…Hər il yazqabağı yaşıdlarımın çoxu kimi xəyalən uşaqlıq və gənclik illərimin Novruz çağlarına dönürəm. Martın ilk günlərindən başlayaraq el-obanın böyük ruh yüksəkliyi ilə güllü – butalı Novruzun pişvazına çıxmaq üçün tədarük görməsi, ilaxır çərşənbəni, Novruz bayramını istəyincə qarşılaması barədə xatirələr indiki uşaqlara nağıl kimi görünə bilər.
Üzümüzə yaz nəfəsi toxunan nurlu səhərlərin birində baxıb görərdik ki, bağ-baxçada gül-gülü çağırır, bülbül-bülbülü. Tumurcuq vurmuş ağaclar ağac, baharı ilk müjdələyən quşlar quş dili ilə Novruzun gəlişindən soraq verirlər. Bahar fəslinin gözəlliyini susləyən yasəmən güllərinin qoxusu yol-yolağı bürüyərdi. Gül-çiçəklər bağlara, qartallar zirvəyə, şəlalalər dağlara, leyləklər səmaya yaraşdığı kimi, Novruz da yurdumuzun ellərinə-obalarına yaraşardı…
Novruzun gəlişi fəsillərin və nəsillərin görüş çağına dönürdü. Uzü nurlu ağbirçək nənələrin dilindən xeyir-dualar əskik olmurdu. Müdrik babalar süfrə başına yığışan nəvə-nəticələrinə öyüd verərdilər ki, bəs dədə-babadan qalma adəti-ənənə var: Belə əziz axşamlarda kimsəsizləri tək qoymazlar, elə ki, Novruzun “topu” atıldı durun, bayram xonçasından pay götürün, gedin sonsuzlara, kimsəsiz qocalara baş çəkin! Savab qazanın, bu əziz axşamlarda…
Bəli, əzəldən elin gözü tərəzi, dürlü-dürlü sözü-söhbəti öyüd-örnək olub! Ağsaqqallar deyərdilər ki, köhnə ilin haqq-hesabını təzə ilə saxlamazlar. Beləcə ilin axır çərşənbəsinə kimi borclar ödənilərdi.
…Torpağa sonsuz sevgisi ilə cütü-xışı yaradan zəhmətkeş dədə-babalarımız: “Durna gəldi şuma çıx…” – deyə sumaçıxma mərasiminə səsləyərmişlər əkinçiləri. Toxum səpməyi elin-obanın ən hörmətli, ayağısayalı adamlarına etibar edərmişlər…
Novruz – ana təbiətin insanlara bərabərlik, mehribançılıq, barış, sevgi, şadyanalıq təklifi idi… Novruzun gəlişinin ən ümdəsi onunla əlamətdar olardı ki, çoxdanın küsülüləri bir-birilə əl tutub bayramlaşar, umu-küsünü unudardılar. Babalar “Bayram küsülü sevməz”,-deyə ən yaman günün küsülülərini belə barışığa çağırar, ağbirçək nənələr də deyərdilər ki:
Gəbənin eni qarış,
Güllü – butalı naxış.
Bayram küsülü sevməz
Qadan alım, gəl barış!
Əsrlərin sınağından çıxmış Novruz ruhlu uluca-uluca nəğmələr, vəsfi-hallar, bilməcələr, söyləmələr uşaqlı-böyüklü məclislərə şadyanalıq qatardı. El-obada sinədəftər qocaların bayatı, rəvayət, ocaqdibi söhbətləri bayramın söz sovqatı, söz bəzəyi olardı.
…Totuq-motuq oğlan uşaqları bahar rəngli qurşaqlar atardılar evlərin qapısından. Qəlblərinin genişliyi yerə-göyə sığmayanlar qurşaq atanları sevindirər; iydə, kişmiş, badam, qoz, fındıq, rəngli yumurtalar düşərdi uşaqların payına.
Uşaq və yeniyetmə çağlarımızda tay-tuşlarımızla belə günlərdə unnuqlarda una basdırılmış yumurtaları döyüşdürərdik. Ən bərk yumurta “səsəl” adlanardı. Yumurta döyüşünün bir növünə də “qatar döyüşü” deyərdilər. Bu “döyüş” təkcə uşaqların deyil, böyüklərin də arasında keçirilərdi. Adətə görə yumurtaya baxışmaz, dəyiş-düyüş etməzdilər. Sonda “qatardan” daha çox, salamat çıxan yumurtaların sahibi qalib gələrdi.
