- Ədəbiyyat, Manşet

Nizami Gəncəvinin “Yeddi gözəl”i: Dünən və bu gün

Könül BÜNYADZADƏ
AMEA-nın müxbir üzvü

2021-ci il Nizami Gəncəvi ilidir. Bu, həm Azərbaycan poeziyasının, həm də yüksək poetik ustalıqla çatdırılan Azərbaycan hikmətinin ili deməkdir. Bu hikmətdə ən universal həqiqətlərlə yanaşı, həyatın sadə gerçəklikləri də ehtiva olunub. Burada çox zidd mətləblərin vəhdətini görmək mümkündür: güc və müdriklik, qadın və kişi, ən ülvi arzular və insanı heçliyə yuvarlayan nəfsani istəklər. Əslində, insan özü təzadlı varlıqdır və Nizami məhz Onun – Allahın yer üzündəki tək xəlifəsinin, Allahın əmanətinə tək sahib çıxanın, Allaha iki yay məsafəsi qədər yaxınlaşmaq imkanı olanın, eyni zamanda, nəfsinin əlində oyuncağa çevrilə bilən yeganə varlığın hikmətini qələmə alıb. Deməli, 2021-ci il böyük hərflə yazılan İnsanın ilidir deyə bilərik. Bu qədər dərin və sonsuz həqiqəti sözlə, qələmlə çatdırmaq tək insanın hünəri olmadığına görə, Nizami Gəncəvi hər poemasının başlanğıcında minacatla Yaradana üz tutur, gizli mətləblərin açarını məhz Ondan istəyir: 

Xəyala yol verən, işıq saçansan,
Bir işarə ilə min yol açansan.

Belə görünür ki, Yaradan böyük şairə qarşı çox səxavətli olub ki, o, bir işarə ilə min mətləb anlamaqla yanaşı, özü də bir işarəyə min həqiqət büküb təqdim edir. Nizami Gəncəvinin düşüncə tarixindəki rolu və əhəmiyyəti də məhz bundan ibarətdir. Bir tərəfdən o, özündən əvvəlki vacib və hikmətli məqamları öz poeziyasında cəmləyərək bəşəriyyət yaranandan bəri malik olduğu əbədi hikmətin kəsilmədən davam etməyini təmin edir. Qədim, artıq ədəbiyyatda bəlli olan əfsanələri, hekayətləri nəzmə çəkən Nizaminin məqsədi əsla özündən əvvəlki şairlərlə yarışmaq deyil, hikmətin ilk mənbəyindən öz sözünə dəstək almaqdır. Xatırladaq ki, Vaqnerdən ilhamlanan Nitsşe belə hesab edirdi ki, miflər və əfsanələr millətin ruhunu ehtiva edir. Nizami həmin ruhu oyatmağa çalışır. Ancaq o, bununla kifayətlənməyib öz orijinal baxışlarını da ora qatır, öz mənəviyyatı, zəngin biliyi, ən vacibi isə milli ruhu ilə onları cilalayır və yeni müstəvidə təqdim edir. Şair sadəcə yüksək poetik ustalıq nümayiş etdirmir, məhz xalqın kökünü, kod yaddaşını əks etdirən mifləri və əfsanələri gələcək nəslə ötürür, onun üçün yeni, daha geniş bir düşüncə üfüqü açır.

Biz Nizami Gəncəvinin sonsuz hikmətlər dünyasından ancaq birinin – “Xəmsə”nin dördüncü poeması “Yeddi gözəl”in üzərində duracağıq.

