- Mədəniyyət

Nüfuzlu “Turizm Oskarı”nın təqdimatı mərasimi ilk dəfə Gürcüstanda keçiriləcək

“Turizm Oskarı” kimi tanınan beynəlxalq “World Travel Awards” mükafatının təqdimatı mərasimi ilk dəfə olaraq Gürcüstanda keçiriləcək. Batumi sentyabrın 28-29-da bu nüfuzlu tədbirə ev sahibliyi edəcək. AZƏRTAC xəbər verir ki, bu barədə Acariya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Gürcüstanın Qara dəniz sahilində yerləşən bu şəhərində aparıcı turizm şirkətlərinin 300-dək nümayəndəsinin, eləcə də 20-dən artıq ölkənin biznes və dövlət müəssisələrinin iştirak edəcəyi turizm forumu təşkil olunacaq.

Sentyabrın 29-da keçiriləcək tədbirdə Avropanın aparıcı turizm istiqamətlərinin adları açıqlanacaq. “World Travel Awards” mükafatının nominasiyalarından birində Botanika bağı və Batumi bulvarı təmsil olunacaq.

Tədbiri populyar səyahət blogerləri və “Euronews”, “Wanderlust”, “Emerging Europe” və “EarthPix” kimi beynəlxalq KİV-lər işıqlandıracaq.

“World Travel Awards” mükafatı 1993-cü ildə təsis edilib və bu gün turizm sektorunun beynəlxalq tədbirlər təqvimində əhəmiyyətli yer tutur.

Bu brend turizm sənayesinin aparıcı subyektlərini, qərar qəbul edən şəxslərini, habelə reytinqli KİV (jurnal və qəzetlər, televiziya, radio, onlayn platformalar, sosial şəbəkələr və s.) nümayəndələrini birləşdirir. Mükafat ən yaxşı turizm istiqamətlərinə, otellərə, turizm agentliklərinə, turizm və istirahət məkanlarına, həmçinin dəniz, avtomobil, hava nəqliyyatı şirkətlərinə və ölkələrə təqdim olunur.