- Mədəniyyət

“Nizami Gəncəvinin əsərləri təsviri sənətdə” adlı respublika elmi konfransı keçirilib

Sentyabrın 30-da Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami Gəncəvinin əsərləri təsviri sənətdə” respublika elmi konfransı keçirilib.

Konfrans mədəniyyətimizin müxtəlif sahələri üzrə mütəxəssisləri, tədqiqatçıları, eləcə də yeni mövzuların aşkara çıxarılması, elmi biliklərin mübadiləsi, yeni əməkdaşlıq əlaqələrinin qurulması və tədqiqat təcrübəsi imkanlarından yararlanmaq məqsədilə baş tutub.

Konfransı açıq elan edən Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov “Nizami Gəncəvi İli”nin elan edilməsinin əhəmiyyətindən, dahi şəxsiyyətin dünya mədəniyyəti və incəsənətinə təsirindən, onun ideya və fəlsəfəsinin elmi tədqiqat nöqteyi-nəzərdən vacibliyindən danışıb.

“Zoom” tətbiqi vasitəsilə keçirilən konfransda Hefford Xalq Universitetinin “Xarici dillər” kafedrasının dosenti Sevil Fuks “Almaniya və İsveçrə təsviri incəsənətində Nizami Gəncəvinin əsərləri” tədqiqat mövzusunda mühazirə ilə çıxış edib və rəssam İsgəndər Məmmədov Nizami Gəncəvinin əsərlərinə çəkdiyi illüstrasiyaları iştirakçılarla bölüşüb.

Daha sonra konfrans Bakı Dövlət Universitetinin dissertantı Sadıqova Firuzə, DİN-in Polis Akademiyasının polis leytenantı, BDU-nun doktorantı Aynur Səfərli, Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi Dürdanə Qurbanovanın Nizami Gəncəvi yaradıcılığının müxtəlif sahələrinə həsr etdikləri tezislərlə davam edib.

Qeyd edək ki, elmi konfrans Prezident İlham Əliyevin Sərəncamına əsasən elan edilən “Nizami Gəncəvi İli” çərçivəsində həyata keçirilib. (azertag)