Seçimimiz təsadüfi deyil. Tarixçilərdən biri qədim Yunan dövrünün filosof qadınlarından olan Aspazia haqqında deyir: “Aspazianın həyatı haqqında sual vermək insanlığın yarısı haqqında sual verməkdir”. Nəzərə alsaq ki, Yaradan kişi və qadını bərabər yaradıb, onda tədqiqatçının sözündə böyük bir həqiqət var: insanlığın bir yarısı kişi isə, digər yarısı da qadındır. Bir nəzəriyyənin, ideyanın bütöv, kamil olması üçün qadın və kişi təfəkkürləri bir-birini tamamlamalıdır. Hər nə qədər ictimai həyatda bu balans pozulsa da, Nizami Gəncəvi düşüncə müstəvisində onu tarazlamağa və ədaləti bərpa etməyə çalışır. Bunu hər poemasında etməyə çalışsa da, “Yeddi gözəl”də şair sadəcə dünyanın zərif yarısından danışmır, onun bütün gücünü, qüdrətini, müdrikliyini təqdim edir. Ən vacibi isə, şair qadının “yumşaq güc”ünün mahiyyətini açır. Poemada bu ideyanın ən gözəl təcəssümü, şübhəsiz ki, “tatargözlü” Fitnədir – 6 illik öküzü 60 pillə qaldırmağa qadir olan aybənizli gözəl.

İkihəftəlik ay, o nazlı mələk
Verdi vücuduna yeddi rəng bəzək.
Getdi öküz tərəf bədirlənmiş ay,
Sur bürcüdür verən aya qiymət, say.
Baş əyib qaldırdı göyə onu düz,
Əcəb gövhər tapdı, bir baxın, öküz.

Az əvvəl xatırlatdığımız kimi, Nizami Gəncəvi sadə bir şair deyil və onun hər sözündə gələcək nəsil üçün bir ibrət var. Fitnə bir simvoldur – ağıllı, hər məsələyə məhz öz baxış bucağından baxmağı bacaran, ən sərt gücə öz yumşaq gücü ilə nəinki müqavimət göstərən, hətta ona üstün gələ bilən və bununla da həqiqəti ortaya çıxaran Qadın simvolu. Qadın öz dövrünün mənəviyyatının güzgüsüdür. Daha dəqiq ifadə etsək, hər cəmiyyət orada hakim olan bəşəri eşqin daşıyıcısı, təzahürüdür. Bu eşqin obyektlərindən biri və birincisi də qadın olduğuna görə, cəmiyyətin ruhunu onun qadınlarının təfəkkürü və onlara münasibətlə öyrənmək mümkündür. Belə ki, qadını Ana-Torpaq, Yaradan Tanrı kimi qəbul edən cəmiyyətlə onu cadugər deyib atəşdə yandıran toplu arasındakı fərqləri daha dərindən araşdıranda qadının rolunu və əhəmiyyətini görmək çətin deyil. Nə qədər mübahisəli səslənsə də, bu, bir aksiomdur ki, cəmiyyətin inkişaf istiqamətini Qadın təyin edir. Poemada buna çox incə, zərif notlarla işarə edilir, çünki Fitnə ilə hadisədən də belə məlum olur ki, Qadının dediyi həqiqət bəzən yanlış qarşılanıb tam əks təsir yarada bilir. Bu, tarixən də belə olub, bu gün də.

Əslində, poema bizim məqsədimiz üçün bir açar rolunu oynayacaq – biz Nizami Gəncəvinin 7 gözəlini simvolik qəbul edərək müasir dövrün 7 əhəmiyyətli Qadın siması haqqında söz demək, daha dəqiq desək, aparacağımız paralel vasitəsilə günümüzün həqiqətinin qaranlıqda qalan “digər yarısı” haqqında danışmaq istəyirik.

