Futbol ehtiraslarının qızışdığı bir vaxt yadıma azarkeşliyimin uşaqlıq dövrü və futbol tarixində bəlkə də ən çox ehtirasla keçən bir matç düşdü.
Deməli, o uzaq illərdəki azarkeşliyimiz təkcə onunla bitmirdi ki, Bakı komandası olan “Neftçi”nin, yaxud başqalarının oyunlarını izləməklə kifayətlənəydik. Həyətdə hər gün də olmasa, həftədə bir neçə dəfə mütləq qan-tər içində futbol oynamalı idik və, əlbəttə, bu təkcə bizim deyil, o zamanın əksər sovet uşaqlarının hobbisi idi. Əlaçı şagird kimi dərslərimə nə qədər çox bağlansam da, əlavə musiqi məktəbində oxusam da, həyətdə keçən futbol oyunlarına mütləq vaxt tapmalı idim.
Həyət futbol oyunları da ölüm-dirim mübarizəsi kimi bir şeydi. Qapıçı idimsə, asfalt üstündə topa səmt atılaraq elə uçurdum ki, elə bil topu tutmasam böyük bir biabırçılıq baş verəcəkmiş. Tutanda da, tutmayanda da daxili bir məmnunluq içində ayağa qalxırdım. Birinci halda qol-qıçımın sıyrılmasını, qanamasını qəhrəmanlığımın, ikinci halda “baxın nə vəziyyətdəyəm, əlimdən gələn hər şeyi etdim” deyə özümə təskinliyin dəlili kimi qəbul edirdim. Qapıçı olmayanda isə rəqibin məni keçməsinə imkan verməmək üçün özümü onun ayaqlarına atıb topu uzaqlaşdırmağımı da bir ayrı qəhrəmanlıq sayırdım.
O dövrdə əsas kumirimiz Bakılı hücumçu Anatoli Banişevski idi. Onu SSRİ yığmasının oyunlarında görəndə fərəhlənirdik. Mənimlə qardaşım Xansuvarın bu futbol ehtirasına anam Tamara xanım ehtiramla yanaşır, ağ maykalarımızın üzərinə istədiyimiz rəqəmləri tikiş maşınında ya sapla, ya da qırmızı lent parçası ilə həkk edirdi ki, “yarışlara” əsl futbolçu geyiminə oxşar qiyafədə çıxa bilək. Qasım müəllimin isə futbola elə də marağı yox idi. Gözümüzü televiziya ekranında futbol oyununa zilləyəndə bəzən bizi cırnatmaq üçün deyirdi “bu nə mənasız şeydir baxırsınız”. Biz də ərklə “sənin üçün deyil, get şeirini yaz” deyib ondan əvəz çıxırdıq ki, bizə mane olmasın.
Bir dəfə SSRİ yığması ilə Almaniya (o zaman Almaniya Federativ Respublikası) yığmasının televiziyada yarışına baxırıq. Gəlib yanımızda əyləşir. Əvvəl-əvvəl düşünürük yenə bizi cırnaqmaq fikri var. Görürük, yox, oyunu diqqətlə izləyir. Elə ki, almanlar hücuma keçir, Qasım müəllim “vur, vur, əhsən!” deyə emosional münasibət bildirir. Biz Banişevskinin də oynadığı SSRİ-yə azarkeşlik edirik, o isə almanlara. Onun bu tövrünü özümüzə sataşmaq kimi başa düşürük. Amma aramızda heç bir mübahisə-filan yox, sadəcə oyuna diqqət kəsilmişik. Almanlar qol vuranda Qasım müəllim “qoool” deyə qışqırır. Bizim pərtliyimizi görüb “qoool” harayını bir az da uzadır. Soruşuruq “nə baş verir, niyə onlara, rəqib komandaya balet (azarkeşlik) edirsən?”, deyir “rəqibimiz onlar deyil, sovetlərdir”. Deyirik “bəs Banişevski?” Deyir “o da onlardandır”. Əslində, Qasım müəllim belə zarafatları ilə şüurumuza özümüz də duymadan antisovet ovqat yeridirmiş.
Xatirimdədir, o zaman yazıçılarımız “Neftçi”nin futbol məğlubiyyətlərini sadəlövhlüklə komandamızın beynəlmiləl tərkibi ilə əlaqələndirməyə meylli idilər. Ona görə sadəlövhlüklə deyirəm ki, indi tam milli tərkib də Azərbaycan futbolunun karına gələ bilmir.
Bir dəfə Qasım müəllimlə ikimiz “Netçi”nin “Ararat”la oyununa getmişdik. Yadımda deyil onun təşəbbüsü idi, ya mənim. “Neftçi”də oynayan Sergey və Yura Melkumov qardaşları topu ya tez-tez itirir, ya da həvəssiz-həvəssiz komanda yoldaşlarına ötürürdülər. Qasım müəllimə elə gəlirdi (əslində, şəksiz elə idi!) bu iki qardaş erməni olduqlarına görə belə edirlər və tez-tez ayağa qalxıb rusca “Сергея с поля, Юру с поля» deyə qışqırır, mən də ona qoşulurdum…
1982-ci ilin 19 martı idi, Liviyada mütərcim işləyirdim. Həmin gün Tripolidə Afrika çempionatının həlledici matçı keçirilirdi. Oyunu canlı izləmək üçün stadiona getmək istəyirdik. Sovet rəhbərliyi bizi qapalı mühitdə çalışdırdığından belə tədbirlərdə iştiraka icazə verməzdi. Bakıdan olan dostlarımla təhlükəsizlik xidmətinin üzərimizdəki nəzarətçisini inandıra bilirik ki, Liviya və Qana yığmalarının üz-üzə gəldiyi bu oyunu Liviyalılar udarsa, növbəti rəsmi danışıqlarda ərəb həmkarlarımızı ölkənin çempion olması münasibəti ilə təbrik edərik və deyərik onlara azarkeşliyi canlı olaraq stadionda etmişik…
Deməli, gəlirik stadiona, yerlərimizi axtarıb tapırıq, əyləşmək istəyirik, amma baxırıq ətrafdakıların hamısı biletlə nəzərdə tutulan yerlərində ayaq üstədirlər, oturmurlar, elə beləcə həyəcan içində oyunun başlamasını gözləyirlər.
