- Ədəbiyyat

Nəcəf TALIBOV. Nostalji

Hava çox isti idi. Voleybol meydançası boyda hovuzun kənarında, yüngül bağ kreslolarında iki kişi əyləşmişdi, aralarında da üstündə pivə bokalları və meyvə olan balaca stol. Hər ikisi çimərlik paltarında idilər. Eyni yaşda olardılar, amma pırpız saçı və pələpüsür sifəti olan azca böyük  görsənirdi. Uzunsov sifətli, başı keçəl qırxılmış kişi bokalı əlinə götürdü. Kənarda duran kəpənək qalstuklu ofisiant özünü yetirib ona pivə süzdü.

– Deyirsən ki, təsadüfən aldın, hə?

– Demək olar ki, hə!

– Təsadüfən heç nə almazsan, yəqin ucuz düşüb.

– Yox. Tamamilə təsadüfən. Amma, inanmazsan, bir az da kövrəlmişdim, ona görə aldım.

Keçəl pivəni kənara qoydu. Diqqətlə yaşlıya baxdı, yüngül kinayə ilə soruşdu:

-Sən? Kövrəlmişdin?

Yaşlı kresloda qurcuxdu:

– Nədir, kövrələ bilmərəm? Adam deyiləm? Nə olsun ki, bir-iki dəfə sərt hərəkət eləmişəm…

– Kövrələn idin, yazıq Dima ayağının altında yalvaranda kövrələydin də…

– Dima yazıqdır? O mənim işimə qarışanda, malıma-puluma qəsd edəndə yazıq deyildi, ayağımın altında yazıq oldu??? Əcəb elədim, haqq elədim onu elə günə saldım!!!

Keçəl kreslonun qoltuğundakı dəsmalla başını sildi:

– Bir söz demirəm, nə edibsən, yaxşı eləmisən. Sən mənim dostumsan, Dima yox. Ancaq  çox maraqlıdır, mən haradasa azacıq ürəyiyumşaqlıq edəndə, uşaq kimi danlayırsan, ancaq indi…. Necə oldu ki, kövrəldin?

Yaşlı çevrilib ofisianta baxdı, əli ilə ona «Aralan buradan!» komandası verdi. Ofisiant cəld uzaqlaşdı.

– Bilirsən də, işimizin xüsusiyyəti elədir ki, hərdən elə hərəkət etməli oluruq ki, kiminsə xətrinə dəyirik, nə bilim, beş dost qazananda bir-iki də düşmən qazanırıq…

– Lirikaya ehtiyac yoxdur! – Keçəl onun sözünü kəsdi.

– … Nə isə, Qoturu tanıyırsan da?

– Hə…

– Keçən il onun malları təsadüfən mənim əlimə keçdi…

– Təsadüfən?

– Sən də qəribə adamsan! Nə fərqi var, indi də onun maşınlarını qapazlayıb  aradan çıxartdım… Nə isə, bir-iki dəfə adam göndərdi, dedim ki, mallar məndə deyil. Qısası, düşmən olduq. O itin balası da malı çıxanda elə bil canı çıxır. Əl çəkmədi ki, çəkmədi. Bir dəfə ofisimə qumbara atdırdı, yaxşı ki mən arxa qapıdın çıxıb getmişdim…

Keçəl başını dikəldib bağın ətrafındakı hasara sarı boylandı. Yaşlı gülümsündü:

– Qorxma, onunla barışmışıq…

– Guya ki, başqa düşmənin yoxdur?

– Var ey, amma heç kəs bu villanın yerini bilmir!

Keçəl sakitləşib pivəsini içməyə davam etdi.

-… Hə, nə isə, keçən payızda bir dəfə arxamca iki maşın düşdü, tərslikdən yanımda uşaqlardan heç kəs yox idi. Üstəlik də yolda tıxac var idi. Maşından düşüb qaçdım binaların arasına. Bircə onu gördüm ki, arxamca dörd-beş nəfər gəlir.

– Tanımadın kimlərdir?

