– Nəriman bəy, son illər ədəbi dilimizin saflığı Azərbaycan cəmiyyətində ən çox müzakirə olunan məsələlərdəndir. Xüsusən, qloballaşma şəraitində Azərbaycan dilinin yad təsirlərdən qorunması istiqamətində görülən tədbirlər qeyri-qənaətbəxş sayıla bilər. Ədəbi dilə həssas bir insan kimi fikirləriniz maraqlıdır.
-Azərbaycan ədəbi dili azərbaycanlıların siyasi qazanclarından biridir. Çünki xalqı millətə çevirən amillərdən biri onun ədəbi dilidir. Bu mənada millət olmağın şərtlərindən biri təkcə o deyil ki, ədəbi ümumiyyətlə mövcud olsun, dar çərçivədə, yəni yalnız milli intektualların çevrəsində işlənsin. İşləkliyinin miqyası geniş olmalıdır. Dilimizin yad təsirlərdən qorunması məsələsinə gəlincə, məncə, buna qarşı ən etibarlı tədbir o olardı ki, insanlarımız yazılarında ədəbi dilin qaydalarından düzgün isitifadə etsinlər, danışıq dili vərdişlərini ədəbi dilin intonasiyası və qəliblərinə uyğunlaşdırsınlar, bunu təkcə qeydsiz-şərtsiz savadlılıq meyarı kimi yox, həm də vətəndaşlıq borcu olaraq qəbul etsinlər.
Yad təsirlərə qarşı ən yaxşı immunitet ədəbi dilin hörmətini uca tutmaqdır ki, zatən millət olmağın mədəni sferada bir yolu budursa, ilk növbədə elə bunun da qayğısına qalmaq lazımdır. Necə? Əlbəttə, ağla öncə o gəlir ki, ləhcə nitqləri, məişət danışıqları ictimai sferada, tv və radio kanallarında məhdudlaşdırılmalıdır. Dövlətimizin mədəniyyət siyasətində bu, xüsusi yer tutmalıdır.
-Yazılarımızın birində qeyd etmişdik ki, Sovet dövründə “Amfibiya adam” filmini çox vəsait aparmasın deyə İtaliyada yox, Bakıda çəkmək barədə qərar verilmişdi. Bakını xarici şəhərə bənzətmək məqsədilə obyekt və müəssisələrin adları xarici dildə yazılmışdı. Amma bu gün istənilən xarici filmi Bakıda çəkmək lazım gəlsə, bu məqsədlə pul xərcləməyə ehtiyac yoxdur. Əksinə, Bakıda Azərbaycan şəhərini əks etdirməli olan film çəkilərsə, o lövhələr yenilənməlidir. Acınacaqlı deyilmi?
-Əlbəttə, kifayət qədər acınacaqlıdır. Bakı bir yana, Bakıətrafı kəndlərdə obyektlərin üzərində ingiliscə yazılara rast gələndə düşünürəm, görəsən, bu tragikomik durum axı kimə və nəyə lazımdır. Axı, həmin ticarət obyektlərindən alış-veriş edənlərin əksəriyyəti üçün həmin o ingiliscə yazılar heç nə demir, obyekt sahibləri hansı ticari məntiqlə ucqarlarda belə işlətdikləri yeri camaata qeyri-məlum dildə tanıtmaq istəyirlər. Düşünürəm, bəlkə, öz aləmlərində planlar qururlar ki, üstündə əcnəbi dildə yazısı olan nimdaş obyektləri nə zamansa beynəlxalq brendə çevriləcək. Camaat öz yerində, sözün açığı, həmin obyekt sahiblərinin halına da acımaya bilmirsən.
– “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin Bakının mərkəzi prospekt və küçələrində apardığı monitorinq nəticəsində məlum olub ki, Rəsulzadə küçəsində yerləşən 42 ticarət, ictimai iaşə və digər xidmət obyektindən yalnız birinin üzərində obyektin adı və xidmət növü azərbaycanca yazılıb. O da şabalıd satılan kiçik bir köşk imiş. Elə digər mərkəzi küçələrdə də vəziyyət buna yaxındır. Paytaxtımızda Azərbaycan koloriti hiss edilmir. Bakının dil cəhətdən milli sifətinin olmamasını linqvistik ekspansiya hesab etmək olarmı?