Fitnədən sonra poemada 7 iqlimdən gələn 7 gözəl qız obrazı yaradılıb və hər biri öz ölkəsindən, öz cəmiyyətindən bir hadisə nəql edir. Sanki bir nöqtədən 7 xətt ayrılır və hamısı tək həqiqətin açılmasına xidmət edir. Eyni zamanda, hər gözəl öz xalqına məxsus hekayəti nəql etsə də, burada şairin milli ruhu hiss edilir. Bu səbəbdən onun qadın obrazlarında Azərbaycan qadınına məxsus xüsusiyyətləri görmək mümkündür. Burada əhəmiyyətli bir xətti izləmək olur: yeddi gözəl vasitəsilə sanki qədim İpək yolu canlanır. Sadəcə indi ölkədən ölkəyə dəvə karvanları ilə var-dövlət yox, qələmin ucunda hikmət, ideya daşınır. Daha vacibi isə budur ki, ayrı-ayrı ölkələri birləşdirən, onları öz baxış bucağı ilə cilalayan Azərbaycandır. Biz də təhlilimizi, müasir dövrlə paralelimizi eyni prinsiplə qurmağa çalışmışıq. Bir tərəfdən, biz də fərqli iqlimləri əhatə etmişik. Digər tərəfdən isə, nümunə gətirdiyimiz hər şəxsiyyəti məhz Azərbaycan Qadınının obrazına müvafiq seçmişik: istər siyasi arenada sözünü deyə bilmiş, istər ictimai fəaliyyəti, xeyriyyəçiliyi, istərsə də xalqının təhsil və mədəniyyətinin inkişafında əhəmiyyətli rol oynamış, öz siması ilə yumşaq güc olub xalqının potensialını dünyaya tanıda bilmiş qadınlar. Azərbaycan qadını deyəndə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti; Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva nəzərdə tutulur.

Azərbaycan xalqı müstəqillik qazandığı ilk gündən güclü xarici təzyiqə, ikili standarta məruz qalıb. Bu təsirlərdən hər biri xalqın orijinallığına xələl gətirir, milli identikliyini pozurdu və proses get-gedə sürət yığırdı. Gözlə görülməyən belə bir bəlanın qarşısını yalnız Qadın gücü ala bilərdi. Məhz belə bir vaxtda Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın dəstəyi və qayğısı ilə muğam yenidən aktuallaşdırıldı, Azərbaycan mədəniyyəti, xalçaçılığı, incəsənəti dünyaya nümayiş etdirildi, Azərbaycan dünyaya sülhsevər ölkə kimi təqdim edildi. Bu, nəinki sadəcə passiv özünümüdafiə olmadı, əksinə, öz kimliyini dünyaya bəyan etmək, dünya ictimaiyyətinə sonsuz bir hikmətdən bəhs etmək oldu. Azərbaycanda təşkil edilən musiqi festivallarında, müsabiqələrdə, sərgilərdə sadəcə sənət nümunələri, şedevrlər göstərilmədi, onun təməlində duran düşüncə dünyaya tanıdıldı. Və dünya ictimaiyyətində Azərbaycanın, onun xalqının orijinal, dərin düşüncəli, yüksək mənəviyyatlı bir portreti yarandı. Bir Qadın təfəkküründən başlanğıc götürən möhtəşəm bir proses bütöv xalqın həqiqi simasını özünə qaytardı, milli ruhunu dirçəltdi. Həmin Qadın təfəkkürünün ayrı-ayrı çalarlarına bir də “Yeddi Gözəl” rakursundan baxaq.

Poemada 7 günbəzdən fərqli hekayətlər səslənir. Hərəsi bir hikmətin açarı olan bu rəvayətlərlə yanaşı, şair daha bir alt məna yükləyib bura: yeddi rəng vasitəsilə o, dünyanın Qadın mövqeyindən görülən üzünü göstərir və bu zaman o, hər rəngin iki tamamilə əks, bir-birinə zidd mənalarını qarşılaşdırır. Bununla sanki oxucu insanın daim belə seçim arasında qalmasının və həyatın əslində, düzgün seçimin axtarışında olub iki qütb arasında vurnuxmasından ibarət olmasının canlı şahidi olur.

Hind gözəli “Fürəyə, on dördlük ay kimi dilbər bir mələyə” məxsus ilk günbəzdə Bəhram şah qara rəngin iki xüsusiyyətini – həyatın dəyişməz qanunauyğunluğunu öyrənir: qara arzuları puç olanın libasının, eyni zamanda ləkədən, təhlükədən qorxmayan gəncliyin rəmzinin rəngidir.