Oyun başlayır, biz də məcburuq yerimizdən qalxıb matçı ayaq üstə izləyək. Yanımızdakılar Liviyalı azarkeşlərdir, hələ ortada ciddi bir şey baş verməyib, bunlar ilk saniyələrdən bağıra-bağıra komandalarını ruhlandırırlar. Laqeyd qalmaq mümkün deyil, biz də bir-birimizin üzünə gülümsəyə-gülümsəyə onlara qoşulub Liviya komandasını ruhlandırmaqla məşğuluq. Zalım azarkeşlər də oturmaq bilmirlər ki, bilmirlər… Boğazlarının damarları bağırmaqdan şişib. Əcnəbi olduğumuzu bilirlər, onların komandasına azarkeşlik etdiyimizdən məmnundurlar, ara bir özləri ilə gətirdikləri termoslardan bizə çay süzürlər. Biz də bu ləzzətli çaydan xeyli məmnun.
Xülasə, oyunun gərgin bir dəmində Qana bir topu Liviyanın qapısından keçirir.
Biz azərbaycanlılar “Neftçi”nin qapısından top keçəndə ona öyrəncəli idik ki, stadionda ya qapıçını, ya da oyunçularımızı ağır sözlərə qərq edək, fitə basaq və s.
İndi bizə təəccüblü gəlirdi ki, Liviyalılar qapılarından keçmiş bu qoldan sonra daha böyük ehtirasla komandalarına dəstək verir, bağıraraq onları ruhlandırırlar. Onların bu hərəkəti xoşumuza gəlir.
Liviya komandasının kapitanı İsəvi adlanan biridir. Bir də eşidirik stadion xorla şüar səsləndirir: “Quul, li-Muammar eş binquul, yə İsəvi, ruddu-l-quul”. Şeir misrası kimi səslənən bu ifadənin məzmunu belədir ki, yəni “bizə qol vurulub, Miammara (yəni Liviya lideri Qəzzafiyə) nə deyəcəyik, üzünə necə baxacağıq, ey İsəvi, qaytar bu qolu rəqibin qapısınaƏ. Biz də bu qafiyəli ifadəni qışqırır və yenə ayaq üstə çay qonaqlığına layiq görülürük .
Liviyalı oyunçular xeyli ruhlanıblar, matçın ikinci yarısını az qala tam heyətdə Qananın qapısı qarşısında keçirirlər. Vəziyyət çox dramatikdir, bilmirik oyuna baxaq, yoxsa ehtiraslanan azarkeş kütləsinin hərəkətlərinə. Azarkeşlər o qədər həyəcanlıdırlar ki, diz çöküb əllərini göyə qaldıraraq Allahdan yardım istəyən kim, dəlicəsinə bağıran kim.
Liviyalıların cəhdləri nəticəsiz qalmır. 70-ci dəqiqədə Qananın qapısından bir top keçirib hesabı bərabərləşdirirlər. Və elə bu an ehtiraslarını cilovlaya bilməyən azarkeşlər yerlərini tərk edib axışırlar futbol meydançasına ki, oyunçularını öpsünlər, qucaqlasınlar, başları üstünə qaldırsınlar. Polis müdaxilə edib aranı sakitləşdirir, adamları məcbur edir meydançadan çıxsınlar. Biz azərbaycanlılar isə yerimizdəyik, təbii.
Oyun 1-1 hesabı ilə bitir. Əlavə edilən 30 dəqiqəlik vaxtda da hesab dəyişmir. 11 metrlik penaltilər işə düşür. Azarkeşlər nəfəslərini içlərinə alıb həyəcan içindədirlər. Liviyalı oyunçulardan isə heç biri penaltiyə yaxın düşmək istəmir, Liviyalı məşqçinin təyin etdikləri etiraz edirlər qoy bu zərbələri başqaları vursun.
11 metrlik zərbələrin vurulması başlayır. Rəqiblər bir-birinin qapısından ardıcıl beş topu keçirirlər. Liviyalıların vurduğu hər uğurlu zərbədən sonra azarkeşlərin nəfəslərini dərməsi stadionda qəribə bir uğultu dalğası yaradır. 6-cı penaltini Qananın qapıçısı tutur, ardınca da Liviyanın qapıçısı. 7-ci penaltiyə yaxınlaşan Liviyalı hücumçunun halı özündə deyil. Məşqçidən bir də xahiş edir onu bu məsuliyyətdən azad etsin. Məşqçi dirənir. Vurduğu topu Qanalı qapıçı yenə tutur. Qanalı hüçumçunun vurduğu penalti isə çempionatın taleyini həll edir. Stadion yas içindədir. Sakitcə için-için ağlayanlar da var.
Biz azərbaycanlılar isə Liviyalıları pəjmürdə ovqatda qoyub evimizə gedirik Novruz bayramını qeyd edək.