Nizami Gəncəvinin nəsil şəcərəsi haqqında məxəzlərdə məlumatlar çox azdır, şairin özü haqqında yazdıqları isə təəssüf ki, güclü təhriflərə məruz qalmışdır. Bununla belə, tədqiqatçını həqiqətə aparan faktlar da az deyildir.
XI-XII əsrdə Azərbaycan Atabəylərinin mərkəz şəhəri olan Gəncə əhalisinin türklərdən ibarət olduğunu bir çox tədqiqatçılar mənbələr əsasında təsdiq etmişlər. Təsadüfi deyildir ki, İran alimi Barat Zəncani yazırdı: “Bir halda ki, Gəncə əhalisinin dili türk dili idi və Nizami də türkcə şeirlər yazmışdır – burada şəkk-şübhə ola bilməz”.
Səlcuq Sultanı I Məlikşah öz oğlu Məhəmməd Təpəri Gəncə hakimi təyin edərkən, dövlət idarəçiliyində mədrəsə təhsili görmüş yerli türk əhalinin savad və qüvvəsindən yetərincə faydalanmağa çalışdılar. Din xadimi, xətib, şahın məsləhətçiləri, münşilər (katiblər), saray mühafizəçiləri və başqa qulluqçular yerli əhali arasından etibarlı zəmanət əsasında seçilərək işə cəlb olunurdu.
Onu da qeyd edim ki, Nizami Gəncəvinin yaşadığı dövrdə də Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslanın hakimiyyəti illərində Atabəylərin istər Gəncə, istərsə də Naxçıvan saraylarında fəaliyyət göstərən əyanların əksəriyyəti xalqa daha yaxın olan türk əsilli savadlı şəxslərdən seçilirdi. Təzkirələrdə Azərbaycanın müxtəlif şəhərlərindən olan adlı-sanlı vəzir, dəbir, həkim, müəllim və sair adamların sarayda xidmət etmələri haqqında zəngin məlumatlar vardır.
Nizami Gəncəvinin babası Zəki Müəyyəd-din əslən Oğuz türklərinin Boz ox qolundan çıxmış adlı-sanlı türk bəyzadələr nəslindən idi. O, Gəncədə din xadimi və Səlcuqlar sarayına yaxın bir şəxs idi və “Müəyyəd-din” – (dində Allah tərəfindən qüvvət verilən, saxlanılan) tituluna layiq görülmüşdü. Məşhur şərqşünas alim Rüstəm Əliyev “Müəyyəd-din” – adını islami adlar və titullar əsasında araşdırarkən yazırdı ki, “Əd-din” və “fid-din”, yaxud “billah” komponenti ilə bitən ləqəblər yalnız din xadimlərinə xas ola bilərdi. Lakin bəzən şeirdə bu komponentlər atılırdı. Nizami özü “Leyli və Məcnun” əsərində – atasından danışarkən, babasının adını “Zəki Müəyyəd” adı ilə yad etmişdir:
Əgər babaların adəti ilə atam –
Yusif Zəki Müəyyəd oğlu köçdüsə,
Dövranla necə dava salım?
Bu, dövranın qanunudur, zülm deyil, nə sızlayım?
Şairin babası Zəki Müəyyəd-din Gəncə əhalisinin əsil-nəsəbli təbəqəsindən olmaqla, sürətlə inkişaf edərək sənaye şəhərinə çevrilən Gəncə mühitində ailə iqtisadiyyatını da inkişaf etdirmişdi. Ailə üzvlərinin Gəncə şəhərində çörəkbişirmə sexi və müzəhhəblik (parça üzərinə qızıl saplarla naxışsalma) sənəti üzrə məşğuliyyətləri var idi.
Nizami Gəncəvinin atası – Zəki Müəyyədin-dinin oğlu Yusif də Gəncədə hörmət və izzət sahibi idi. İran alimi Səid Nəfisi yazırdı ki, “Bir çox təzkirəçilər təsdiq etmişlər ki, Nizaminin atası da Gəncə sakini olmuş və Gəncədə doğulmuşdur”. Nizami Gəncəvinin atası Yusifin sənaye şəhəri olan Gəncədə çörək istehsalı ilə məşğul olmasını Həmid Araslı, Məmməd Cəfər və başqa bir çox alimlər dəfələrlə qeyd etmişlər. Nizami Gəncəvinin boya-başa çatmasında və mükəmməl tərbiyə və təhsil almasında atasının mühüm rolu olmuşdur.