Qara tükdür verən gənclikdən nişan,
Qaranlıq göstərər ağ üzü cavan.
Göz qarası ilə görər cahanı,
Kim görmüş ləkələr örtsün qaranı?

Hind gözəlini müasir dövrdə Pakistan gözəli Malala Yusufzai ilə qarşılaşdırmaq istərdik. Arzularının neçə dəfə puç olmasına baxmayaraq, ruhdan düşməyən, ölüm nöqtəsindən dönüb Nobel mükafatının ən gənc laureatı olan, “bir uşaq, bir müəllim, bir kitab və bir qələm dünyanı dəyişmək əzmindədir” deməklə dünya ictimaiyyətinə dərs keçən yeniyetmə qız. Malalanın həyat hekayəti – Simurq quşu kimi külündən doğulmaq istedadı dünyada neçə gəncə nümunə oldu, dərs otağının qapısını neçə qız uşağının üzünə açdı.

İkinci günbəzdə “Çin bəzəkli o Rum gözəli” Yağmanazın hekayətində sarı rəngin hikməti açılır. Bir tərəfdən, o, xəstəliyin nişanəsi olsa da, digər tərəfdən Cəbrayılın gətirdiyi ilahi xəbərin, hakimiyyətin, zərə bürünmüş zərifliyin də əlamətidir.

Ürək açan olur sarı hər zaman,
Halvaya təm verər ancaq zəfəran.
Zəfəran sarıdır, aldırma, burax,
Onu yeyənlərin şadlığına bax!

Zəifliklə zərifliyi özündə birləşdirməklə güc qazanmağın nümunələrindən biri, “İnsan ürəklərinin şahzadəsi” olan Uels şahzadəsi Ledi Dianadır. Tac gəzdirsə də, düşdüyü vəziyyətin acizliyi, çoxluq arasında tənhalığı, zər-ziba altında insanlığının yox olma təhlükəsi ona öz insanlıq missiyasını tanıtdı, ona yeni bir şəxsiyyət qazandırdı. “Özümü bu ölkənin deyil, sizlərin qəlbinin şahzadəsi kimi görmək istəyərdim” deyən zadəgan xanım xeyriyyəçi və sülhpərvər fəaliyyəti ilə bütün dünyada sadə xalqın sevgisini qazanmağı, milyonların ürəyində taxt qurmağı bacardı. Ən böyük arzusu insanlığa lazım olmaq, yalnız mövcudluğun deyil, var olmağın mahiyyətini dərk etmək istəyən Ledi Diana nəticədə Qadın tarixində öz səhifəsini yaza bildi.

Üçüncü yaşıl günbəzdə “bir kəklik yürüşlü, şux, solmaz pəri”, Xarəzm gözəli Nazpəri oturur və öz rəvayətində iman və xurafatı, daxildən gələn həqiqi güclə kənardan gələn aldadıcı və təhlükəli köməyi üz-üzə qoyur, şübhələr içində boğulan insanın fəlakətini nəql edir. Burada Allahın yer üzündə xəlifəsi olan İnsanla, yaradılışı zamanı onun qarşısında səcdə edən cinlər qarşı-qarşıya gəlir. Məlum olur ki, öz gücünü bilməyən, anlamayan İnsan cindən də zəifdir. Axı, məhz İnsan bildirir ki,

Hər işin sirrindən xəbərdaram mən,
Hər elmə vaqifəm, üstünəm səndən.
Səbəb boş deyilməz, gəl, düşün bir az,
Yolu xəyal ilə süpürmək olmaz.

Yaşıl rənglə şair məhz imanın bütün gücünü verməyə çalışır:

Yaşıllıq hər şeyin təravətidir,
Yaşıl rəng gözləri işıqlı edir.
Bitki yaşıllıqla həmahəng olar,
Cavanlıq hər zaman yaşıl rəng olar.