– Yox. Tanısaydım, nə xeyri var idi? Üstəlik də, Qotur ehtiyatlı adamdır, belə haqq-hesablarda öz əlaltılarından istifadə etmir, kənardan adam gətizdirir. Nə isə, binaların arası ilə xeyli qaçdım, bir həyətə çıxdım. Gördüm ki, arada bir köhnə bina var, qazanxanaya oxşayır. Üstündə də hündür tüstü borusu var. Özümü verdim oraya. Girişdə bir kişi siqaret çəkirdi. Dayanıb nəfəsimi dərdim. Kişinin başında qırmızı hörmə xizək papağı var idi, əynində isə yolun kənarlarını təmizləyənlər var ey, narıncı gödəkcələri olur, bax elə bir gödəkcə. Qoltuğunda da sellofan torba. Kişi elə bildi mən ona baxıram, dedi: «Nədir, papağıma baxırsan? Əcəb edib qoymuşam! Qaymaritim var!». Susdum. Yenə dilləndi: «İndi nəyə baxırsan? Kurtkama? Üşüyənəm, ona görə geyinmişəm!». Dillənmədim. Əslində onun sözlərini eşidirdim, amma fikrimdə özümə çıxış yolu axtarırdım. Kişi yenə başladı: «Qoltuğumdakı nədir? Sənə nə! Hamama gəlmişəm! Növbəm indi çatır, xidmətçi də orada siqaret çəkməyə qoymur. Dəyişək paltarımı içəridə qoyası deyiləm ki? O qədər avara-axmaq adam var ki, oğurlasa nə etməliyəm?». Ağlıma İDEYA gəldi! Amma kişi yenə başladı: «Sənə nə var ki, mən niyə çimməyə bura gəlirəm? Əcəb edirəm!!! Həyətdə balaca bir hamam tikdirməyə iki min dollar pul gedir, haradan alıram?». Ağzımı açıb bir söz demək istəyirdim ki, kişi siqaretinin kötüyünü yerə çırpıb ayaqladı: «Ümumiyyətlə, nə deyirsən ey???».Sakitcə dilləndim: «Sənə iki min dollar versəm, gedib özünə hamam tikdirərsən?». Kişi elə bil dondu, təəccüblə mənə baxdı: «Dəlisən?». «Yox!» dedim. «Onda xəstəsən, ya da, dollarların saxtadır!». Həyətin o başında hay-haray səsi gəldi. Deyəsən, məni axtaranlar idi. Dedim: «Dollarlar saxta deyil,  mən xəstəyəm, tutmam var, onda əliaçıq oluram. Amma bir şərtlə!». «Nə şərt? Axmaq şərt olmasın ha!» . Əsas məsələyə keçdim: «Papağını, kurtkanı və qoltuğundakı torbanı mənə ver!»- Deyib cibimdən pul çıxartdım, iyirmi dənə yüzlük dollar saydım. Kişi mat-mat üzümə baxdı, papağını, kurtkanı çıxartdı,torbası ilə birlikdə mənə uzatdı. Cəld alıb geyindim. Həyətdə səs-küy  artırdı. Kişi «Gic oğlu gic» deyib bayıra çıxdı. Cəld geyinib içəri – hamamın gözləmə otağına  girdim.

Keçəl azacıq dikəldi:

– Maraqlıdır! Lap kinodakı kimi! Məni dolamırsan ki?

Yaşlı tənə ilə ona baxdı:

– Ayıb deyil? Birdən-ikidən sənə belə şey danışmışam?

– Belə əməllicə iyirmi dənə yüzlük verdin?

– Olmadı da… İnanmırsan? Yaxşı, boynuma alıram, birini iki dəfə saydım, on doqquzunu verdim… Nə edim, adət eləmişəm…

– Onda davam elə!

– Nə isə, keçdim içəri. Düşdüm əlli il əvvələ…. Sən cavansan, bilmirəm, köhnə sovet dövrünün hamamlarını görmüşdün?

– Səndən üç yaş kiçiyəm də, nə cavan? Düzdür, biz o vaxtlar kommunal hamamlara çimməyə getmirdik, amma bir, ya iki dəfə futbol oynayandan sonra sinif yoldaşlarımla getmişdim.Yaxşı, bəs sonrası? Kişinin papağını-kurtkasını geyinib aradan çıxdın?

– Necə? Yox! Təbii ki, o quldurlar məni sifətdən tanıyırdılar, o qədər axmaq idilər ki, həyətdə rast gəldikləri adama diqqətlə baxmasınlar? Onsuz da hər yeri ələk-vələk edib, hamını yoxlayacaqdılar. Ona görə də düşündüm ki, ən az ağlabatan variantı seçim… Yəni ən ağılsız variantı…

– Hmm… Təsəvvür edə bilmirəm… Adətən, ən ağıllı variantı axtarmışıq…

– Ay sağ ol!!! Məni axtaranlar da elə səni kimi düşünməli idilər!!! Ona görə də girdim hamama…

Keçəl gözlərini döyə-döyə yaşlının üzünə baxdı:

-Nəyə?

