- Mədəniyyət

Nizami “Xəmsə”si haqqında əsər ingilis dilində

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri, professor Mehdi Kazımovun ingilis dilində “Khamse” of Nizami Ganjavi and literature in persian (tradition of nazire to “Haft peykar” in the XIV-XVIII centuries) (“Nizami Gəncəvinin “Xəmsə”si və farsdilli ədəbiyyat (XIV-XVIII əsrlərdə “Həft peykər”ə nəzirə ənənəsi”) kitabı çapdan çıxıb.

525.az xəbər verir ki, M.Kazımovun kitabı Nizaminin “Xəmsə”sinin beş unikal poemasından biri olan “Həft peykər”ə və XIV-XVIII əsrlərdə ona yazılmış nəzirələrin kompleks araşdırılmasına həsr olunub. Kitabda qeyd olunur ki, “Həft peykər”də ədəbi və folklor mənbələri sıx şəkildə çulğalaşıb, kökləri qədim dövrlərə gedən süjet-kompozisiya üsullarından istifadə olunub. Bu əsərdə ciddi mühakimə və qiymət tələb edən dərin fəlsəfi-ictimai məsələlər qaldırılıb,  eyni zamanda hadisələrin müəmmalılığı və incəliyi ilə təcəssüm olunan əyləncəli başlanğıc əks olunub. Və nəhayət bu əsər Şərqdə geniş ədəbi münasibətlər, orta əsrlərdə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və şəhər həyatının çiçəklənməsindən xəbər verir. Nizami bu əsərdə illərlə müdrik mütəfəkkir, eyni zamanda şeirinin ahəngdarlığı ilə oxucunu cəlb edən, poetik nümunələrin işlənməsində sonsuz imkanları olan sənətkar kimi görünür. Poema xüsusi cazibədarlığa malikdir. Onun təsiri, “Xəmsə”nin bütün poemaları kimi Azərbaycan sərhədlərini aşıb, müxtəlif ölkələrdə və müxtəlif dillərdə ona cavablar yazılıb. Çoxsaylı şairlər məhz “Həft peykər”i istinad nöqtəsi seçərək Nizaminin ardıcıllarına çevriliblər.

Nizaminin “Həft Peykər” poeması poetikanın bir sıra problemləri işığında tədqiq edilib. “Həft Peykər”də əsər və məkan-zaman münasibətlərinin janr sinkretikliyinə nəzər salınıb, süjetlərin genezisi onların XIV-XVIII əsrlərdə sonrakı transformasiyasında izlənilib. Nizami davamçılarının təhlilində poetik “cavab”ın bir sıra səciyyəvi xüsusiyyətlərinin əksi göstərilib, nəzirədə normativlik və yaradıcılıq fərdiliyi məsələləri araşdırılıb, janr formasının təkamülü, təsvir vasitələrinin istifadəsi tədqiq edilib.