- Köşə

Niyə alman deyilik? (Almaniya qeydləri – 3)

İbrahim NƏBİOĞLU

I yazını bu linkdən oxuya bilərsiniz: https://kamilinfo.net/?p=794

Iyazını bu linkdən oxuya bilərsiniz: https://kamilinfo.net/?p=811

Öncəki gün piyada iyirmi yeddi km yol getmişdik. Buna baxmayaraq yenə də adətim üzrə sabah altı olan kimi oyandım. Cəmi beş saat yatmışam. Ancaq Alp dağlarının bol oksigeni sayəsində yataqdan tam dincəlmiş qalxdım. Şənbə günü olduğundan səhər yeməyinə hələ üç saat vardı. Günəşli bir Bavariya sabahı bizi açıq havaya səsləyirdi. Oteldən çıxıb Forggensee gölünə doğru yürüyüşə çıxdıq…

Zirvələri qarla örtülü Alpların ətəyində yerləşən Füssen qədim romalıların ticarət yolu üzərində salınıb, 2 min yaşı var. Səliqəsi, təmizliyi və huzuru ilə tipik bir alman şəhəridir. Fərdi evlər bir və ikimərtəbəlidirlər. Xarici görünüşləri o qədər sadə və göstərişsizdirlər ki, heç elə bil ən zəngin ölkələrdən birinin ən zəngin əyalətində deyilsən. Evlər və həyətyanı sahələr hasara alınmayıb, istədiyin həyətə rahatca girmək mümkündür. Bu zəhmətkeş və intizamlı insanların təvazökar həyat tərzi, həyət-bacalarındakı ifrata varan ideal təmizlik və səliqə məni Almaniyaya 30 il əvvəl – ilk gəldiyim vaxtlardakı kimi yenə heyrətə gətirir.

Bir tin keçmişdik ki, gözəl bir qoxu gəlir burnumuza. Səhər qəhvəaltısını erkən yeməyə alışmış bəndənizin halı bu bihuşedici qoxudan pərişan olur. Həyət evlərindən birinin önündə orta yaşlı ər-arvad qəzet köşkü böyüklükdə təkərli bir bufetdə öz istehsalları olan müxtəlif çörək və bulkalar, kolbasa və sosislər satırlar. Müştərilər qonşu evlərin sakinləridir, hamı bir-birinə adı ilə müraciət edir, salam verib xoş həftəsonu arzulayırlar. Yoldaşım növbəyə durub pretzel və alman kömbəsi alır. Qonşular bir-birilə nəzakət və kübarlıq yarışına giriblər sanki. Əlimdə pretzel donub qalmışam, qibtə etməmək olmur.

Gölün kənarındakı idman şəhərciyinə varırıq. Havanın təmizliyindən ciyərlərimiz bayram edir, təbiətin yamyaşıl çalarları insana qəribə bir nəşə verir, ruhumuz dincəlir. Beynimsə sürəkli məşğuldur, “Niyə biz də onlar kimi deyilik” deyə düşünürəm. “Ordnung”dan danışmaq istəyirdim ki, Almaniyanı məndən daha yaxşı tanıyan həyat yoldaşım sual verir: “Şvabiyanın Almaniyanın təmizlik simvolu olduğunu bilirsənmi?”

* * *

Gəzdiyimiz torpaqlar Şvabiya (alm. “Schwaben”) adlanır. Reyn və Dunay çayları boyunca uzanıb gedən bu bərəkətli torpaqlar Almaniyanın cənub-qərbində yerləşir. Adını alman dilinin şvab dialektindən alır. İndiki Baden-Vürtemberq və Qərbi Bavariya tarixi Şvabiyanın mərkəzi sayılır. Bəzən İsveçrənin almandilli kantonları ilə Fransanın Elzas bölgəsini də Şvabiyaya daxil edirlər. Şvablar tarixlərini almanların ulu əcdadları sayılan “alemannlar”dan başlandığını deyirlər. Xarici görünüşlərinə, danışıq və davranışlarına görə şvablar almanlardan fərqlənirlər.

Almanlar qədər təmizliyə, qayda-qanuna diqqət edən ikinci bir xalq təsəvvür etmək çətindir. Almaniyaya ilk dəfə gələn ən çox təmizlik və səliqə-səhmana təəccüb edir. Dünyada adambaşına düşən illik diş məcunu, yuyucu toz, dezinfeksiya məmulları, sabun, şampun, dezodorant kimi çeşidli fərdi baxım, təmizlik və gigiyena vasitələrinin istifadəsinə görə almanlar ilk sıradadırlar. Nədir bunun səbəbi, nə üçün almanlar bu qədər təmizliyə düşkündürlər? Məgərsə bu düşkünlüyün, bu bağımlılığın öz tarixi varmış. Həyat yoldaşım danışdıqca necə sarsıldığımı təsəvvür edə bilməzsiniz…

* * *

Almanlar hər zaman təmizliyə belə düşgün olmayıblar. Onları təmizliyə, təmizkar olmağa öyrədiblər, alışdırıblar, hətta vadar ediblər. Orta əsirlərdə almanlar da zibili, məişət artıqlarını, tələf olmuş ev heyvanlarını evlərinin ətrafına, hasarların dibinə atırmişlar. Bu da nəticədə anti-sanitariyaya, müxtəlif xəstəliklərə və epidemiyalara səbəb verir, zibillik və üfunətdən yaşayış məntəqələri keçilməz olurmuş.

