- Mədəniyyət

Norveçdə “Sənət diplomatın gözü ilə” adlı rəsm sərgisi açılıb

Norveçdə rəssam və diplomat Gülşen İpiçürüğün “Sənət diplomatın gözü ilə” adlı rəsm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, açılışı Norveçin Bərum şəhərində baş tutan sərgidə nümayiş olunan rəsmlər, rəssam və diplomat Gülşen İpiçürükün Türkiyə, Azərbaycan, müxtəlif Afrika ölkələri və Norveçdən aldığı ilham nəticəsində ərsəyə gəlib.

Diplomat Gülşen İpiçürüğün sərginin mahiyyəti haqqında təqdimatının ardınca, Türkiyənin Norveçdəki səfiri Fazlı Çorman çıxış edərək yeni uğurlu təşəbbüs münasibətilə rəssamı təbrik edib. Belə maraqlı sərgilərin əhəmiyyətini vurğulayan diplomat deyib: “Sözlərlə ifadə edilməyənləri, sənətin gücü ilə həmişə ifadə etmək mümkündür”.

Sərgi çərçivəsində norveçli həmyerlimiz modelyer və diaspora fəalı Şervin Nəcəfpurla, Gülşən İpiçürüğün türk xalqlarının mədəniyyətinə aid olan “Arzu ağaçı” (Dilek Ağaçı) layihəsinin də təqdimatını keçirib.

Qeyd edək ki, mərasimin bədii hissəsində qonaqlara türk musiqisi təqdim olunub.