Bir qız var idi. Dünyada ən gözəl qız idi.
Bir oğlan da var idi. Dünyada ən yaraşıqlı oğlan idi.
Ancaq qızın gözəl, oğdanın yaraşıqlı olmasını ətrafdakılar bilmirdilər. Təkcə oğlan bilirdi ki, qız gözəldir, təkcə qız bilirdi ki, oğlan yaraşıqlıdır.
Oğlan qızı sevirdi. Ancaq bunu qıza bildirməkdən çəkinirdi. Çəkinirdi ki, birdən rədd cavabı verər…
Ona görə də ilahiyə yalvardı ki, «İlahi, məndən nə istəyirsən al, amma qızın məhəbbətini ver».
Göydən səs gəldi: «Qızın səni sevməsinin müqabilində ömründən on il alıram, razısan»?
Oğlan düşünmədən dedi: «Razıyam»!!!
Göydən səs: «Onda qıza ürəyini aç» dedi.
Oğlan da açdı. Qız da bir az düşündü, razılığını bildirdi.
Beləcə də bir-birilərini sevdilər.
Lap çox sevdilər. Hələ dünyada belə sevgi olmamışdı.
Evləndilər.
***
Bir dəfə konsertə getdilər. Müğənnilər çox gözəl oxuyurdular. Qız onlara həsədlə baxırdı.
Oğlan yenə üzünü göylərə tutdu:
– İlahi, ömrümdən nə qədər istəyirsən al, amma qıza dünyada ən gözəl səsi ver.
Səs gəldi:
-Ömründən iyirmi il alıram, razısan?
Oğlan düşünmədən dedi:
-Razıyam!!!
Oğlan qızın əlindən tutub mahnı müsabiqəsinə apardı. Qız qalib gəldi. Çox gözəl səsi var imiş qızın.
Növbəti müsabiqədə oğlan da səsini yoxladı. Oğlanın da gözəl səsi var imiş.
Duet oxudular. Dünyada ən gözəl duet alındı.
Məşhurlaşdılar. Məhəbbətləri da artdı.
***
Dünyanın o biri başına konsertə dəvət etdilər.
Əyləşdilər təyyarəyə. Uçdular.
Okeanın üzərində təyyarə yanmağa başladı. Oğlan üzünü göylərə tutdu:
– İlahi, nəyimi istəyirsən al, amma bizi xilas et.
Səs gəldi:
-Qızı xilas edirəm, amma sənin həyatının qalanını alıram. Razısan?
Oğlan düşünmədən dedi:
– Razıyam!!!
Təyyarə qəzaya uğradı. Okeana düşdü.
Oğlanla qız gözlərini açanda gördülər ki, balaca bir adadadırlar.
Oğlan ilahiyə şükürlər dilədi və dedi:
-Şərtimizə sadiqəm, göndər ölüm mələyini, alsın canımı.
Səs gəldi:
-Göndərirəm.
Ölüm mələyi gəldi. Oğlanın başının üzərində dayandı:
-İlahidən qızın məhəbbətini istədin, əvəzində ömründən on il verdin. Düzdür?.
– Düzdür.
-İlahidən qıza istedad istədin, əvəzində ömründən iyirmi ilini verdin. Düzdür?.
– Düzdür.
-İlahidən xilas istədin, qızın həyatının müqabilində öz həyatının qalanını verdin. Düzdür?
– Düzdür. Hazıram. Al canımı.
Ölüm mələyi düşündü, dedi:
– Bir az gözlə, işim var.
Və qıza yaxınlaşdı.
Oğlan dəhşətləndi:
Niyə qıza yaxınlaşırsan? Mən ki, onun xilası naminə həyatımın qalanını qurban vermişəm?
Ölüm mələi dayandı. Qəribə nəzərlərlə oğana baxdı. Sonra qıza dedi:
-İlahidən oğlanın məhəbbətini istədin, əvəzində ömründən on il verdin. Düzdür?.
– Düzdür.
-İlahidən oğlana istedad istədin, əvəzində ömründən iyirmi ilini verdin. Düzdür?.
– Düzdür.
-İlahidən xilas istədin, oğlanın həyatının müqabilində öz həyatının qalanını verdin. Düzdür?
– Düzdür.
– Təyyarədəkilərin hamısı həlak oldular. Amma siz xilas olmusunuz. Düzdür?
Oğlan və qız cavab verdilər:
– Düzdür.
Ölüm mələyi onların əllərindən tutdu.
Göydən yenə səs gəldi:
– Dayan!.
Mələk dayandı.
Səs davam etdi:
– Xəbəriniz var ki, Siz onsuz da ürəyinizdə bir-birinizi sevirdiniz, amma hər ikiniz ömrünüzdən on il qurban verib, məhəbbətinizə cavab istədiniz? Xəbəriniz var ki, sizin hər ikinizin istedadınız var idi, amma hər ikiniz ömrünüzdən iyirmi il qurban verib, dügərinizə istedad istədiniz? Xəbəriniz var ki, hər ikiniz öz həyatınızın qalanını qurban verib, digərinizin xilas olmasını istədiniz? Mən istəklərinizin hamısına əməl etdim. Amma daha yaşamağa vaxtınız qalmadı. Hazırsınız?
– Hə!!!
– Mələk, vəzifəni icra et!
Oğlan qızın əlindən tutdu:
-İlahi, bizə vidalaşmağa vaxt ver!
– Yaxşı.
Bu zaman göydərdə oğlanla qızın qulaqlarına çatmayan bir söhbət getdi: Ölüm mələyi bir az gözlədi, sonra soruşdu:
– İlahi, bunlara vidalaşmağa nə qədər vaxt vermisən?
– Niyə soruşursan ki?
– İşimi bilim də…
– Əşşi, sən də qəribə mələksən də!!! Mənim bir aləm işim var! Əlli ildən sonra yadıma salarsan, deyərəm.
– Nə deyərsiniz?
– Bunlara vidalaşmağa nə qədər vaxt verdiyimi…
iyul- avqust 2012