Cəmiyyətdən kənar yaşamaq, təcrid olunmaq mümkün deyil. İstər-istəməz informasiya almaq və paylaşmaq, ölkə içində və xaricdə baş verən hadisələrdən xəbərdar olmaq üçün vacib ünsiyyət vasitələrindən biri kimi radio və televiziyaya ehtiyac duyuruq. Lakin bu məkanlarda ruhumuzu nəinki qidalandıra bilmirik, hətta zəhərlənməsinə səbəb oluruq. Sözsüz ki, bu zaman digər vasitələrə – xəbər saytlarına üz tutmaq məcburiyyətində qalırıq. “Məcburiyyət” sözünü ona görə işlədirəm ki, orada da gözəl bir mənzərə ilə rastlaşacağımıza əmin ola bilmirik. Bu gün də həmişəki kimi… Elə ilk məqalədən Yer kürəsinin tərsinə fırlandığını hiss etdim. Bir məqalədə salamat – yəni Azərbaycan dilinin leksik, morfoloji, sintaktik qaydaladına uyğun cümlə və məna tapmadım.
Tribunainfo.az yazır: “Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edə bilər”. Başlıq diqqətimi çəkdi. Lakin elə ilk cümlədə dolaşdım:
“Aparılmış geniş tədqiqat göstərib ki, dünyada yalnız bir ölkə – öz vətəndaşlarını bütün ərzaq məhsulları ilə, yalnız daxili istehsala əsaslanaraq təmin etmək imkanlarına sahibdir”. – cümləsində “geniş tədqiqat”dırsa, onda cəm şəkilçisi ilə olmalıdır, çünki söhbət “məhsullar”dan gedir. “Yalnız” sözünün təkrarlanması uyğun deyil. “Bir ölkə”dən sonra defis qoyulub. Gəlin, məsələyə dərindən baxaq. Defis durğu işarəsidir, özünəməxsus funksiyası var. Bu cümlədə əlavədən əvvəl qoyulduğu anlaşılır. Bəs əlavə özü hanı? Axı cümlə zorla əlavə komponent tələb edir. “İlə” qoşmasından sonra niyə vergül qoyulub? Bunların heç biri düzgün deyil!
“Əvvəlki tədqiqatlardan fərqli olaraq, bu araşdırma gündəlik gündəlik kalori ehtiyacını deyil, həm də kənd yeddi əsas qida qrupunun öz hissəsini daimi və dayanıqlı şəkildə təmin etməsini qiymətləndirib. Bu ərzaq qrupları daxildir:
Qayana bu məhsul qruplarının hər birində daxili tələbatını yalnız öz istehsalını həyata keçirə bilən yalnız ölkədir. Çin və Vyetnam bu qruplardan altısında çox ərzaq təmin edə bilirlər”. – Bu cümlələrdən heç fələk də baş aça bilməz. Niyə? Çünki “gündəlik kalori ehtiyacı” nə məna verir? Yəni hər gün? Üstəlik “gündəlik” sözü iki dəfə dalbadal təkrar gedib. “Kənd yeddi əsas qida qrupunun öz hissəsini daimi və dayanıqlı şəkildə təmin etməsini qiymətləndirib”. – Burada məna anlaşılmır, fikir təhrif olunub, sözlər cümlələrdə uyğunsuz şəkildə işlədilib.
Yenə durğu işarəsi (:), lakin davamı yoxdur!
“Qayana bu məhsul qruplarının hər birində daxili tələbatını yalnız öz istehsalını həyata keçirə bilən yalnız ölkədir.” – Bu cümləni təhlil edin, görək “daxili tələbatını yalnız öz istehsalını həyata keçirə bilən yalnız ölkədir.” nə məna verir, oxucu buradan nəyi anlamalıdır, xüsusilə də təsirlik halda olan sözlərdən və iki “yalnız”dan?
“Yeddi ərzaq məhsullarından yalnız beşində özünü təmin edə bilən cəmi bir ölkə var.” – “beşində özünü təmin edən ölkə”, yoxsa beşi ilə özünü təmin edən?
“Dünya üzərindən üçdə biri yalnız bir və ya iki ərzaq mağazasına qədər daxili istehsala sahibdir.” – “dünya üzərindən”, yoxsa dünya ölkələrindən?
“Bu ərazidə 25-i Afrikada, 10-u olmaqla Karib hövzəsində yerləşir”. – bu cümlədəki səhvləri çıxarda bilmədim, çünki düz heç nə yoxdur!
“Bir çoxları üçün bu cür, gözlənilməz ola bilər, belə ki, bu ölkə dünyanın aparıcı güclərinə daxil ola bilər və onlar xarici ticarətdən əldə edirlər”. – birinci vergül artıqdır. Bəs “hansı ölkə?”, “ola bilər” və “əldə edirlər” – qeyri-qəti gələcək zamanla indiki zaman bir fikirdə necə inikas edir? Xarici ticarətdən nə əldə edir, kim əldə edir? – bunların heç biri aydın deyil.
“Okeaniya üzərində də süd məhsulları müşahidə olunur.” – Məgər süd məhsulları ölkənin üstündə dolanır?
“Avropada bu problem demek olar ki, yoxdur. Dünyadakı mövcud yalnız 25%-i özünü dəniz məhsulları ilə tam təmin edə bilir.” – “ə” əvəzinə “e” yazıb sözü bərbad etmənizi kənara qoyuruq. Bəs “yoxdur” sözündən sonrakı cümləni necə başa düşək? Özünü təmin edə bilən o “mövcud” nədir?
“Altı ölkə — ərazi, BƏƏ, İraq, Makao, Qətər və Yəmən — yeddi məhsul qrupunun heç birində özünü təmin edə bilmir”. – “ərazi” də ölkə adıdır? Bu beş ölkə adından sonra defis hansı funksiyanı daşıyır? Yenə “yeddi məhsul qrupunun heç birində”, yoxsa heç biri ilə? Axı ölkə məhsulda özünü necə təmin edər?
“(Çünki məhsul bir məhsul növü üzrə yalnız bir ticarəti ilə əməkdaşlıq edilir) və bu, pandemiya və ya siyasi münaqişələr kimi qlobal perspektivlər zamanı ərzaq təhlükəsizliyini riskə atır”. – cümlənin mötərizədə göstərdiyim hissəsinə diqqət edək: “məhsul bir məhsul növü” nə deməkdir? Bəs “yalnız bir ticarəti” nədir? Nəhayət, kim tərəfindən əməkdalıq edilir?
Bütün bunlar oxucunun savadına, səviyyəsinə, mədəni oxu qabiliyyətinə etinasızlıqdır. İstənilən saytda bu cür yazılara rast gəlmək mümkündür. Vəziyyət o həddə çatıb ki, təsadüfən düzgün yazılmış cümlə görəndə sevincimizin həddi-hüdudu olmur.
P.S. Araşdırma zamanı heç bir cümlə kontekstdən çıxarılmayıb. Abzaslar bütövlükdə təhlil edilib. Şəffaflıq üçün xəbər linkini aşağıda qeyd eidrəm:
https://tribunainfo.az/dunyada-yalniz-bir-olke-ozunu-erzaqla-tam-temin-ede-biler/
Sima CƏFƏROVA,
FADMM-in baş məsləhətcisi.