- Ədəbiyyat

Niyə yuxarıdan baxırsan mənə?

Eldar BAXIŞ

Bəri bax, bazarda hərlənən gədə,

paltarı köynəyi kirlənən gədə,
kartofun başına fırlanan gədə,
niyə yuxarıdan baxırsan mənə?

Bəri bax, dalanda əlləşən oğlan,
zil qara maşında əyləşən oğlan,
o qızla, bu qızla iyləşən oğlan,
niyə yuxarıdan baxırsan mənə?
Bəri bax, meymuna oxşayan kişi,
eyvanda qarnını qaşıyan kişi,
arvad hesabına yaşayan kişi,
niyə yuxarıdan baxırsan mənə?
Tərəzi gözüdü zamanın gözü,
namərdini çəkər, mərdini çəkər.
Adam var həmişə öz hayındadı,
adam var düyanın dərdini çəkər.
Mən özgə adamam siz özgə adam,
mən öz cızığımdan çıxan deyiləm,
o ələ, bu ələ baxan deyiləm,
mən yumurtadan yun qırxan deyiləm…
uşaqla uşağam, böyüklə böyük,
ağacla ağacam, mən quşla quşam.
Bu yaşa gəlmişəm ömrümdə hələ
bircə qarışqa da tapdamamışam…
Dünyanın işini nə bilmək olar,
kimi gedəsidi, kimi qalası.
Mənə belə baxma a kartof satan,
mənə belə baxma, atam balası…