– Sözsüz. Bunun başqa adı yoxdur. Bu linqvistik ekspansiyanı paytaxtımızdan başlayıblar, bölgələrə də daşımaq istəyirlər. Məsələnin siyasi aspektində isə milli müstəqilliyə ironik bir münasibətin sərgilənməsi var. Qarşısı hökmən alınmalıdır.
– FADMM-in təşəbbüsü ilə Azərbaycan ziyalılarının bir araya gəlməsi, BŞİH-ə, Milli Məclisin deputatlarına Bakı şəhərinin dil mənzərəsi, reklam və ticarət obyektlərinin adlarında Azərbaycan dilinin sıxışdırılması və “Dövlət dili haqqında” Qanuna əməl olunmaması barədə müraciətlər ictimaiyyət arasında geniş yayıldı. FADMM-in təşəbbüsü, hətta qardaş Türkiyədə də geniş rezonans dogurdu və prezident səviyyəsində tədbirlər plani hazırlandı. Bu, dövlətlərin artıq öz milli-mədəni özünüməxsusluğunu qoruması zərurətindən irəli gəlmirmi?
– Təşəbbüsçülərə min təşəkkür ki, dövlət strukturlarında gec də olsa müəyyən dərəcədə ümidverici tərpəniş yarada bildilər. Bunun Türkiyədə də prezident səviyyəsində diqqətə alınması yaxşı haldır. FADMM-ə eşq olsun.
– Ədəbi dilin ayrılmaz bir qolu da orfoepiya məsələsidir. Hələ 2018-ci ildə “Ədəbiyyat qəzeti”ndə gedən “Ədəbi dilimiz və dilçilərimizin konseptual yanlışı” adlı geniş məqalənizdə qeyd edirsiniz ki: “Azərbaycan ədəbi dili məhz yazı dili vasitəsilə elitar bir mədəniyyət ərazisinə çevrilib, burada xaos yaratmaq olmaz; Azərbaycan ədəbi dili məhz yazı dili vasitəsilə zaman-zaman gözəl bir tərzdə avazlanıb, bu avazı ləhcələrin, adi danışıq dilinin güdazına verib cırlaşdırmaq olmaz”. Bu baxımdan, bəzən sözün düzgün orfoepiyası adına veriləni oxuyanda məəttəl qalırsan ki, bu sözü niyə bu kökə salıblar. Sanki hər dilçi öz bölgəsinin danışığını orfoepiyaya gətirmək istəyir. Sizcə, mükəmməl orfoepiya lüğəti yaratmaq mümkündürmü? Qondarma orfoepiyanın orta məktəb dərsliklərinə salınmasına münasibətiniz?
-Ümumiyyətlə, orfoepiya məsələsində yaranan qüsurlar birbaşa dilçilərimizin suçudur. Araşdırmışam. Dialektologiya üzrə məşhurlarımızın hərəsi bir orfoepiya nümunəsini dilimizə sırıya biliblər. Biabırçı bir vəziyyət yaranıb. Təsəvvür edin, orfoepiya adı altında Azərbaycan dilli məktəblərdə övladlarımız bölgələrin ləhcə elementlərini, ümumilikdə isə məişət dilini Azərbaycan ədəbi dilində danışıq tərzinə aid normativlər kimi öyrənirlər. Dərsliklərdən orfoepiya adına nə varsa, çıxarılmalıdır. Çünki bizim dilçilər orfoepiyanın nə olduğunu, həqiqətən, ya bilmirlər, ya da bilərəkdən təhrif edirlər. Öyrənsinlər ədəbi dilin orfoepiyası necə olur – bunun sovet dövründə yaxşı nümunələri olub – sonra baxarıq. Orfoepiya şifahi danışıq dilinin ədəbi dildə artıq təmin edilmiş qaydalarını araşdırır və öyrədir. Ləhcələrdə və adi danışıq dilində yer almış qaydalarını yox! Orfoepik normalar onu əhatə edir ki, şifahi nitqdə ədəbi dilə uyğun gəlməyən tələffüzə, intonasiyaya, vurğuya yol verməyəsən, çünki belə yanlışlar mənanı anlamağa mane olur, dinləyəni bezdirir.
