Tarixçi alim Aydın Balayev Azərbaycan Xalq Cümhuriyyətində xüsusi xidmət orqanının rəhbəri vəzifəsində işləmiş Nağı Şeyxzamanlının məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev haqqında bir xatirəsini təqdim edib.
Modern.az-ın məlumatına görə, həmin xatirə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra hökumətə rəhbərlik etmiş Nəriman Nərimanovun Hacı Zeynalabdin Tağıyevi həbsə atdırması barəsindədir.
Bu təqdimat sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Nağı Şeyxzamanlının 1957-ci ildə “Azərbaycan” kültür dərgisinin 15-ci sayında dərc edilmiş xatirəsində bildirilir:
“Aprel işğalından sonra bolşeviklər Hacı Zeynalabdinin var-dövlətini də əlindən alıb müflis etdilər. Onun pulu ilə oxuyub ali təhsil alan doktor Nəriman Nərimanov Hacını həbs etdirdi. Hadisə belə olmuşdu:
Bütün sərvətindən məhrum olan Hacının Bakıdakı tekstil fabrikasının adı bolşeviklər tərəfindən dəyişdirilərək, «Lenin tekstil fabrikası» qoyulmuşdu. Bunu eşidən Hacı Zeynalabdin doktor Nərimanın yanına gedir və ona deyir:
«Nəriman, mən öz pulumla türk xalqı üçün teatr tikdirdim və xalqımıza hədiyyə etdim. Dram Cəmiyyəti adını Tağızadə qoydu, indi isə dəyişdirib Dadaş Bünyadzadə qoymusunuz. Buna heç bir etirazım yoxdur, çünki o da türkdür. Mənim öz pulumla tikdirdiyim tekstil fabrikini əlimdən aldınız. Buna da bir etirazım yoxdur. Çünki millət üçün işlədiləcəkdir deyirsiniz. Yalnız etirazım adını lənət olmuş Leninin adına qoymağınızdadır. Mən o alçaq Leninə fabrika satmamışam. Əgər fabrikamın adını dəyişdirib Nəriman qoysaydınız, yenə etiraz etməyəcəkdim!».
Bu sözlərdən sonra Nəriman Nərimanov rəhbərliyi altında çalışdığı yanındakı rusdan qorxaraq, Hacını həbs etdirir. Bu hadisəni eşidən fabrika işçiləri tətil edərək ÇEKA-ya gedir və Hacının dərhal azad edilməsini tələb edirlər. Onlar Hacını bundan sonra da öz hesablarına saxlayacaqlarını bildirərək, həbsdən azad etdirirlər”.