- Dil

Niyə mənim ana dilim öz yurdunda yad olmalı, Paytaxtımdan qovulmalı ?

 

Gülyaz ƏLİYEVA

“Dil məsələsi bir milli müdafiə məsələsidir. Dilimizi qorumaq vətəni qorumaqla birdir. Çünki dil də vətən qədər, tarix qədər, adət və ənənə qədər əzizdir. Dil də bayraq kimi, ailə kimi müqəddəslərdəndir. Bəlkə, hamısının ifadəsi, şəkli onda olduğu üçün hamısından öndədir. Dil olmayınca millət olmaz, milliyyət olmaz. Milli kültürün baş ünsürü dildir”.

.. (Professor. F.K. Timurtaş )

 

Mən müəllim ailəsində dünyaya göz açmışam. Azərbaycan dili və ədəbiyyat müəlliminin. Gecələri anamın həzin, qızılgül ətirli laylaları, nənəmin ümid, arzu dolu nağılları ilə şirin yuxuya getmişəm. Uşaq ikən babam məni ayaqları üstünə alıb, atıb-tutub, oynaq oxşamalar söyləyib:

Balama qurban inəklər,

Balam nə vaxt iməklər?

Balama qurban alçalar,

Balam nə vaxt əl çalar?

Balama qurban ilanlar,

Balam nə vaxt dil anlar?

Bəli, balam nə vaxt dil anlar – ana dilini, əcdadının, əsil-nəslinin dilini?!.. Daha ərəbin, farsın, rusun, ingilisin yox!.

Mən əmilərimin, böyük bacı və qardaşımın söylədiyi yanıltmaclarla böyümüş, “nənə” “baba”, “appa”, “cızza”, “əppək”, “oppa”,”oxxay” sözləri ilə dil açmış, dil anlamış, ana dili kəlmələrinə vurulmuşam. Sonralar atalar sözlərımizdə ata-babalarımızın bizə anlatmaq istədikləri mətləbləri anlamağa çalışmışam. Bir qiymətli fikir xəzinəsidir atalar sözlərimiz. Qiymətdə ağır, vəzndə yüngül, mənaca dərin, vəzncə lakonik kəlmələrdən ibarət söz xəzinəsi. Atalar sözlərindəki mənanı hansı dilə çevirmək, tərcümə etmək olar ki? Müdrik Dədə Qorqud misallı babalarımız hər sözün üstündə əsib, hər kəlmənin düzgün yerində işlənməsinin, sözlə məfhumun bir-birini tamamlamasının fikrini edib, dərdini çəkib, “gəlinə ayran, ayrana doyran, iynəyə tikən, tikana sökən demədi”, – deyə qayğılanıb,

“Balam nə vaxt dil anlar?, – deyə narahat olublar!.. Bəli, uşaq məhz öz anasının, öz xalqının dilini bilməli, anlamalı ki, böyüdükdən sonra o, əsl vətəndaşa çevrilə, öz anasının dilinə, o dilin daşıyıcısı olan xalqa da yad, yabançı olmaya, onun dərdlərini anlaya, onu başa düşə…

