(N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illik yubileyinə ithaf olunur)
Nizaminin adını
Daşıyan ülvi məkan
Ədəbiyyat Muzeyi –
Bir kiçik Azərbaycan.
Muzey qoynuna alıb
Şair oğul, qızların
Bərq vurur bu məkanda
Ədəbi ulduzların.
Məhsəti rübaisin
Deyir Gəncə zalında.
Barbəd çalıb dinləyir
Şeirini Xəyyamın da.
Ey Nizami yurdunun
Ətir saçan çiçəyi,
Qəsidəylə döyünür
Xaqaninin ürəyi.
Bax, ey sözün Allahı,
Burda tutmusan qərar.
Nizami sorağını
Qonaqlar burda arar.
Cazibədar rəsmlər,
Nəqş edilib “Xəmsə”si
Bu salonda qurulub
Nizami təntənəsi.
Təmtəraqlı zalında
Hökmən dolaşır ruhun
Əzəmətli tablosu
Qəzənfər Xalıqovun.
Dilə gəlib danışır
Hər parçası daşların.
Bir hekayə, əfsanə
Kəlməsi naxışların.
Fərhad əlində külüng
Yarır Bisütun dağın.
İskəndər Nüşabəylə
Gəzir Bərdə torpağın.
Dinləyir Ənuşirvan
Bayquşların söhbətin
Haqq, ədalət carçısı
Yayılıbdır şöhrətin.
Təkəbbürlü Bəhram Gur
Öyüd, ibrət istəməz
Azərbaycan gözəli
Fitnə verir ona dərs.
Heyvanlarla dərdləşir
Məcnun qaçıb səhraya,
Əmir Xosrov, Əlişir
Düzülüb tamaşaya.
Ədəbiyyat eşqini
Duyanların məskəni
Gəncətək bu muzey də
Nizaminin vətəni.
Yurddaş, gəl bu vitrinə
Yaxşı-yaxşı nəzər sal,
Şairin əbasından
Gəncənin ətrini al.
Nizami sənətinə
Vurğun olanlar gəlir.
Sözün əzəmətinə
Heyrətlənir Şekspir.
Haray verir səsinə
Qonşu zaldan Nəsimi.
Xətainin qılıncı
Füzulinin qələmi.
Qədəm qoyan hər qonaq
Dinləyir haqqın sözün
Doqquz əsr keçsə də,
Sözünlə varsan özün.
Şeirin, sehrin yayılmış
Başdan-başa cahana
Əbədi nur bəxş etdin
Elin Azərbaycana.
Səksən illik Muzeyin
Adını səndən aldı
Nizam ilə yaşayıb
Nizamilə ucaldı.
Natəvan Bağırova
4 iyun 2020-ci il