Nəhayət, XV əsrdə Vürtemberq qrafı 5-ci Eberhard bir fərman imzalayır. 1492-ci il tarixli bu fərman “Ştutqart şəhər qaydası” adlanır. Orada belə bir maddə var:

“Şəhəri təmiz saxlamaq üçün hər kəs 14 gündə bir dəfə evinin zir-zibilini şəhərin xaricinə çıxartmalı və bunu mütləq gecə etməlidir. Evində tualeti olmayanlar ifrazatları çay kənarına tökməlidirlər”.

Bir müddət sonra Vürtemberq qrafının fərmanını əhali qulaqardı edir. Polis də hamını güdə bilmir. Şəhər üfunət və çirkab içində yenidən çürüməyə davam edir. Onda 5-ci Eberhard bir fərman daha imzalayır və şəhər qısa müddət içində tər-təmiz olur. Qrafın yeni fərmanı bundan ibarət idi:

“Qonşusunun zibilinin iki həftə təmizlənmədiyini görən və bunu xəbər verməyən zibili tökməyən kimi cəza alacaq. Xəbər verdikdə isə o, qonşu torpağının bir hissəsinə sahib ola biləcək”.

Nəticədə sakinlər hər şənbə evlərinin önündəki zibili və tullantıları toplayır və gecəylə çıxarıb şəhər ətrafına daşıyırlar. Qonşusunun ondan “donos” yazacağından qorxanlar çarəni ətraflarını təmiz tutmaqda tapırlar.

Faktiki olaraq dövlət vətəndaşı qonşusunu satmağa, satqınçılıq, xəbərçilik və ya “işverənlik” etməyə təşviq edir. Bu, rəsmən insan azadlığına birbaşa təcavüz idi. Ancaq məhz bu yolla şəhər və qəsəbələrdə qısa müddətdə ideal təmizlik yaranır. Şvabların “Kervoxe” (alm. Təmizlik həftəsi) adlandırdıqları bu ənənə 500 ildir ki, yaşamaqda və öz bəhrəsini verməkdədir. Bu gün şvablar “Kervoxe” ilə fəxr edir, onu milli qürurları sayırlar.

Avropa insanı qanunu pozanları, davranış və ortaq yaşayış qaydalarına riayət etməyənləri müvafiq orqanlara xəbər verərək asanlıqla ələ verir və çeşidli instansiyalara şikayər edir. Avropalının bu vətəndaş mövqeyi digərləri tərəfindən qınanmır, insanları düz yola dəvət etmək müsbət hal kimi qəbul edilir. Vətəndaş ən yaxın qonşusunu, ən yaxın dostunu və hətta ailə üzvünü belə rahatca şikayət edə bilir. Belə olmasa bü gün həsədlə və həsrətlə baxdığımız Qərb insanının yaşayış normalarına şəksiz riayət etməsi mümkün olmaz, gördüyümüz o əsaslı nizam-intizamdan əsər-əlamət qalmazdı.

Bizim insanlar üçün bunlar çətin məsələdir – ən yaxın dostunu yerə siqaret kötüyü atdığı, avtomobildən kola tənəkəsi tullaması, saqqızı asfalta tüpürdüyü üçün şikayət etmək olarmı heç? Şərqli qafasının bunu qavraması çox zor işdir, elə deyilmi?

* * *

Səhər yeməyi üçün otelə qayıdırıq. Kurt Ruppert həm də mahir aşbazdır, otelin bütün qonaqlarına səhər yeməyini özü hazırlayır. Müştərilərdən biri TripAdvisor-a yazdığı rəydə otelin səhər yeməyini “nağılvari sehrli mərasim” adlandırmışdı. Həqiqətən də qəhvəaltı tək kəlimə ilə mükəmməldi – iki alman qızının qüsursuz servisi, yeməklər, ambians, dekor, qab-qacaq və s. Həyat yoldaşım masadakı Bavariya çinisinin gözəlliyini incələyəndə mənim fikrim qab-qacaqda yox, içindəki yeməklərdə idi.

