- Mədəniyyət, Xəbərlər

“Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda konfransa tezis qəbul edilir

2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Prezident İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub. Sərəncama uyğun olaraq Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən sentyabrın 24-də “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, beynəlxalq konfransda iştirak üçün məruzələrin tezislərinin qəbuluna başlanılıb. Tezislər Azərbaycan, rus, ingilis, türk və ərəb dillərində qəbul edilir və bir səhifədən artıq olmamalıdır.

Tezislər konfrans-880@mail.ru elektron poçt ünvanına avqustun 31-dək göndərilməlidir.

Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlər edilməsi və tezislərin geri qaytarılması hüququna malikdir.