- Köşə

“Nəyə desən, and içim …”

 

Gülyaz ƏLİYEVA

Dilimiz təkcə isim, sifət, feil nəyə deyilir deyə öyrənilmir. O əfsanələrdə, nağıllarda, xalq deyimlərində, bədii əsərlərdə cilalanır, inkişaf edir, canlı varlıq kimi yaşayır və hər bir deyim, hər bir söz də özündə bir tarix yaşadır. Keçən dəfə bayatılardan ,mahnılardan danışmışdım. Bu dəfə andlardan danışmaq istəyirəm.

Andlar insan həyatının bir hissəsi, ona bilavasitə təsir edən sözlərdir. İnam olmayan yerdə insan, yaşaya bilməz, ölər! Mütləq ölər, cismən olmasa da, mənən ölər.

Mən andlara çox inanıram. Onlar da canlı bir dil vahididir. Onlar da özünə yaranma tarixini, şəraitni sığdırıb. Nəyə isə inanamaq çox gözəldur. İçdiyi and insanı rahatladır, ən azından sənə inanmayan olanda da sən özün o anda inandığın üçün rahatlıq tapırsan, vicdanın rahat olur.

Andlar bizim həyatımızın, məişətimizin bir hissəsidir. İnancımızdır. Bizlərdə içilən anda ciddi əməl olunub həmişə. Həkimə içdiyi anda görə bibim şəhid olan oğlunu qucaqladı, öpdü, öldüyünü bilə-bilə qışqırmadı, səsini də çıxarmadı. Həkimə and içmişdi ki, məni oğlumun yanına burax, onu son dəfə öpüm, and içirəm ki, səsimi çıxarmayacam! Səssiz-səmirsiz şəhid balasını qucaqladı öpdü və səsini içəridə boğdu, göz yaşlarını içəri axıtdı. İçdiyi andı poza bilərdi axı onda! Bu da bir tarixdir, gələcəkdə ədəbiyyata çevrilə biləcək bir tarix! Yaşadığımız acınacaqlı tarix…

Şifahi xalq ədəbiyyatında andlarla bağlı çoxlu nümunələr var. Çox sevirəm bu bayatını özü də Q. Rüstəmovun ifasında:

Əzizim, qəlbiləndi,
Ay doğdu, qəlbiləndi.
Nəyə desən, and içim,
Bu qəlb o qəlbiləndi…

Daha bundan artıq nə desin ki?! …

Dədə Qorquddan üzü bu yana and içmək və içdiyi anda sadiq qalmaq əcdadlarımızın adəti olub. Qazan xana kafirlər: “… bizi təriflə, and iç ki, bir də sizlə düşmənçilik etməyəcəyəm”, – deyə təklif edirlər. Qazan xan yalandan and içib, kafirlərdən canını asanlıqla qurtara bilmək fürsəti qazansa da, bunu etmir: “Vallah, billah doğru yolu görüncə əyri yola getmərəm”,- deyə and içir. “Əlinə düşmüşkən, kafir, öldür məni, kəs başımı, öz əslimə, öz kökümə xain çıxan deyiləm”, – deyir. “Əgər sağ qalsam, mən sizi öldürəcəyəm”.

Oğuzlar mərd idilər, mükəmməl əxlaqa malik idilər. Orada hər şey öz düzgün adı ilə adlandırılırdı və yalan danışmaq, yalandan and içmək pislənilirdi. Odur ki onlar: “Yalan söz bu dünyada olunca, olmasa yaxşıdır”,- deyirdilər. İslamda da andlara inanılıb və Quranda bu barədə ayələr var. İçilən anda inanmaq lazım. Daha bir mahnıda deyiliyi kimi:

“Vədə verdik, biz and içdik əhdimizə dönə-dönə,
Ancaq yenə inanmadıq, nə sən mənə, nə mən sənə…”
olmasın. Anda inanmayan , şübhə ilə yanaşanları mən ürəksiz cinlərə bənzədirəm. Nağıllardakı cinlərə…

