Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşəbbüsü və dəstəyi, Azərbaycan Xarici İşlər Nazirliyinin maliyyəsi ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması klassik Azərbaycan şairinin əsəri kimi ilk dəfə Koreya dilinə tərcümə olunaraq kitab formasında çap olunub.
Azərbaycanın Koreya Respublikasındakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi və dahi şairin 880 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar, ötən ildən etibarən “Leyli və Məcnun” poemasının Koreya dilinə tərcüməsinə başlanılıb. Əsəri Koreya Respublikasının Hoseo Universitetinin professoru Kim Seonq-ryonq və həmin universitetin magistri Ramin Abasov tərcümə ediblər. Poemanın tərcüməsi orta əsrlərin dil xüsusiyyətləri maksimum dərəcədə nəzərə alınmaqla, Koreya dilinə uyğunlaşdırılaraq həyata keçirilib. Nəşrə oxucunun daha ətraflı və asan anlayışı üçün orta əsrlər terminologiyasına dair çoxsaylı izahedici qeydlər, eləcə də “Leyli və Məcnun” əsərindəki bir sıra səhnələrin miniatürləri əlavə edilib.
Bundan əlavə, kitabda Nizami Gəncəvinin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilməklə yanaşı, dahi şairin yaşayıb yaratdığı XII-XIII əsrlərdə Azərbaycanın yerləşdiyi regiondakı ictimai-siyasi mühit, həmin dövrdə mövcud olmuş dövlətlər və dövlət xadimləri barədə də söhbət açılıb.