Nizami Gəncəvinin anası Azərbaycanda əsil-nəcabətli, zadəgan nəslindən olan bir türk qızı idi. Gəncədə dünyaya göz açmışdı. Təəssüf ki, bəzi tədqiqatçılar onun türk milli mənşəyini kobud şəkildə təhrif etmişlər.
XX əsrin 80-ci illərində bir sıra şərqşünaslar bu sözün “qord” – yəni “igid” mənasında olduğunu söyləmişlər. Görkəmli Azərbaycan nizamişünası Xəlil Yusifli yazır: “Nizami dövründə, ondan bir neçə əsr sonra da kord və qord sözləri eyni şəkildə, kafi-ərəbi ilə “kord” şəklində yazılırdı. Daha sonra gələn katiblər isə bu sözün Nizami tərəfindən kord, yaxud qord anlamında yazıldığı üzərində düşünməmiş, onu kord, yəni kürd tərzində yazmışlar. Biz isə hesab edirik ki, bu sözü kafi-farsi ilə qord şəklində oxumaq daha düzdür. Bu şəkildə beytin mənası daha məntiqi və poetikdir. Əks halda “anam kürd idi, qarşımda ana kimi öldü” deyimi məntiqsizdir”.
Son dövrlərdə problemin çözülməsində meydana çıxan yeni fakt məsələyə yanaşmanı kökündən dəyişmişdir. Belə ki, Azərbaycan nizamişünaslığının yeni nəslini təmsil edən tədqiqatçı Hürnisə Bəşirova Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərinin Türkiyədə Topqapı sarayında saxlanılan qədim əlyazması üzərində araşdırma aparmış və bu mötəbər nüsxədə “Mənim anam kürd Rəisə qarşımda ana kimi öldü” beytlərinin olmadığı faktını aşkar etmişdir. Deməli, bu qondarma beytlər Nizami əsərinə sonrakı dövrlərdə ilhaq olunmuş və şairin anasının türk mənşəyinin təhrif olunmasına yol açmışdır.
Nizami Gəncəvinin dayısı, yəni anasının qardaşı Xacə Ömər Gəncə sarayına yaxın, yüksək nüfuza malik bir şəxs idi. O dövrdə “Xacə” titulu şah sarayının mühafizəçilərinin başçısına verilərdi. Məşhur Dehxoda lüğətinə görə, “sarayın rəisinə – Xacə deyilirdi”. Onu da qeyd etmək vacibdir ki, Türk sultan saraylarının qaydalarına əsasən, saray rəisi – Xacə vəzifəsinə cəsurluqda və sədaqətdə ad çıxarmış türk bəyzadələri seçilirdi. Elə bu faktın özü onu təsdiq edir ki, Nizaminin anası əsil-nəcabətli türk qızı olmuşdur. Gənc İlyasın yüksək təhsil almasında, Gəncə sarayında toplanan məşhur ustadlar, elm adamları və dövlət xadimləri ilə tanış olmasında, o cümlədən saray kitabxanasından faydalanmasında dayısı Xacə Ömərin mühüm rolu olmuşdur. Nizami özü “Leyli və Məcnun” əsərində dayısı Xacə Öməri məhəbbətlə yad edir, onun ölümündən sarsıldığını bildirir:
Xacə Ömər ki, mənim dayım idi,
Dayım olmağı ilə mənim qanadım idi.
Acı ağılarla nalə edirəm,
Boğazımın telləri nalədən tutulub.
Görünür, elə saray mühitindən başlayaraq, Yusifin atasının Xacə Ömərin ailəsi ilə yaxın dostluğu olmuş və hər iki ailənin qohumluq telləri yaranmışdır. Yusifin ailəsində İlyas və Əhməd adında iki oğul övladı böyümüşdür. Şeir yaradıcılığında İlyas özünə Nizami, Əhməd isə Qivami təxəllüsünü götürmüşdür.