Burada Xarəzmin müasir məkanlarından birində – Qazaxıstanda belə zidd xüsusiyyətləri özündə cəmləyən bir qadın yada düşür – məhz öz daxili gücünə, istedadına və savadına arxalanan Dariqa Nazarbayeva. O, ölkəsinin siyasi meydanında layiqi söz deməklə, iqtisadi layihələrdə cəsarətli addımlar atmaqla, öz cəmiyyətinin ən həssas nəsli – yeniyetmələrin tərbiyəsi, fiziki əngəlli uşaqların mənəvi tərbiyəsi üçün əhəmiyyətli təkliflər irəli sürməklə yanaşı, öz mənəvi dünyasının, Yaradandan aldığı lütfü – gözəl metso-soprano səsini də unutmur.

Yeddi gözəl poemasının ən həyəcanlı rəvayətlərindən biri yəqin ki, qırmızı günbəzdə “türktək sevimli” Slavyan gözəli Nəsrinnuşdan gəlir və o, bir rənglə həm ölümü, həm həyatı anladır. Bir yanda qırmızı rəng axan “nakam göz yaşı, sevgi yolunda kəsilən başlar, al qana bulanan yollar, divarlar aqressiya və zülmün rəmzidirsə, digər yanda o, həyata, şahlığı və ucalığa işarə edir:

Qan ki ruhumuza qarışıb yaşar,
Canın bu lütfündə qırmızılıq var.
Ey insan oğlunda yaxşılıq gəzən,
Əsl yaxşılığı al rəngdə bil sən. 

İstər-istəməz bu məqamda belə ziddiyyətli mahiyyətə sahib bir ölkə – ABŞ və onun 49-cu vitse-prezidenti Kamilla Harris yada düşür. Əslində təzad dolu, bir-birini inkar edən məqamlar Harrisin həm ata-babalarından aldığı genində var, həm də öz ölkəsinin, təmsil etdiyi hakimiyyətin adından irəli sürdüyü təkliflərdə, islahatlarda. Avropa Parlamentində çıxışı zamanı Qərb ölkələrini “qadınlara işləyən və daha təhlükəsiz, daha güclü bir dünya yaratmağa” çağıran Kamilla Harris öz varlığı ilə Birləşmiş Ştatlara bir həqiqəti əyani şəkildə göstərdi: dərisinin rənginə, daşıdığı genlərə və cinsinə rəğmən, insan ilk növbədə Şəxsiyyət kimi yetişməyi bacarmalıdır.

Beşinci günbəzdə “nurə qərq eləyən günü, ulduzu, Məğrib padşahının Azəryun qızı” firuzə (göy) rəngin hikmətini açır. Bu fani dünyanın keçici zövq-səfasına aludə olmaqla, nəfsinin quluna çevrilməklə insan nəinki Allahdan aldığı ilahi lütfü, ali mahiyyətini, hətta şəxsiyyətini, varlığını da unutmağa, ən ali məqamdan ən rəzil vəziyyətə düşməyə qadirdi.

Yalana doğrudan pərdə tutarlar,
Bəzən də ki bala zəhər qatarlar.
Sönükdür hər zaman yalan xəyallar,
Yalnız həqiqətdə ölməz qüvvə var. 

Sahib olduğu var-dövləti, iqtidarı xalqının maarifləməyinə, sağlamlığına yönəldən müasir ərəb gözəli – Qatar şahzadəsi Şeyxa Moza ərəb dünyasında sanki özü boyda bir inqilab mücəssəməsidir. Ölkəsində azad KİV və vətəndaş cəmiyyəti yaratmaq uğrunda ciddi fəaliyyət göstərən, Qatarı yeni “Silikon vadi”yə çevirmək üçün elm və texnologiya parkı yaradan Şeyxa Moza qadının öz simasını, gözəlliyini qurban vermədən, insanlıq mahiyyətini itirmədən, tərəqqinin, maarifçiliyin də aşiqi olmağın mümkünlüyünü göstərir.

Altıncı səndəl ağacı rəngli günbəzdə “şanlı qeysər qızı, şöhrətli Humay, Humayun gözəli, surəti Humay” əbədi bir mübarizəsinin Xeyir və Şərin qarşı-qarşıya durmasının nağılını danışır. Hər nə qədər Xeyri kor edib, susuz çöllərdə kimsəsiz qoysalar da, Yaradan onu tək qoymur, çünki dünyanın varlığı zatən xeyir üzərindədir. Axı, onun əli ilə bəndələrin imanı, ümidi ölmür. Bu mübarizə bu gün də davam edir və şərə qarşı uyğur gözəli – Rabiə Qadir mübarizə aparır. Uyğur dissidenti, “Ümumdünya Uyğur Konqresinin” prezidenti, xeyriyyəçi və uyğur təşkilatlarını hər vasitə ilə dəstəkləyən bu xanım xalqına zülm edənlərə və ondan qat-qat güclü olanlara nəinki meydan oxudu, hətta “tarixin başqa üzünü göstərə bildi”. Çünki rəvayətdəki Xeyirin də söylədiyi kimi,

Hər kimin olarsa Allah pənahı,
Odur xoşbəxtliyin əbədi şahı.
Mənim taleyimə Allah oldu yar,
İqbalım eylədi məni tacidar.

Nəhayət, sonuncu ağ günbəzdə “Keykavus nəslindən dilli, diləkli, Kəsranın Dürsəti tavus bəzəkli” gözəl təmizliyi, paklığı tərənnüm edən rəvayət söyləyir.

Rənglər çox sünidir, dünyada bir ağ
Bilməyir sünilik, bilməyir boyaq.
Nə zaman eyləsən haqqa ibadət,
Ağ libas geyməkdir yaxşı əlamət.

Bütün poema boyu fərqli hadisələr arasında vurnuxan, bəzən əyrinin üstün gəldiyini düşünən insan rahatlığı yenə saflıqda, ucalıqda tapır, çünki bu, Haqqın yoludur. Hər nə qədər tez ləkə götürən olsa da, bu sağ yolu tutan insanlar pisliyin yer üzünü almasından, işığın üzünü kirin tutmasından xilas edir. Ağ rəngin saflığına, səmimiyyətinə yaraşan tək qadın obrazı Anadır. Düşmənin tapdağında qalsa da, öz oğlunu səbirlə gözləyən Ana-Torpaq, oğlunu Vətən üçün şəhid verib, başını dik tutan şəhid Anası, övladının aydınlığa çıxması üçün ürəyini çıraq edən sadə bir Ana.

Biz “Yeddi gözəl”i bir az fərqli, daha dəqiq, qadın baxış bucağından təhlil etdik. Əslində, biz poemadakı süjet xəttini öz ideyamıza tətbiq etdik: 7 ayrı-ayrı rəvayətlə bir Qadın obrazının hikmətini, xüsusiyyətini açmağa çalışdıq. Bu qadınlardan hər birinin təqdirə, yaxud tənqidə layiq çox keyfiyyəti ola bilər. Ancaq biz məhz onları Şəxsiyyət edən, digərləri arasında fərqləndirən keyfiyyətlərini önə çəkdik. Təhsil üçün dünyanı səfərbər edən Malala Yusufzai, ürəklərdə taxt quran Ledi Diana, daxili işığına güvənib irəli gedən Dariqa Nazarbayeva, insanlığı hər şeydən ucada tutan Kamilla Harris, var-dövləti xalqının sağlamlığı və təhsili üçün xərcləyən Şeyxa Moza, xalqının düşməninə meydan oxuyan Rabiə Qadir, nəhayət böyük hərflərlə yazılan Ana – hər biri Mehriban Əliyevanın şəxsiyyətindən bir parçadır, kimisi az, kimisi çox. Ancaq daha neçə ali xüsusiyyət açılmamış qalır.