- Köşə

Nəysə…

Gülyaz ƏLİYEVA

Bu “nəysə” ki var, çoxunun ondan xoşu gəlmir. Sözün düzü, elə mənim də. Çünki bu “nəysə”nin arxasında çox zaman çox mətləblər gizlədilir. Bəzən insanlar bilib də, hansısa səbəbdən demək istəmədikləri məsələlərin üstündən bu bir kəlmə “nəysə” ilə ötüb keçirlər. Mənə xoş gəlməməsinin səbəblərindən biri də bu “nəysə” ilə bağlı  bir uşaqlıq  xatirəmin olmasıdır…

Kiçik idim. Adətən, zəif və cılız uşaq olduğumdan bayıra buraxmırdılar.  Bayıra çıxan kimi o saat xəstələnər, günlərlə öskürərdim. Çox vaxt pəncərə qarşısında oturub bayıra həsrətlə baxardım. Çöldə qonşumuzun uşalarının yağışda-qarda ayağıyalın-başıaçıq, palçığın içində oynamaqlarına baxmayaraq xəstələnməmələrinə təəccüblənərdim. Günəşin altında dəriləri mis kimi qaralıb parıldayan bu uşaqların nə vaxt yatıb, nə vaxt durduqları  mənim üçün qaranlıq idi. Nənəm deyərdi ki, onlar ağacda yatırlar. Mən də inanardım. Çünki öz aləmimdə nə qədər tez dursam da, onları həyətdə oynayan, bir-biri ilə  dalaşan, iş görən, su daşıyan, yıxılıb-duran görərdim, nə qədər gec yatsam da, yenə onların yerimin içindən  həyətdən  gələn səs-küylərin eşidərdim.  Əsl “xalxın uşaqları” idilər. Mənsə bir o qədər qorunmama rəğmən, çox zaman soyuqlayaraq, gecəni səhərədək öskürərdim. Nənəm deyirdi, elə bil dibçək gülü, parnik bitkisidir. Gün də ziyan edir, soyuq da, külək də. Qış olanda məktəbə getməzdim. Mənə soyuq olar deyə evdən qoymazdılar. Öskürməyim deyə hər gecə yanıma  aşsüzənlə bir qızıləhmədi alma yuyub qoyardılar ki, yeyim, öskürməyim. Almalar, həqiqətən, öskürəyimin qarşısın alardı… nəysə… sözü çox uzatmayım.

Bizim evimiz ikimərtəbəli olduğundan pəncərəsindən qonşunun həyəti ovuc içi kimi görünürdü. Mən də çox vaxt pəncərə önündə oturduğumdan onların həyətlərin aydınca görürdüm. Anam gündə 3 dəfə bizim toyuq-cücəyə dən səpərdi. Dən səpərdi və işinin dalınca gedərdi. Qonşu qadın –  Məhluqə xala isə toyuq-cücəyə dən verəndə əlinə uzun bir qarğı alıb yanlarında dayanar, qonşulardan keçmiş toyuq-cücənin onun tökdüyü dəni yeməsin deyə əlindəki uzun  qarğı ilə onları vurub-qovardı. Halbuki onların toyuq-cücələri elə qonşuların səpdiyi dənlə böyüyərdi. Gündə yalnız bir dəfə toyuq-cücəsinə dən tökər, onda da sərhəd qaravulçusu kimi dik dayanıb, toyuq-cücəyə nəzarət edərdi. Bir dəfə bizim qazın başına necə vurdusa, qazın boynu əyildi, qaz yerində fırfıra kimi fırlanıb qaldı. O gündən boynu eləcə düz yuxarı burulmuş qaldı. Anam təəccübləndi ki, bu qaza nə oldu, görəsən? Qaz nə yeyə, nə içə bildi. Eləcə yerində fırlana-fırlana düz yuxarı baxa-vaxa bir gün canın tapşırdı. Mən bu barəcə heç kəsə bir söz demədim. Amma gecələr yerimə girəndə Məhluqə xalanın uzun qarğısı və yerində fırlanan o qaz yuxumdan çıxmırdı…

Bir dəfə yenə Məhluqə xala öz toyuq-cücələrinə dən verərkən birdən onların arasında bizim toyuğumuzu gördü. Mən də pəncərədən baxırdım. Qarğı ilə toyuğun başına vurarkən qarğı öz həyətinin xoruzunun başına dəydi və xoruz bu il ölmüsən, bildir ölmüsən, şappıltı ilə yerə sərildi…

Axşam uşaqlar analarına toyuq-cücədən ikisinin və xoruzun olmadığın söyləyəndə qadın: “hə, bilirəm, – dedi, ikisi xəstələnib ölüb, xoruz da…” nəysə”…, – deyə cavab verdi.

Uşaqlar: “İkisi ölüb, bəs bu xoruza nə oldu?”- deyə soruşduqda, – xoruz da nəysə …,- deyə yenə dodaqaltı mızıldandı…

Həəə…o zamandan mənim bu “nəysə”dən heç gözüm su içmir, ağlım bir şey kəsmir..

Nəysə…