– Çimməyə!!!

Balaca bir fasilə yarandı. Keçəl birdən birə qaqqıltı ilə gülməyə başladı. Yaşlı da gülümsədi. Keçəlin gülməyi isə az qala isterik hala qədər uzandı. Axırda öskürəyə keçdi. Sonda keçəl gözlərinin yaşını sildi:

– Canını qurtarmaq istəyən adamın hamamın qazanxanasında, kassirin stolunun altında, xadimənin otağında, tualetdə gizlənməsi təbiidir… Heç olmasa boş nömrələrdən birində…

– …. paltarlı! – Pırpızsaç əlavə etdi.

– Necə?

– Boş nömrədə arakəsmənin arxasında paltarlı gizlənməsi təbiidir. Amma soyunub çimməsi ağılsızlıqdır.

Keçəl yenə uğundu.

– Səni başa düşürəm,- yaşlı gülümsünərək davam etdi,- izlənən adam əyninə başqa paltar geyinə, əlinə ağac, armatur, dəmir qırığı götürə bilər, daha soyunub duşun altına girməz. Nə isə, hamamın gözləmə zalına girdim. Qədimi kinoteatr kresloları var idi, bilmirəm görmüşdünmü? Beşi yanaşı bitişik, üstündən duranda da oturacağı çevrilirdi… Bax ondan iki dənəsi, hərəsi bir divarın divarın dibində qoyulmuşdu. Balaca uşaqla orta yaşlı bir kişi, iki pensiyaçı və idman paltarında cavan oğlan növbə gözləyirdi.

– Bəs onlar hiss etmədilər ki, sən tamamilə ayrı adamsan?

– Bəs mən iki min dolları nəyə verirdim? Yaxşı, olsun min doqquz yüz… Onlar görmüşdülər ki, başındı qırmızı hörmə papaq, əynində narıncı kurtka olan bir nəfər siqaret çəkməyə bayıra çıxdı, sonra da geri qayıtdı. Mənə ümumiyyətlə fikir vermədilər! Vacibi onlar deyildi, kassir idi.

– Niyə?

-Ona görə ki, hamamda növbə yaratmağa məsul şəxs odur. Düzdür, adətən gələn soruşur ki, «Növbədə sonuncu kimdir? Sizdən sonra mənəm» və sairə… Amma növbənin mövcudluğunu məhz kassir təmin edir. Bax burada mənim bəxtim gətirdi…

– Nədə?

– Kassir kişi idi. Gözucu papağıma-kurtkama baxıb dedi: «Rahat siqaretini çəkəydin də… Nömrədəkilər yaman nazlana–nazlana  geyinirlər. Hələ xadimə də təmizləməlidir oraları…». Əgər kassir qadın olsa idi, iki dəqiqənin içində haray salacaqdı ki, «Sən kimsən? Burada növbə tutmamısan, zəhmət çək gözlə! Camaat növbə tutur, gözləyir, sən isə özünü irəli soxmaq istəyirsən! Hanı o növbə tutan kişi? Onun papağı-kurtkası niyə sənin əynindədir?» və sairə… Qardaş, yadında saxla, belə məqamlarda qadına rast gəlməsən yaxşıdır… Zalım uşağı o dəqiqə hər şeyi seçirlər və vay-şivən salırlar.

Nə isə, boş kresloda əyləşdim. Amma fikrim məni axtaranların yanında idi. Ürəyimdə Allaha yalvarırdım ki, mən nömrəyə girənə qədər buraya gəlməsinlər.

İçəri göz gəzdirdim: sağa və sola koridorlar uzanırdı. Zalın bir tərəfində isə kassa yerləşirdi. Elə bil ki, qədimi  qəzet kioskunu bir təhəri içəri soxuşdurmuşdular. Kioskun üzərində çox maraqlı  yazılar var idi: «Zibilləmə!», «Elektrik enerjisinə qənaət et!», «Siqaret çəkmək qəti qadağandır!», «Xidmətçinin zəhmətinə hörmət et!», «Özü ilə ev heyvanları gətirmək qadağandır!», «Nömrələrdə spirtli içkilər içmək olmaz!». Bu yazıların bəzilərini qəti başa düşmədim.

– Elə mən də.

