Yatmışdım. Otağımın qapı-pəncərəsi açıq qalmışdı. Xəzriylə Gilavarın səsinə oyandım, ancaq söhbətləri elə maraqlı idi ki, özümü yuxululuğa vurub onları dinləməyə başladım.
– Hardan gəlirsən? İstidən yanaqların allanıb.
– Hə, yaman istidi. Sən soyuqdan göyərmisən. Nə var, nə yox şimalda?
– Barıt, qan qoxusu var. Şimaldakılar heç cür sakitləşə bilmir. Hər dəfə ordan gələndə məndə də dağıdıb-tökmək həvəsi yaranır. Buralara alışana qədər bir az əsib-coşuram, sonra insanların sakitliyi məni də sakitləşdirir.
– Mən elə bir yerdən gəlirəm ki, orda hər şeyi altdan-altdan edib, pambıqla baş kəsirlər. Ordan gələndə elə sakit, xəlvət gəlirəm ki, üzümü görən olmasın. Xəcalət çəkirəm orda qurulan gizli, hiyləgər tələlərdən, planlardan.
– Sənin bir günahın yoxdu ki…
– Günahım yoxdu, amma xəbərim var. Doğmalarıma çatdıra bilmirəm deyə, vurnuxa vurnuxa qalıram. Buralarda neynirsən?
– Vaxtında budanmayan ağacları sındırıb altındakının başına salıram, təmirsiz daxmaların damlarını uçurduram, başdansovdu qoyulmuş reklam şitlərini yerindən oynadıram, insanların çətirlərini tərs çevirirəm, bağlanmamış pəncərələri vurub çilikləyirəm. Bəs sən?
– Gəldiyin yerin xasiyyətini götürmüsən – özündən zəiflərə gücün çatır. Yetənə yetir, yetmədiyinə daş atırsan. Mən bir az ora-bura qaçıram, bahar gəlib axı, ağacların çiçəklərini yoluşdururam, qızların saçını yoluram, şəhid məzarları üzərində bayraqları dalğalandırıram, ağlayan anaların, gəlinlərin dəsmalını əlindən almağa çalışıram. Amma onlar yaman yapışırlar, vermirlər – doğmalarından qalan yadigar bircə göz yaşlarıdı, onu da o dəsmalın arasına yığırlar.
– Əs keç, niyə bu qədər həssas olmusan? O gün qayğıya möhtac bir qazi gördüm. Hamının yadından çıxıb, az qalır yazıq dəli olsun ağrıdan… Bütün gecə oturub məni dinləyir, mən pəncərələri döyəndə o da diksinir, elə bilir atəş səsidi. Düşündüm ki, hamı onu unudubsa, mən niyə qalım burda?! Bir az əyləndim, sonra əsib keçdim.
– Sən buraların bəzi məmurlarına bənzəyirsən – ancaq öz kefindəsən, öz marağından o tərəfi görmürsən, dırnağın tutmayan yerdə dayanmırsan. O qazi Vətən üçün o hala düşüb. O gün bir neçəsi müalicədən qayıdırdı, elə xoşbəxt idilər ki. Mən də onlara baxıb xoşbəxt oldum, şəkil çəkdirəndə qazinin tellərini qatdım-qarışdırdım ki, şəkildə mən də düşüm…
– Sən romantiksən, elə ona görə mahnıları sənə qoşurlar, mənə yox. İnsanların düzəltmədiyini, düzəltmək istəmədiyini mən düzəldəsi deyiləm ki?! Mən də onlara qoşulub dağıdıram.
– Bura sənin də Vətənindi. Hamı elə deyil. Ürəyi yananlar olmasa, o boyda torpaq geri alınmazdı.
– Bilirəm Vətənimdi. Mən imtina etmirəm ki? Ancaq hərdən düşünürəm ki, bura qəribə məkandı, ziddiyyətlərlə doludu. Bəlkə elə buna görə burda sən də varsan, mən də. Buralarda hər şeyin pik nöqtəsi yaşanır, hər şey həddindən artıqdı. Ən istedadlı və ən bivec, ən həssas və ən laqeyd, ən humanist və ən qəddar, ən xeyirxah və ən acgöz. Hansını deyim?
– Hə, haqlısan. Ona görə bu torpağı ya sevmək olur, ya nifrət eləmək. Orta həddi tutmaq olmur. Ya sən əsirsən, ya mən…
– Buraları həm də ona görə sevirəm ki, mənə oxşayırlar, əsib keçirlər hər şeyin üstündən. Laqeydlik aşıb daşır, hamı düşünür ki, problemi mən götürüb qaçacam, ona bir şey qalmayacaq. Ay apardım aaa. Daha da üstünə əlavə edirəm. Bir vaxtlar Şimaldakı qardaşa oxşamaq istəyirdilər, onun dilində danışırdılar, sonra keçdilər o yandan gələnlərə. İndi küçələrdən keçdikcə, lap çaş-baş qalıram – doğma torpağımdayam, yoxsa hardasa başqa yerdə.
– Sən ancaq nöqsan axtarırsan deyə, onları da görürsən. O qədər milli ruhlu məkanlar var ki. Hətta mənim də adımı veriblər 1-2 yerə – Giləvar. Sən stəkanın boş tərəfini görürsən…
– Mənim üçün fərq eləmir, mən elə yarımçıq stəkanda da tufan qopara bilirəm… Bəzən kökündən dağıtdıqları ənənələrinə baxanda mən də həvəsə düşürəm, qoca bir çinarı kökündən çıxarıb qoyuram böyrüstə. Sevgilisinə xəyanət edən birini görəndə, mən də təqaüdçünün əlindən pullarını alıb qaçıram, aldadılan xəstələri görəndə mən də o təmirsiz xəstəxananın dəlmə-deşiyindən, sınıq pəncərələrindən keçib çaqqal kimi ulayıram, heç cür ev növbəsi çatmayan bir yazığın damını başına uçurtmaq üçün bütün varlığım çoşur…
– Bəsdi, bəsdi. Səni dinləyən elə bilər ki, ancaq şərsən. Elə deyilsən, axı. Sən olan problemi daha da böyüdürsən ki, həll olunsun.
– Təbii ki, şər deyiləm. Mən bu yerləri çox sevirəm, ona görə də bu cənnət məkana yaraşmayan hərəkət görəndə, içimdən qəzəb püskürür…
– Əsəbiləşmə. Bu yerlərdə sevgi də var, sevənlər də, qəhrəman da var, fədai də, xeyirxah da var, nəinki malını, canını da milləti üçün xərcləyən də…
– Mən görmürəm…
Xəzri hirslə güzgünün qabağındakı şamdanı saldı yerə. Buraları tamam dağıtmamış tez qalxıb qapı pəncərəni bağladım. Söhbət kəsildi, amma mənim beynimdə hələ də mübahisə davam edirdi… Haqlı tərəf hansı idi?!