Sosial şəbəkədə dil problemləri ilə əlaqədar müzakirə açıb valideynlərə belə bir sual ünvanlamışdım: “İstərdinizmi ki, övladınız Azərbaycan dilində danışanda ‘teatr’ deməsin, ‘tiyatr desin, ‘müasir deməsin, ‘ma:sir desin? Müzakirələrdə bir daha ortaya çıxdı ki, valideynlər ana dili dərsliklərindəki eybəcər “orfoepiya” qaydalarından həqiqətən dad çəkirmişlər. Heç bilmədiyimiz qüsurlardan da agah olduq. Müzakirəyə qatılan bir müəllim iztirabla şikayət edir ki, məcburdur uşaqlara “qovmaq” feilinin tələffüzünü “qo:max” kimi öyrətsin. Bir valideyn isə dil müəllimi ilə mübahisə aparırmış ki, övladına “narlıq” sözünü “narrıx” kimi tələffüz etdirməsin. Başqa bir valideyn yazır: “2-ci sinifdə oxuyan qızım deyir “ana, niyə ‘qazlar’ı ‘qazdar, ‘narları’ ‘narrar’ kimi deməliyəm, axı ‘qazlar’, ‘narlar’ deyirəm, belə yaxşı səslənir”.
– Yazılarınızdan birində qeyd edirsiniz ki: “Xalqı millətə çevirən amillərdən biri, şəksiz, ədəbi dildir. Bu, təkcə mədəni dəyərimiz deyil, həm də millətimizin siyasi dəyəridir”. Bu baxımdan telekanalların dil vəziyyəti, ədəbi dil normalarına nə dərəcədə əməl etmələri ilə bağlı fikirlərinizi bilmək istərdik.
– Sözün açığı, tv kanallarında hərdən ədəbi dilimizdə, ədəbi dilin intonasiyasında gözəl danışan birisini görəndə sevinirəm. Lap əvvəllər bu sevincimə əsas yox idi, çünki tv-dən ləhcələrin səsləndirilməsi mümkün deyildi. İndi mümkündür, təşviq də edilir, əslində. Bəzən də eşidirsən, məşum dilçilərin normativə çevirdikləri qaydaları tv aparıcıları da yanlış olaraq təkrarlayırlar. Bədbinliyə qapılıb düşünürsən, görəsən, ədiblərimizin, ziyalılarımızın minbir zəhmətləri bahasına gəlişdirkiləri Azərbaycan ədəbi dilinin gözəllikləri, avazı tənəzzülə uğramış dil sivilizasiyasından xoş xatirə olaraqmı təkcə səs arxivlərindəki lentlərdə, kompüter yaddaşında qalacaq.
– Belə başa düşürəm ki, dil məsələsi bütün xalqın məsələsidir, ən əsası da, o, xalqın danışan dili hesab edilən söz adamlarının – yazıçı və şairlərin bir nömrəli məsələsi olmalıdır. Sanki əvvəlki nəsil yazıçılar, ziyalılar bu məsələdə çox həssas idilər. Bu gün vəziyyət necə? Yazıçı və dil məsələsinə münasibətiniz?
– Müasir ədəbi dilimizin yaradıcıları və yaşadanları sırasında ilk növbədə yazıçılarımız yada düşür. Çünki ədəbi dilimizi şəkilləndirən orfoqrafiya da ədiblərimizin, yazarlarımızın əsərlərində cilalanıb. Bu sahəyə zamanla sirayət ehtimallı hansısa dəyişikliklər yenə beləcə ədiblərin, yazarların əsərlərində təbii yolla cilalana-cilalana, doğmalaşa-doğmalaşa gerçəkləşə bilər. Dilçilərin imperativ qaydada dəyişikliklər gətirməyə sadəcə haqları çatmır, özü də söhbət o dilçilərdən gedir ki, adi danışıq dilində baş verənləri “orfoepiya” kimi təqdim etmişlər və bu konseptual yanlışı hələ də qəbul etmək gücündə deyillər. Ona görə dil məsələsində səlahiyyətli sözə daha çox yazıçılarımızın, söz adamlarının haqqı çatır. Dövlət siyasəti üstəgəl söz və yazı adamlarımızın fəallığı – bu tandemin işləkliyinə nail olmaq lazımdır. Gözləntilərimiz hər iki tərəfdəndir.