. Yer üzündə sizdən ötrü bir müddətə qərar tutmaq yeri var, zamanı var, barınmaq imkanı var”. Və Rəbbindən kəlmələr aldı Adəm. Qəbul etdi tövbəsini. Şübhəsiz, tövbələri qəbul edən, rəhim Odur, O! Dedik: “Enin hamılıqla oradan. Məndən bir yönəltmə gələcək sizə. Kimlər Mənim yönəltməmə tabe oldusa, onların nə qorxusu var, nə də üzülər onlar” (2:36-38).
Adəmin əhvalatına dair bu ayələrdə Rəbdən iki dəfə “enin” əmri var.
Birincisi sanki Adəmlə Həvvaya aid “enin”dir. Çünki öncəki cümlənin sonundakı “onları” sözü, həqiqətən, mətnin orijinalında ərəbcənin qrammatikasına görə təsniyədədir, yəni iki nəfəri bildirir. Məntiqə görə, ilk baxışda “enin” müraciəti də bu iki nəfərə olmalıdır, amma deyil, insan cəminədir, yəni çoxluğa ünvanlanıb: orijinalda ərəbcə feilin qrammatik tələbinə görə. Bu qrammatik tələbi “bəziniz bəzinizə düşmən olaraq” ifadəsi də gücləndirir. “Bəziniz” orijinalda ikinci şəxsin cəmindədir. Digər yandan, həm də absurd olar Adəmlə Həvvanı bir-birinə düşmən kimi anlayasan.
Ənənəvi şərhlərdə bunu belə qələmə verirlər ki, guya bu cəm məsələsi Adəm-Həvva-iblis üçlüyünə aiddir. Ancaq belədə onların məntiqini aciz qoyan “bəziniz” sözüdür. Ərəbcə “ba’d” sözündən aldığımız “bəzi” eyni tayfaya, dəstəyə mənsubların bir qismini bildirir. “Bəziniz bəzinizə düşmən olaraq” – “sizin bir qisminiz digər bir qisminizə düşmən olaraq” anlaşıldığı üzdədir. Adəmlə Həvvaya müraciət ərəbcənin qrammatik məntiqinə görə “siz ikiniz” olmalıdır, “bəziniz” yox. İblis isə bu “bəzinizə”, ümumiyyətlə, daxil deyil, ayrı substansiyadır.
İkinci “enin” də eləcə insan cəminə müraciət olaraq səslənir. Üstəlik də “hamılıqla”. Bu sonuncu ərəbcəni bilməyənlər üçün dediyimi bir növ qüvvətləndirir. Sözün orijinalı /cəmi:’an/-dır, cəm olaraq anlamında.
Ayələrdə insan cəminin Yer kürəsinə enişindən sanki mərhələ-mərhələ bəhs edilir. İlkində insan cəmində Adəmlə Həvva yer alır, növbətilərdə onların dəstəsinin ardınca başqaları.
“İlk insan” – ilk peyğəmbərdir, yəni Adəm ilk peyğəmbərdir – bunu ənənəvi islami görüşlər də qəbul edir!
Bununla belə, onu ilk yaradılışda insan çoxluğunun ümumiləşmiş obrazı kimi də qəbul etmək lazım gəlir.
.
Qeyd etdiyim yanaşma ənənəvi islamın cavab verməkdə aciz qaldığı bir suala rahatlıqla aydınlıq gətirir: əgər müqəddəs Yazı bacı-qardaşın evlənməsini yasaqlayırsa, onda Adəmdən sonra insanların Yer üzündə artımı necə baş vermişdir?
Bu sualı ənənəvi islam, çoxlarının bildiyi kimi, uydurma hədislə cavablandırmağa çalışır. Guya Həvvanın bədənində bir-birindən ayrı iki bətni varmış və ayrı-ayrı bətnlərdən çıxan bacı-qardaşların evlənməsi caiz olubmuş.
İnsanın Yerdə yaradıldığı barədə ənənəvi fikrə OXU-dan dəstək almaq üçün torpaqdan yaradıldığı barədə ayələrə istinad edirlər. İstinad “torpaqdan yaradılıb, torpağa qaytarılacaq və torpaqdan da çıxarılacaq” ifadəli müvafiq ayələrədir.
Həmin ayələrdə ilk insanın, yaxud ilk insanların Yer üzündə yaradıldığı vurğulanmır. Bu bir yana, həm də necə iddia etmək olar, torpaq yalnız Yer kürəsinin materialıdır?! Başqa planetlərdə, hansısa işıq illəri uzaqlığının göy cismində ola bilməzmi?

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova