Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə Ukraynaya humanitar yardım göndərilib.
“Report” xəbər verir ki, bununla əlaqədar təşkil olunan mərasimdə çıxış edən Bolqarıstan Respublikasının sabiq Prezidenti Petar Stoyanov Ukraynaya edilən yardımın onda böyük təəssürat yaratdığını vurğulayıb. Qeyd edib ki, bir çox insanlar, könüllülər yardım etmək üçün çox çalışırlar.
“Bu mənzərə möhtəşəmdir və bu, bütün insanlar üçün böyük dərsdir. Biz lazımi anlarda bir-birimizə necə yardım edəcəyimizin nümunəsini görürük”, – deyə sabiq prezident vurğulayıb.
O, Ukraynaya humanitar yardıma görə təşkilatçılara minnətdarlığını bildirib.
Xatırladaq ki, Ukraynada yaşanan böhran nəticəsində Moldova Respublikası ərazisinə keçmiş ukraynalı məcburi köçkünlərin ehtiyaclarının qarşılanması məqsədilə Azərbaycan dövləti tərəfindən məbləği 1,7 milyon manatdan çox olan 29 tonluq humanitar yardım aprelin 15-də Moldovaya yola salınıb.