Nizaminin qardaşı Qivami Mütərrizi Gəncəvi haqqında məlumat verən məxəzlər onun Azərbaycanın Gəncə bölgəsində doğulduğunu, Nizami Gəncəvinin qardaşı, ya əmisi oğlu olduğunu göstərmişlər. Mənbələrdə əsl adı Məhəmməd, yaxud Əhməd kimi qeyd olunur – Əhməd Xəbbaz (çörəkçi) – Gənceyi – nisbəsi və Qivami Mütərrizi təxəllüsü ilə şeirlər yazıb-yaratmışdır. Dövlət şah Səmərqəndi “Təzkirətüş-şüəra”nın Şeyx Nizami Gəncəvinin zikrinə həsr etdiyi hissədə “Mütərrizi” təxəllüsünü (qızıl haşiyələr, naxışlar ustası) Nizaminin də künyəsinə aid edərək, Nizami Gəncəvi və onun qardaşı Qivami Mütərrizi haqqında belə yazmışdır: “Onun mövludi-şərifi Gəncədir və ölkələrin xəritəsində bu vilayəti Cənzə yazırlar. Şeyxin böyüklüyünü və fəzilət və kamalını dəyərləndirməkdə dil acizdir. Onun sözünün tövrü məlahətli və anidir ki, kamal sahiblərinin ona Şeyx Nizaməddin təxəllüsü verməsi onunla bağlıdır və künyəsi – Əbu Məhəmməd bin Yusif bin Müəyyəddir, Mütərrizi kimi şöhrət tapmışdır və Şeyxin qardaşı Qivami Mütərrizidir ki, ustad şairlərdən olmuş, elə bir qəsidə söyləmişdir ki, tamam şeir sənətinə həsr olunmuşdur və onun zikrində həmin qəsidədən bəzi qeydlər ediləcəkdir”.
Nizaminin qardaşı Qivami Mütərrizinin həyatı və yaradıcılığı haqqında Ziya Paşa, Məhəmmədəli Tərbiyət, E.G.Braun, A.Y.Krımski, Həmid Araslı, Yevgeni Bertels, Əli Əkbər Şəhabi, Şibli Nemani, Əli Əkbər Dehxoda, Zəbihulla Səfa, S.İ.Dibaçi, Xəlil Yusifli, O.F.Akimuşkin və başqaları qiymətli məlumatlar vermişlər.
XIX əsrin görkəmli hind alimi Şibli Nemani özünün məşhur “Əcəm şeiri” əsərinin Qivami Gəncəvi hissəsində Nizami Gəncəvinin ailəsindən bəhs edərək belə yazırdı: “Nizaminin ailəsində hamı fəzl və hünər əhli idi. Qardaşı Qivami Mütərrizi əsrinin məşhur şairi olmuşdur”.
Görkəmli Azərbaycan alimi Məhəmmədəli Tərbiyət XX əsrin əvvəllərində yazdığı “Danişməndani – Azərbaycan” təzkirəsində – XII əsrin ən görkəmli söz ustadlarından biri, fəsahətli və bilikli şair olan Qivami Mütərrizi Qivaməddin Əhmədin Nizami Gəncəvinin doğma qardaşı, ya da onun əmisi oğlu olduğunu xüsusi qeyd etmiş və onların ikisinin də arif Əxi Fərəcin müridi olduqlarını, həmçinin Qivami Mütərrizinin yeddi min beytdən ibarət şeir “Divanı”nın olduğunu yazmışdır.
XX əsrin 40-cı illərində “Nizami Gəncəvinin həyat və yaradıcılığı” mövzusu üzrə silsilə araşdırmalar aparan görkəmli şərqşünas Yevgeni Bertels şairin ailəsindən bəhs edərkən yazırdı: “Ailənin, şübhəsiz, müəyyən gəliri varmış, yoxsa oğulları gözəl təhsil ala bilməzdi. Nizaminin qardaşı da şair idi və Qivami Mütərrizi ləqəbi ilə yazırdı. Lakin mürəkkəb şeir texnikasını məharətlə mənimsəmiş olan bu adam başqa bir yolla getmiş və saray şairi şöhrətini intixab etmişdi”.
Hər iki qardaş – Nizami Gəncəvi və Qivami Gəncəvi Azərbaycan Atabəyi Qızıl Arslanı özlərinin yaxın hamisi hesab etmişlər. Nizami Gəncəvi “Xosrov və Şirin” və “İqbalnamə” əsərlərində Atabəy Qızıl Arslanın ona qayğısını hörmətlə yad etmişdir. Qardaşı Qivami Mütərrizi Gəncəvi də “Bədaye`əl-əshar fi sənaye`əl-əş`ar” (“Şeir sənətində ən gözəl (bədii) sehrlər”) – məşhur qəsidəsini öz hamisi Atabəy Qızıl Arslana ithaf etmişdir.