– Onda qayıdaq mətləbə… Kassanın pəncərəsinin üstündə isə iri hərflərlə yazılmışdı: «İtən əşyalara müdiriyyət cavabdeh deyil!». Bir az aşağıda nisbətən kiçik hərflərlə başqa bir elan var idi: «…birgə yuyunmaları üçün nikah şəhadətnaməsi təqdim olunmalarıdır. MÜTLƏQ!». Əvvəlcə mənə çatmadı, sonra diqqətlə  baxanda gördüm ki, elanın əvvəlində qırmızı hərflərlə «Ər–arvadın»  sözü yazılıbmış, amma rəng solduğu üçün görsənmirmiş… Nə isə…  Üzbəüz əyləşmiş pensiyaçı dayılar beynəlxalq mövzulardan danışırdılar:

– Əşşi, Amerikada əməllicə demokratiyadır. Odur ey, təzə prezident qoydular, Obama, demokratiyanın xətrinə özünə ağ katibə götürdü… Çünki özü qaradır…

– Kimdir onun katibəsi?

– Hillari!!! Əri əvvəllər prezident olmuşdu, cüvəllağının biri idi, Klinton!!! Onun keçmiş arvadı!!!

– Bunun demokratiyaya nə dəxli var?

-Baaa!!!!! Birbaşa dəxli var!!! Əvvəlki prezident ağ idi, katibəsi qara!!! Adı da… adı da… Hə, tapdım – Rays!!!

– Prezidentin adı Rays idi?

-Yox, o qara qızın… Ona görə də  Obama demokratiya xatirinə özünə ağ katibə götürdü… Yəni biri ağ olanda, o birisi qara olsun deyə… Di gəl ki, bir məsələ var: o tərəflərdə ya prezident qoyulanda, ya çıxanda, arvadlarını boşayırlar!!! Məsələn, Sarkozi!!! Prezident qoyulan kimi arvadını göndərdi dədəsi evinə… Putin də boşamaq istəyirdə, camaat qoymadı…

– Bəs Sarkozini niyə qoydu?

– Ə, qəribə adamsan, Sarkozi Fransanın böyüyüdür, Putin Rusiyanın!!!

– Nə olsun ki?

– O olsun ki, Rusiyada camaat var, Fransada isə yoxdur…

– Bəs nə var?

– Fransız xalqı!!! Onun da çox vecinə deyil, kim kimi alır, kim kimi boşayır..

– Həəə….

Sağ koridordakı qapılardan biri açıldı, qıpqırmızı sifətli kök qadın və bir- birindən balaca beş uşaq buğlana-buğlana bayıra çıxdılar. Ayağa qalxıb nömrəyə tərəf getdim.

– Ey, qırmızıpapaq!!! Hamampulunu ödə!!! – Kassirin səsi gəldi.

– Al, al!!! Pulunu əvvəlcədən al! – Koridorun baş tərəfindən əlində süpürgə-xəkəndaz olan xidmətçi qadın görsəndi. – O dəfəki yadındadır? Çimib çıxandan sonra üzünə durdu ki, pulu veribdir…

Təsəvvürüm belə yox idi ki, hamampulu neçədir… Hər ehtimala qarşı bir əllilik çıxartdım. Kassir baxıb dedi:

– Pulunu göstərirsən? Xırdam yoxdur. İki manat ver, ya da get xırdala gətir.

Eşələyib cibimdən bir beşlik tapdım, şübhə yaratmamaq üçün qalığını alıb nömrəyə girdim.

Məni axtaranlardan hələ xəbər yox idi. Tez soyunub paltarlarımı asdım. Pencəyimi narıncı kurtka ilə birlikdə çıxardım, şalvarımı isə tərsinə çevirdim. Kişinin torbasını eşələyib yarı bölünmüş paltar sabunu götürdüm, suyu açıb duşun altına girdim. İlk növbədə başımı sabunladım.

Keçəl ağzıaçıq yaşlını dinləyirdi.

– Niyə? – Yaşlı ona baxıb dedi,- ona görə ki, mənim saçım həmişə pırpız olur,  islananda isə yatır. – Yaşlı həmsöhbətinin başına nəzər saldı. – Saç isə tanınmaq üçün əsas əlamətlərdən biridir. Nə isə, koridordan hay-haray gəlməyə başladı: «Buraya bir kişi girməyib ki?» . «Bura  o qədər kişi girib ki!» – Kassir cavab verdi. «Yox ey! İndilərdə hamama girməyiblər ki?». «Yox.» «Sonuncu nömrəyə kim girib? Hansı nömrəyə?» «Bir kişi girib, amma o qırx dəqiqə idi ki, növbə gözləyirdi». Kassirin səsi yaman mədəni gəlirdi, deyəsən gələnlərin görkəmi onu qorxutmuşdu. Hər ehtimala qarşı qapıya nəzər saldım. İlahi! Bayaq tələsik içəri girəndə fikir verməmişdim: qapının kilidi-cəftəsi yox idi, bir dənə əyri alüminium məftil çərçivədəki mismara ilişdirilirdi, vəssəlam! Başımı bir az da sabunladım. Tərslikdən paltar sabunu da köpüklənmək bilmirdi…

