Nazirlər Kabineti yanında Operativ Qərargah müvafiq qaydalara riayət etmək, o cümlədən tamaşa zalının ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə oktyabrın 1-dən teatr, kinoteatr və konsert müəssisələrinin tamaşaçıları qəbul etməsinə icazə verilib.
Bununla da uzun fasilədən sonra teatrsevərlərin böyük səhnə, kinomanların isə böyük ekran həsrətinə son qoyulub.
Nizami Kino Mərkəzinin direktor müavini Arzu Əhədova bildirib ki, oktyabrın 1-dən mərkəzin fəaliyyəti bərpa olunub. Kinoteatrda dezinfeksiya işləri aparılıb. Əməkdaşlarımız böyük sevinclə işə qayıdıblar. Yeni filmlərimiz oktyabrın 7-dən təqdim olunacaq. Hazırda pandemiyadan əvvəl cəmi bir neçə gün nümayiş olunan və tamaşaçıların sevərək gözlədiyi filmləri nümayiş etdiririk.
Direktor müavini tamaşaçıların COVID pasportu təqdim edərək kinoteatra daxil ola biləcəklərini deyib. Bildirib ki, bu günlərdə kinohəvəskarları “Ağanatiq 2”, “Sevgi romanı” və “Xoxanlar” filmlərini izləyə bilərlər. Seanslar barədə mərkəzin saytı vasitəsilə məlumat almaq mümkündür.
“CinemaPlus” kinoteatrlar şəbəkəsi Müşahidə şurasının sədri Zaur Darabzadə bildirib ki, şəbəkəyə daxil olan bütün kinoteatrlarda fəaliyyət bərpa olunub. (azertag)