Gözümü açandan hər səhər atamın harasa tələsidiyini görmüşəm. Atam sonralar direktoru olduğu məktəbin qapısını hamıdan əvvəl açmağa adət etmişdi. O, dil-ədəbiyyat müəllimi idi. Odur ki, dilimizə sonsuz sevgi, ədəbiyyatımıza məhəbbət məndə hələ lap körpə yaşlarından baş qaldırıb, bu işdə ailəmizin də böyük rolu olub. Atam ana dilimizi, ədəbiyyatımızı təkcə məktəbdə deyil, öz evində, ailəsində də təbliğ edir, onu sevdirirdi. “Ana dilinizi sevin”,b- deməklə yox! O dildə olan kitablara, əsərlərə, xalq deyimlərinə maraq, məhəbbət oyatmaqla, mənasını izah etməklə. Əsl dil müəllimi kimi… Dilimizlə, ədəbiyyatımızla bağlı nə kitab vardısa, hamıdan əvvəl alıb gətirər və onu böyük divariçi şkafa qoymamışdan əvvəl bizə uyğun olanları oxuyar, bizdə kitaba qarşı böyük maraq oyadar, anlamadığımız sözlərin mənasını səbr və hövsələ ilə başa salar, dilimizə və ədəbiyyatımıza sevgini bizə hələ lap körpəlikdən aşılayardı. O, hər təzə tapmaca kitabı alarkən təkcə bizim məntiqimizi yoxlamaq məqsədini yox, həm də çoxlu yeni, eşidilməmiş, tapmacalar oxumaqla onu beynimizə həkk etmək, folklorumuza maraq və məhəbbət aşılamaq məqsədini də güdürdü. Böyük divariçi şkafda müəllim babamdan da qalan müxtəlif əlifba ilə – ərəb, latın, Kiril əlifbaları ilə yazılmış bu şəkilli, iri, balaca, qalın, nazik kitablar mənim ilk oyuncaqlarım olardı. Bu kitabların vasitəsilə mən hələ uşaqlıqdan “Kitabi-Dədə Qorqud” dastanını, Nizami Gəncəvinin hikmətli kəlamlarını, dünya şöhrətli “Xəmsə”sini, İ.Nəsiminin üsyankar şeirlərini, M.Füzulinin qəlb oxşayan rübabımı, M.P.Vaqifin, M.V.Vidadinin canlı xalq üslubunda sadə dillə yazılmış qoşmalarını, M.F.Axundovun komediyalarını, Mirzə Cəlilin ağrı dolu yumoristik hekayələrini, tragikomediyalarını, M. Ə. Sabirin göz yaşı içində gülüşünü, C. Cabbarlının ,Ə. Cavadın, M. Müşfiqin, S.Vurğunun əsərlərini oxumuş, onların vasitəsilə ana dilimizin sonsuz imkanlarına, bədii gücünə, obrazlılıq diapazonun böyüklüyünə bələd olmuş, incə hissləri, dərin fikirləri ifadə etmək gücünə heyran qalmışam. Qarşıma məqsəd qoymuşam ki, böyüyəndə mən də atam kimi Azərcaycan dili və ədəbiyyatı müəllimi olacaq, onu xalqımızın balalarına incəliklərinə qədər öyrədəcək və sevdirəcəyəm …

Mənim ən sevimli işim bu kitabxanada qurdalanmaq, yeni-yeni maraqlı kitablar tapıb oxumaq idi. Bir dəfə əlimə bir kitab düşdü. B.Vahabzadənin kitabı. Onu əlimə alan kimi buradakı poema diqqətimi çəkdi. Poemanın qəhrəmanı ana dilini sevən, onun uğrunda mübarizə aparan, sonda öz müqəddəs amalı uğrunda öldürülən bir türk qızı, türk gözəli müəllimə – Mərziyyə idi. Bu əsər mənə çox güclü təsir etdi. Mən Mərziyyənin sözlərini əzbərləyir, özümü onun yerində qoyur, gələcəkdə onun kimi olmağı düşünürdüm. Onun kimi anasını, dilini, millətini, xalqını, Vətənini sevən, onun uğruna heç nədən çəkinməyən, qorxmayan bir öyrətmən, mübariz bir ziyalı müəllim. Bu amalla mən də qonşuların uşaqlarını öz “sinfimə” yığır, onlara dərs keçir və deyirdim:

Niyə mənim anam “madər”,

Atam “pədər” olsun?

Bu dolaşıq ticarətdə

Niyə mənim doğmalarım

Özgəsinin tapdağında hədər olsun?

Niyə yadın bəhməzinə “bal” deməli?

Öz aşıma “yal” deməli?

Niyə mənim ana dilim

Gəlmə dilin qabağında

Titim-titim titrəməli?

