AZƏRTAC xəbər verir ki, kolleksiyada AMM-nin layihəsi ilə özbək dilində nəşr olunmuş böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinin xüsusi buraxılışı, Azərbaycan və özbək dillərində çap olunmuş “Əlişir Nəvainin hikmətləri”, habelə hər iki şairin irsinə dair qiymətli nəşrlər, monoqrafiyalar, “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” və digər nəşrlər var.
Bundan başqa kitabxanalara özbək dilinə tərcümə olunmuş Azərbaycan şair və yazıçılarının əsərləri, Azərbaycan-özbək ədəbi əlaqələrinə, Qarabağ münaqişəsi, Xocalı soyqırımına dair kitablar, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Hüseyn Cavid, Anar və digər ədiblərimizin əsərləri hədiyyə edilib.
Nəşrlərin arasında Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyətinə dair kitablar da yer alıb.
Mədəniyyət Mərkəzindən verilən məlumata görə, özbək dilində nəşr olunmuş böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinin xüsusi buraxılışı, habelə dahi şairin yaradıcılığına dair özbək alimlərinin monoqrafiyaları Özbəkistanın Səmərqənd, Buxara, Cizzax, Nəvai, Nukus, Urgənc, Fərqanə, Termez dövlət universitetlərinin kitabxanalarına da hədiyyə ediləcək.