- Ədəbiyyat

Natəvan Bağırova. Qubalı mollanəsrəddinçi Məmmədağa Misirxanov

Azərbaycan xalqının ictimai-mədəni tərəqqisində əhəmiyyətli yer tutan “ Molla Nəsrəddin” jurnalı bizi deyib gəlmişdi. Bizi deyib gəlmişdi ki, oxuyaq, savadlanaq,  ana dilimizi sevək,  millətimizin dərd-sərinə biganə qalmayaq. Milli-mənəvi dəyərlərimizə sahib çıxaq, özümüz olaq, özgələşməyək. Mətbuatın qarşısına qoyduğu milli özünüdərk  amalının regionlarda da təbliğ-təşviq edənlər az deyildi. Türkün ana dilində aydın danışan mollanəsrəddinçi ziyalılardan biri də Quba şəhərində yaşayan Məğmum Molla təxəllüslü Məmmədağa Misirxanov idi.       
Bakı Qızlar məktəbinin müəllimi, Şərqin ilk dramaturq qadını adlandırılan Səkinə xanım Axundzadənin qız nəvəsi ( qızı Hökuməxanımın oğlu) Məmmədağa Misirxanov 1909-cu ildə  Bakı quberniyasının tərkibindəki Quba qəzasında ( indiki Quba şəhərində) Məşədi Abdulhüseynin ailəsində anadan olmuşdur. İlk təhsilini Qubada mollaxanada alan M.Misirxanov ibtidai təhsilini  Bakıdakı  rus- tatar məktəbində davam etdirmişdir. Bakı Dövlət Universitetinin Şərq fakültəsinə daxil olan müdavimi  kulak adı ilə ordan xaric ediblər. Sonra  ali təhsilini Gürcüstanda alıb. Nənəsi  Səkinəxanım Axundzadə haqqındakı məlumatları düzəlişlə  ensiklopediyaya məhz o təqdim edib. Ədəbiyyatşünas Qulam Məmmədli

“İmzalar”  monoqrafiyasında (Azərbaycan Dövlət Nəşriyyatı. Bakı-1977, səh.77) Məmmədağa Misirxanovun adını çəkib.

Məmmədağa Misirxanov Abbasqulu ağa Bakıxanovun Qubada təşkil etdiyi

“Gülüstan” ədəbi məclisinin üzvü Mirzə Heybət Fədanın nəticəsidir.

Şair 1990-cı ildə Quba şəhərində vəfat edib.

Sizə şairin “ Molla Nəsrəddin “ jurnalının  1926-cı il  10-cu nömrəsində (səh.6) Məğmum Molla (kədərli molla) imzası ilə nəşr etdirdiyi  satirik şeirini təqdim edirəm.

A molla!

Düşdüm necə bən dəhrdə bu halə, a molla!
Vermir salam heç fələ də saqqalə, a molla!

Dün, çün ramazan gəldigini xəlqə bəşarət
Verdim, o dəm  eyləyərək çoxlu nəsihət
Ol fələ ki hər vəqt ediyordu buna hörmət
Bənzətdi o bidin bəni çaqqalə, a molla!
Düşdüm necə bən dəhrdə bəd halə, a molla!

Səd heyf! O zamanlar ki gözəl qaidə vardı
Mahi ramazan ilə məhərrəm buna yardı
Hər kimsə buna hər nə desəydi inanardı
Hazırda isə bən edirəm nalə a molla!
Vermir salam heç fələ də saqqalə, a molla!

Bilməm nəyə əks eylədi dövran bu yaşımda
Oldum bən əcəb didəsi giryan bu yaşımda
Həp hiylələrim oldu nümayan bu yaşımda
Yoq tabü təvan gönlüm olub lalə, a molla!
Düşdüm necə bən dəhrdə bəd halə, a molla!

Mahi ramazan gəldiginə şad idi gönlüm
Xalqın malını soymağa ustad idi gönlüm
Asudə yeyib yatmağa mötad idi gönlüm
Döndərmiş idim məxluqı həmmalə a molla!
Vermir salam heç fələ də saqqalə, a molla!