Niyə doğmam yad olmalı?

Öz sözlərim öz dilimdən qovulmalı?

Ey “Anamın kitabı”nda adı qalan

Doğma ikən, ögey olan

Sinə dağım.

Ey bu günü dilim-dilim

Parçalanan ana dilim.

Sinəsində od qalanan ana dilim.

Qapıların arxasında

Boynu bükük qalan dilim.

Var ikən yox olan dilim.

Ayaqlarda kilim dilim.

Vuruşlarda bir qəhrəman,

Barışlarda həlim dilim!

Dünəni möhtəşəm, sabahı nurlu,

Indisi tapdanıb ovulan dilim

Analı, atalı, a yetim dilim!

Şərəfim, şöhrətim, qeyrətim dilim.

Bunu uşaqlara o qədər şövqlə deyirdim ki, sanki dilimizi yasaq edən fars və rus şovinizminə qarşı mübarizə aparır, sonda Mərziyyədən fərqli olaraq ölmür, qalib gəlirdim. Əvəzində onları – o dil düşmənlərini bir-bir öz əllərimlə dar ağacından asırdım!.. Uşaq ağlımla özümü qəhrəman hesab edir və o dövrdə yaşamaq, Mərziyyə kimi vuruşmaq, ana dili uğrunda mübarizə aparıb qəhrəman olmaq istəyirdim ….

O xatirələr indi çox-çox arxada qalıb. Amma mənim “dərs” dediyim o qonşu uşaqları da, mən özüm də bu şeiri illər keçsə də, unutmamış, əzbər bilir və ana dilinə olan sevgimiz ürəyimizə, iliyimizə, qanımıza qədər işləyib.

Doğrudur, bu gün mənim vətənimdə ana dili yasaq deyil, rəsmən dövlət dilidir! Dövlətimiz müstəqil dövlətdir. Amma Bakı şəhərində gəzəndə küçələrdəki iaşə obyekti və mağazaların, restoranların adlarına, yazılarına baxanda bunu hiss etmirsən.. Biz artıq neçə illərdir, SSRİ məkanında yaşamırıq, müstəqillik dövründə rusdilli mühitdən tamamillə qurtulacağımıza ümid edərkən, bir tərəfdən onun yenidən qayıdışı baş verir, digər tərəfdən isə ingilisdilli mühit şəhərdə özünə arxayınlıqla, eninə-boyuna yer tapıb, kök atmaqda, rişələnməkdə davam edir. Əlbəttə, çox dil bilmək yaxşıdır, ancaq bu, ana dilinə zərbə vurursa zərərlidir. Deyir, iki dil bilirsənsə, iki adamsan, beş dil bilirsənsə, beş adamsan, ana dilini bilmirsənsə, ümumiyyətlə, heç adam deyilsən.

Paytaxtımızda iri ticarət mərkəzlərinin lövhələrindən qovulub yalnız balaca “budka”lara sığınan ana dilini gördükcə mən bu gün, nədənsə, Mərziyəni xatırlayır, ana dilimizin halına acıyıram. Ötən illərdə uğruna yüzlərlə Mərziyyələrin qurban getdiyi dilə müstəqillik dönəmində paytaxtımızda bu biganəliyi, laqeydliyi anlaya, başa düşə bilmirəm. Hara baxırsan, hansı restorana, obyektə, ticarət mərkəzinə nəzər salırsan, sənin ana dilin yox orada! Onlar sənin ana dilini əks etdirmir! Özünü bir anlıq hansısa yad, xarici bir şəhərdəymiş kimi zənn edirsən!