Pedant almanların səhər yeməklərini məşhur ingilis və türk qəhvəaltıları ilə qarşılaşdırmaq  olmaz. Çeşid baxımından almanlar uduzurlar təbii ki. Zatən “Ənənəvi Alman  qəhvəaltısı” deyə bir şey də yoxdur. Əgər kasıb şimal əyalətlərinin səhər yeməyi əsasən alman çörəkləri, kərə yağı və cemdən  ibarətdirsə, zəngin cənubda qəhvəaltını qızarmış sosis və kolbasalarsız, içi kartof və köklə doldurulmuş piroqlarsız təsəvvür etmək olmaz. Növbənöv çörək və çörək məmulları alman qəhvəaltısının ayrılmaz parçasıdırlar. Bu çörəklər mütləq təzə olmalı, masaya isti-isti servis edilməlidir. Məncə, almanların az çörək yedikləri haqda deyilənlər həqiqətdən uzaqdır, saysız-hesabsız çeşitdə çörək yapılan bir ölkədə buna inanmaq çətindir. Bir neçə növ ballı yoğurt, mürəbbəli kəsmiklər də onların sevdiyi ləzzətlərdir. Kurtun səhər o başdan qalxıb bizə hazırladığı almanların məşhur düyü pudinqinin dadına doymadıq. Almanlar səhərlər demək olar ki, çay içmirlər, daha çox qəhvə və kakaoya üstünlük verirlər. Bəziləri isə həftəsonları səhərlər bir parç açıq Paulaner və ya Krombacher pivəsinə etiraz eləmirlər.

Səhər yeməyini əsas öyün sayan mənim kimi biri də belə qəhvəaltıya tərəddüdsüz yüksək bal verər. Buradakı son günümüzün məhsuldar olması üçün “nağılvari sehrli mərasim”imi uzatmadıq, Kurta təşəkkür edib qalxdıq. Küçəyə çıxdığımızda şəhər sakinləri artıq evlərindən çıxmışdılar, böyüklü-kiçikli hər kəs təbiətin qoynunda, mənzərəli Forggensee gölünün ətrafında və ya Leh çayının sol sahili boyunca idman edir, velosiped sürürdülər. Nisbətən yaşlı olanlar isə fərdi evlərinin həyət-bacasında yaşıl qazonlarını biçir, çiçəklərini sulayırdılar. Qazonların ancaq yaraşıq üçün biçildiyini düşünürsəniz yanılırsız. Almanların ayda 2-3 dəfə eyni işi yapmaqdan çoxmu ləzzət aldığını sanırsınız? Xeyir, sadəcə olaraq qazonlardakı ot səviyyəsinin də standartı var, bəlli bir hündürlükdən yuxarı qalxa bilməz və otları vaxtlı-vaxtında biçmək lazımdır. Həyət-bacaya baxmasan, ev heyvanlarının pisliklərini təmizləməsən ertəsi gün evinə bələdiyyədən xəbərdarlıq gələcək. Bəs nə bilmişdiz – təmiz, güllük-gülüstanlıq içində yaşamaq asan iş deyil. Bavariyada eşitdiyim bir deyim çox xoşuma gəlmişdi: “Əgər həftəsonu əlində vedrə və süpürgə olmayan bir alman görsən, bil ki, o, evinin təmizliyini artıq bitirib”.

Almaniyanın hər bələdiyyəsində  Ordnungsamt  və ya Ordnungdienst adlı bir xidmət var, tərcüməsi “nizam, səliqə-səhman xidməti” deməkdir. Ən məhşur atalar sözlərində belə deyilir: “Ordnung muss sein”, yəni “Hər şeydə səhman olmalıdır”. “Ordnung” kəlməsi çalışqan və intizamlı almanlar üçün sadəcə səliqə və qayda-qanuna riayət deyil, həm də nəzakətli və dəqiq olmaq, təmizkar və ətrafına yaxşı davranmaq, başqasının özəl həyatına qarışmamaq deməkdir. Əgər bir alman “alles ist in ordnung” (alm. Hər şey qaydasındadır) deyirsə, əmin olun ki, hər şey doğurdan da qaydasındadır. Özlərinə qarşı tələbkar almanlar  başqalarından da eyni şeyi istəyirlər. Məhz elə buna görə də gündəlik həyatda almanlar birindən pis xidmət, qeyri-adekvat hərəkət və s. görəndə üsyan edir, səhvlərini düzəltməsini tələb edirlər. Bir alman tanışımın dediyi kimi “Bax elə bu xüsusiyyətlərinə görə də Almaniyada xidmət sektoru da, istehsalat da çox dəqiq və keyfiyyətlidir, fabrik pis mal buraxa bilməz, mağaza zay mal sata bilməz və sairə”.

“Ordnung” fəlsəfəsi şvabların ünsiyyətlərinə də təsir edib. Danışıqları çox məntiqlidır, gündəlik həyatda çox lakonik, korrekt və konkretdirlər. Nizam-intizam, səliqə-səhman, qayda – qanuna riayət etmək alman mədəniyyətinin ən əsas göstəricisidir, ən iftixar etdikləri xüsusiyyətləridir…

Avstriyaya, Motsartın vətəni Zalsburqa hərəkət etmədən, ordan da Vyanaya keçmədən Bavariya qeydlərimi bitirmək istəyirəm. Ona görə də Bavariya və şvablar haqda qeydlərim davam edəcək…