Sentyabrın 3-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Lerik rayonunda pandemiya qaydalarını gözləməklə “Narkomanlığa qarşı mübarizədə dini və milli-mənəvi dəyərlərin rolu” mövzusunda seminar keçirilib.
Seminarda DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Səyyad Babakişiyev, Lerik Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Araz Quliyev, Rayon Polis Şöbəsinin əməkdaşı, polis kapitanı Amil Kərimov, ictimaiyyət nümayəndələri, gənclər, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlar zamanı Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-ci illər üçün Dövlət Proqramı” haqqında məlumat verilərək bu baxımdan maarifləndirmə işlərinin əhəmiyyəti qeyd edilib. Gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunmasının zəruriliyi vurğulanaraq onların milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə edilməsinin vacibliyi diqqətə çatdırılıb.