Azərbaycan dilinin, Azərbaycan Respublikasının rəsmi dövlət dili olmasına baxmayaraq, çox acınacaqlı haldır ki, bu gün ana dilinə biganələrin, bu dilə laqeydlərin, bu dildə danışmayıb, qınından çıxıb qınını bəyənməyən “tısbağaların” sayı çoxalmaqdadır. Bu gün Bakı küçələrində mağazaların, marketlərin, ictimai iaşə və digər xidmət obyektlərinin adları, reklamların təqdimi Azərbaycan dilinin ölkəmizdə dövlət dili statusuna kölgə salmaqdadır. İngilisdilli reklamlar, mağaza və ticarət mərkəzlərinin adlarının yazılışı nə qədər təmtərağı, zənginliyi ilə seçiləndirsə, ana dilində yazılanlar bir o qədər kasıb, zövqsüz tərtib olunmuş, kustar üsulla, savadsızcasına və kobud orfoqrafiya və punktuasiya səhvlərinin bolluğu ilə diqqəti çəkir. Bu məsələyə, sadəcə, orfoqrafiya səhvidir, deyib keçməyin. Bu, Azərbaycanın dövlət dilinə, dildən istifadə haqqında verilmiş qanunlara hörmətsizlik, onu gözdən salmaqdır!

Bəlkə də, bu çoxlarına adi hal kimi gələ bilər. Hə, burda nə var ki? – deyər… Xeyr! Yanılırsınız! Bu çox ciddi bir məsələdir! Bu, millətin dilinə, dövlətinə etimadsızlıq yaradır! Onun Azərbaycançılıq ideyalarına ziddir! Gənc nəslin milli mənəviyyatına zərbə vuran bir haldır! Ana dilinin qorunması bir xalq üçün yaşarılıq əmsalıdır. Dil amilinə böyük önəm vermənin kökündə bir tərəfdən xalqın minillik tarixi yaddaşının olduğunu isbatlamaq, digər tərəfdən və ən önəmlisi, yad dövlətlərin təsiri altına düşməmək, öz dövlətinə, öz dilinə hörməti gənclərə aşılamaq dayanır. Odur ki, dilimizi qorumaq vətəni, milləti, dövləti, xalqı qorumağa bərabərdir. Çünki dil də, professor Timurtaş demiş: “vətən qədər, tarix qədər, adət və ənənə qədər əzizdir. Dil də bayraq kimi, ailə kimi müqəddəslərdəndir”.

Bakının küçələrində gəzib hər yanda əcnəbi dillərdə yazılmış reklamları, təmtəraqlı, bər-bəzəkli, parıltılı lövhələrdə ana dilimi deyil də əcnəbi dilləri gördükcə istər -istəməz uşaqlığımın qəhrəmanı Mərziyyəni xatırlayıram və dodaqlarım qeyri-ixtiyari bunları söyləyir:

Niyə mənim ana dilim öz yurdunda yad olmalı,

Paytaxtımdan qovulmalı ?

Ofis və restoranların,

Böyük-böyük marketlərin,

Təmtəraqlı, bərbəzəkli,

O “Mal”ların, obyektlərin

Sərlövhəsi

ingiliscə yazılmalı?

Ana dilim büzüşməli,

pisikməli.

Dar, balaca köşklərə,

dükanlara qısılmalı?!

Öz elimdə ingiliscə

Paytaxtıma sahib olub,

Öz dilimi sıxışdırıb qovlamalı?

Niyə Qorqud yadigarı
kəlmələrim qaçaq düşüb öz yurdundan, yuvasından?!

Ona asi olub onun öz soydaşı,

Ticarətdə pul qazanan

Qan qardaşı, can yoldaşı?!

Öz dilində yazılmayır

Şəhərimdə böyük-böyük

Mərkəzlərin, Sarayların

Öz adları?!

Biri “Rijaal RAR…”, biri “THE TALL by”,

Biri “ALKO HALL”, biri “Lufthanza, “CİTY CENTER”,

Bir digəri … STİ Travel”…

Obyektlərin qapısının arxasında boynubükük

qalan dilim,

Sənə sahib çıxacağıq,

Əcnəbini, xaricini, yad olanı

Bakımızdan qovacağıq!