Əvvəlcə «Aç qapını!» komandası gəldi. Sonra məftil yerindən qopdu. İki nəfər kəlpeysər başını geyinib-soyunma otağına soxdu. Duşxanadan bağırdım: «Nömrə doludur!», ara qapısını azacıq aralayıb baxdım: «Nə istəyirsiniz! Növbə mənimdir də!»… Kəlpeysərlər başıma, kurtkama və asılqanın lap yuxarısına keçirdiyim lalə kimi qıpqırmızı PAPAĞIMA baxıb «O  deyil!» dedilər.

Qopmuş məftillə  qapını birtəhəri «bağladım» və nəfəsimi dərdim. İki dəqiqədən sonra sabun gözlərimi acışdırdı və duşun altına girdim.

– Sonra da əkildin, hə? – Keçəl soruşdu.

– Dəli-zadam? Əksinə, çimməyə davam etdim. Həmin dəqiqə çıxmağım ağılsızlıq olardı. O axtaranlar da belə tezliklə getmiş olmazdılar. Odur ki, yuyunmaqdan  başqa işim qalmamışdı.

İsti suyu artırdım, içəri buxar dolmağa başladı. Nisbətən rahatlandığım üçün ətrafa göz gəzdirdim. Qardaş, inanmazsan, kranların hərəsi bir cür idi, su qarışdırıcı əldəqayırma, duşun papağı tənəkədən düzəldilmişdi, özü də  deşikləri, deyəsən, kefli usta tərəfindən yüzlük mismarla açılmışdı, su şırnaqlarının hərəsi bir tərəfə gedirdi… Divara adamboyu ağ kafel vurulmuşdu, naxış yaratmaq üçün bəzilərini tərs üzünə yapışdırmışdılar. Tavan və divarın qalan hissəsi əsil tayqa idi.

– Nə? Tayqa?

– Hə, hə! Təəccüblənmə! Çünki mamır bitmişdi. Yamyaşıl! Tavan soyuq olduğundan su buxarları albalı boyda iri-iri damcılar yaradırdı, onlar da arabir başıma düşürdülər, olurdu kontrast duş! Suyun altındın çıxan kimi donurdum, tez qayıdırdım yerimə… Nə isə, o yarım paltar sabunu qurtaranadək çimdim. ELƏ LƏZZƏT VERDİ Kİ… Ispan kafelinə bürünmüş, cakkuzili, nikelli duş kabinələr olan vanna otaqlarında, əlli cür şampun-losyonla nənəm də çimər! Oğulsan, burada çim… Son iyirmi ildə belə ləzzət almamışdım…

– Heç təssəvvür belə etməzdim! – Keçəl peysərini qaşıdı.

– Qardaş, təsəvvür eləmək üçün o dəqiqələri YAŞAMAQ lazımdır.  Heç aradan bir ay keçməmiş, oranın sahibini tapdırdım. Aldım hamamı. İndi hərdənbir xarici qonaqlarımı oraya aparıram…. Kontrast üçün… Bilirsən, dəbdəbə, cah-cəlal görmüş adamı, daha böyük dəbdəbə ilə təəccübləndirmək çətin məsələdir… Onlara deyəndə ki, «sizi hamama aparacağam», nə isə qeyri-adi bir şey, super müasir bir hamam gözləyirlər, əvəzində mənim antikvariatımı görəndə həm təəccüblənirlər, həm də ləzzət verir… Üstəlik, aparıram ki, görsünlər biz sovetlər dövründə nə ləzzətlər görmüşük.. Hə, lap unutmuşdum, aradabir qırmızı papağımı qoyub özüm tək gedirəm. Kassir onda məni tanımır. Deyir ki, sifətimdə bir az da axmaqlıq ifadəsi olsa, lap onun təzə şefinə oxşayaram…

– Həqiqətən də, maraqlıdır… – Keçəl yenə peysərini qaşıdı…

– Yaxşı, yaxşı, utanma, dost deyilik?  Bir dəfə də səni apararam, – deyib yaşlı aram-aram pivəsinin qalanını içdi…

Fevral, 2010-cu il.

SON