Qarabağ bölgəsində andlar

Qarabağda müxtəlif andlar var idi. Elələri var idi ki, İslamdan çox öncələrə – Hörmüzə, Əhrimənə qədər gedib çıxırdı. Nənəm: “İşıq haqqı, bu isti zindan haqqı, bu suyun mələkləri haqqı” deyirdi and içəndə. Atəşpərəstlikdən gələn İşığa, oda sitayiş əlamətləri andlar vasitəsilə dilimizdə qorunub saxlanılıb hələ də. Yaşlı qonşularımız vardı. Dini andlar içırdilər, amma ona da özlərinə məxsus epitetlər əlavə etməklə. “Uzun qollu Həzrət Abbas haqqı və ya Ala gözlü Həzrət Abbas haqqı, Allahın qızıllı Quranı haqqı, Allah haqqı, Qoşa minarə haqqı, Mecid haqqı” deyə andlar içirdilər.

Biz ən çox “çörək haqqı” deyirdik. Onu da nənəmdən eşitmişdik. Nənəm çörək müqəddəsdir deyirdi. Qurandan öncə gəlib, yerdə çörək görsəniz, öpüb gözünüzün üstünə qoyun ki, Allah qəhətə çəkməsin, – deyirdi. Biz buna çox inanırdıq. Özümdən asılı deyil, harda çörək görsəm, indi də götürüb, öpüb gözüm üstə qoyuram – vərdiş. Uşaqlıqda inandıqlarını böyüdükdən sonra heç kəs sənin başından çıxara bilməz. “Uşaqlıqda qazanılan daş üzərinə, böyüyəndə qazandığın qum üzərinə yazılan yazıya bənzər”, deyirlər. Ona görə müdriklərimiz tərəfindən tərbiyəni lap uşaqlıqdan vermək tövsiyə olunub həmişə.

Anam çox and içən deyildi. Qəribədir ki, bizdə ən son hədd, andların ən pik nöqtısi ölmüş valideynin ruhuna içilən and olub həmişə. Atam ata-anasını çox cavankən itirdiyindən bizim evdə ata-ana adı çəkilməzdi heç vaxt, şəkillərini də anam sandığa qoyub, gizləmişdi. Atam dayana bilmirdi onların şəklini görəndə.

Həmçinin analar üçün çox müqəddəs, ən son həddə içdikləri bir and da var ki, o da uşaqlarının canına içilən anddlr. Bu and bölgəsindən, ərazisindən, ölkəsindən, irqindən asılı olmayaraq bütün müqəddəs anaların müqəddəs andıdır. Bu andı içən ana öz uşaqlarının canını Allah qarşısında girov qoymuş olur ki, heç bir ana bu andı yalandan içə bilməz!

And içərkən insanın gözləri onun yalandan və ürəkdən and içdiyini tam mənası ilə ortaya qoyur. Bir dəfə dərs dediyim sinifdə bir qız uşağı – gözünü açıb ata əvəzinə şəkil görən bir şəhid qızı and içərkən: “Şəkil atamın canı üçün!”- deyə and içdi. Heç qulaqlarımdan getmir bu and! And içərkən bu qızın gözlərindən iki gilə yaş dığırlanıb yerə düşdü ki, bu da mənim üçün sanki bu andın doğruluğuna Alĺahın vurduğu möhür oldu .

Allah heç kəsi əlacsız qalıb and içmək məcburiyyətində buraxmasın!

Çətinə düşəndə Qazan xan kimi öz-özümə:

“Vallah, billah, doğru yolu görüncə əyri yola getmərəm, …öldür məni, kəs başımı, öz əslimə, öz kökümə, xain çıxmaram. Yalan söz bu dünyada olunca, olmasa yaxşıdır”, – deyirəm mən də!

Həə… Bu da beləcə bir nağılın sonu…