Yanvarın 25-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında görkəmli türk şairi, dramaturq, ictimai xadim Nazim Hikmətin 120 illiyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Yazıçılar Birliyi və “Luç” Ədəbi-Yaradıcılıq Birliyi tərəfindən təşkil olunub.
Tədbirdə çıxış edən Nazim Hikmətin həyat və yaradıcılıq irsinin tədqiqatçı və təbliğatçılarından olan “Luç” ədəbi birliyinin sədri, professor Tofiq Məlikli, professor Vaqif Sultanlı, “Azərbaycan” jurnalının Baş redaktoru İntiqam Qasımzadə və başqaları ХХ əsrin görkəmli şairlərindən biri Nazim Hikmətin yaradıcılığının dünya əhəmiyyətli olduğunu qeyd ediblər.
Vurğulanıb ki, o dövrdə Qərbdə Nazim Hikməti inqilabçı şair, əsl kommunist hesab edirdilər və zəmanəmizin prizmasından baxanda, onu gənc yaşlarından sufizm ideyaları ilə ruhlanan, marksist ideologiyasını dəstəkləyən, faşizmi pisləyən romantik sosialist utopist adlandırmaq olar. Əqidəsinə görə şair dəfələrlə vətənində – Türkiyədə həbs olunub, ümumilikdə 17 ilini dəmir barmaqlıqlar arxasında keçirib.
Əsasən sərbəst şeir, verlibr formasından istifadə edən şair öz fikrini hər zaman açıq ifadə edirdi. SSRİ-yə köçərək, o, sovet rəhbərlərinin qəzəbinə səbəb olaraq, İ.Stalinin şəxsiyyətinə pərəstiş, sosialist sistemindəki digər uyğunsuzluqlar barədə mənfi fikir söyləyib.
Qeyd olunub ki, N.Hikmət Azərbaycanı sevirdi və Rəsul Rza, Səməd Vurğun, Süleyman Rüstəm kimi görkəmli Azərbaycan şairləri ilə dostluq edirdi. 70-ci illərdə Bakıda Nazim Hikmətin əsərlərinin yer aldığı türk şeir antologiyası işıq üzü görüb.
Çıxışlarda vurğulanıb ki, Nazim Hikmət 1902-ci ildə Salonikidə (Yunanıstan) aristokrat ailəsində anadan olub. O, Moskvada Novodeviçi qəbiristanlığında dəfn olunub.
Onun əsərlərinin motivləri əsasında 1960-cı ildə bəstəkar Arif Məlikov “Məhəbbət əfsanəsi” baletini yaradıb. Sovet İttifaqında şairin bir sıra əsərləri ekranlaşdırılıb.