Nizami Gəncəvi 1169-cu ildə Dərbənd hakiminin ona töhfə göndərdiyi türk-qıpçaq gözəli Afaqı sevmiş və onunla ailə qurmuşdur. Afaqla olan bu izdivacdan Nizaminin iki oğlu dünyaya gəlmişdir. Oğlunun biri dünyadan çox erkən köçmüşdür. Bir oğlunun adının Məhəmməd olduğu şairin əsərlərindən bəllidir. Nizaminin oğlu Məhəmməd ağıllı, fərasətli, atasına dayaq olan bir övlad, həm də öz dövrünün ziyalı bir şəxsiyyəti olmuşdur.
Nizami Gəncəvinin sevimli arvadı türk-qıpçaq gözəli Afaq və övladı Məhəmməd haqqında söylədikləri də mühüm faktlardır. Şair özünün “Xosrov və Şirin” əsərində çox gənc ölən sevimli Afaqın ölümünə ağı söyləmiş, ona “Türküm” və oğlu Məhəmmədə “Türkzadəm” (Türk balam) deyərək öz türk nəcabəti ilə fəxr etmişdir:
Türklər kimi köçməyə möhtac olanda,
Türklüyündən evimi talana verdi.
Türküm çadırımdan köçüb getdisə,
İlahi, Türk balamı sən özün qoru!
Nizaminin müasiri olduğu sultanlar haqqında olan məlumatlar da şairin həyatına dair mühüm faktlardır. Bizim marağımızda olan bir məsələ üzərində dayanmaq vacibdir. “Leyli və Məcnun” əsərində Şirvanşah Əxsitanın Nizamiyə ünvanladığı məktubda əsərin türk dilində deyil, ərəb-fars bəzəyi ilə yazılmasını tələb etməsi, özünün də yazdığı kimi, Nizamiyə son dərəcə ağır təsir etmişdi. Əvvəl ruhdan düşdüyünü bildirir, məlum olduğu kimi, oğlunun təkidi ilə işə başlayır. Amma öz qürurunu sındırmayan şair əsər boyu Şirvanşaha yaxşı dərs verir. Əsərin “Məlik Əxsitan bin Məniçöhrün mədhi” hissəsinin sonunda Nizami öz adını Üveys adlandırır:
Yarəb, mənim adım ki, Üveysdir,
Məhəmməd eşqində bütövəm.
Məhəmməd camallı o şahdan,
Mənim üçün xəyal olanı – ruzim eylə!
Burada, doğrudur, şərhçilər Nizaminin Üveys Qəraniyə işarə etdiyini yazmışlar. Lakin Üveys sözünün sətiraltı mənaları da mövcuddur. Çünki Nizaminin əsas məqsədi yalnız özünü Məhəmməd eşqində Üveys Qəraniyə bənzətmək olsaydı, bunu elə peyğmbərə həsr olunmuş hissədə yazardı. Şirvanşahın mədhi hissəsində Nizami bu adı təsadüfi olaraq çəkməmişdir. “Üveys” adında türklərin totemlə bağlı kökü və tamğa işarəsi vardır. Qədim ərəblər Oğuza “Üveys”, yəni “Qurd balası” adını vermişlər. Qədim ərəb və fars lüğətlərində “Üveys” qurd adıdır.
Başqa bir tərəfdən, Üveys, yəni “qurd balası” ifadəsi qədim türklərdə müqəddəs şamanlara aid edilən titullardan biri idi.
Bu haqda əhəmiyyətli bir fakt da vardır ki, Nizaminin Misirin Xədiviyyə kitabxanasında tapılan, adı Nizaminin özü isə talan olunan nüsxədə Nizaminin adı, künyəsi “Divan-e Nizami. Talif: əl-Mövla Nizaməddin Əbu Məhəmməd Cəmaləddin Yusif bin Müəyyəd əl- Gəncəvi-əl-Üveysi” kimi təqdim olunması da fikrimizi təsdiq edir.
Bu faktlardan göründüyü kimi, böyük Azərbaycan şairi Nizami Gəncəvinin həm ata tərəfdən, həm də ana xətti ilə milli mənsubiyyəti türkdür. Şairin öz əsərlərində verdiyi məlumatlar buna parlaq sübutdur. (edebiyyatqazeti.az)