El arasında bu günəcən sınaqdan çıxmış mərd adama filankəs “qatardan çıxıb” deyirlər. İnsanlar arasında barişı, mehribançılığı yaradan həm də bir-birindən maraqlı xalq oyunları idi. “Sultanoyunu”, “Bəhməngizir”, “Əlbəndi”, “Gözbağlıca”, “Təkbələncüt”, “Xan-xan” oyunu, “Beş daş”, “Qayışgötürdü”, “Atmindi”, “Çiling-ağac” və s. xalq oyunları insanlarda bayram ovqatı ilə yanaşı, çeviklik, sağlam düşüncə, möhkəm birlik yaradırdı.
Göydən yerə nur ələndikcə, ana torpağın bahar fərəhi, sevgisi köksünə sığmazdı. Bir də baxardın ki, yaz yağışının damcıları ilə yaz günəşinin şuaları səmada elə bir möcüzə yaradıb, gəl görəsən. Masmavi göyərin tağına qovsi-quzehin “naxış vurduğu” rənglər silsiləsi könülləri oxşardı. Qədim el inamına görə göy qurşağının altından keçən adamın arzusu hasil olarmış!.. Bir də el arasında yeddi rəngli göy qurşağına qarı nənənin örkəni, “Fatma nənənin hənası” da deyirlər. Novruz bayramı öynəsində elin başbilənləri göy qurşağına baxıb, nəyin bol, nəyin qıt olacağını xəbər verərdilər; qırmızı rəng arpa-buğdanın, sarı rəng darının, yaşıl rəng paxlanın rəmzi sayılırdı…
Xeyirli – bərəkətli yaz günləri evlərdə şirinçörək, şəkərbura, paxlava bişirən gəlinlərimiz, ana və nənələrimiz bir-birinə könülxoşluğuyla: “Toy çörəyi yapasan!”, “Bayam xoncasını ilbəil artıq tutasan!”- deyə xeyir-dualar verərdilər…
Bayram xonçasında yamyaşıl səməni tellənər, ətrafında rəngbərəng şamlar yandırarlar. Bu şamlar da adi şamlar sayılmaz. Arzu, sevgi, murad şamları deyərlər onlara! Hər evdə baharın ilk nemətinə – səməniyə alqış nəğmələri oxuyardılar:
Səməni, saxla məni,
İldə göyərdərəm səni…
Yeddi rəqəmi xalqımızın düşüncəsinə görə müqəddəs olduğundan Bayram süfrələrinə adətə görə, gərək yeddi löyün xörək, yeddi cür şirniyyat, yeddi cür qovurğa və çərəz, mer-meyvə düzülə, həyətlərdə, meydanlarda yeddi tonqal çatıla:
Ağırlığım, uğurluğum burda qalsın,
Dərdim, bəlam odda yansın…
-deyib hoppanardıq uşaqlı-böyüklü tonqalların üstündən. (Bu gün xalqımızın nə ki, dərdi, ağrısı-acısı varsa, qoy Novruz tonqallarında alışıb yansın!)
Atıl-matıl, çərşənbə,
Ayna kimi bəxtim açıl, çərşənbə!
-deyərək qəlblərində gizli istək, sevgi cücərən el qızları niyyətlərinin işığında yamyaşıl sabahlara boylana-boylana qulaqasdıya yollanardı qonum-qonşu qapısına. Adətən üç evə baş çəkib, qapı pusardılar. Odur ki, hər evin ağbirçəyi-ağsaqqalı buyurardı ki, belə əziz axşamlarda gərəkdi ki, xoş sözlər danışasan, olub-olmuşlardan məzəli söhbətləri yada salıb, deyib-güləsən… Deyərdilər ki, yazda gülənin ömrü də uzun olar. “Deyin, gülün, şənlənin, ömrünüz uzun olsun!”
Bu bayram günlərində həm də əziz və müqəddəs insanların məzarını ziyarət olunur, ruhlarına dualar oxunur…
Azərbaycanda Şura höküməti qurulandan sonra Novruz -dini bayram kimi bolşeviklərin hücumuna məruz qalıb. Buna baxmayaraq xalqımız Novruzu uzun müddət əziz və milli bayram kimi ailə çevrəsində keçirib, adət-ənənələrini qoruyublar.
…1967-ci ildə dövlət xadimi Şıxəli Qurbanovun adı Novruzla qoşa çəkilməyə başladi. Məhz həmin ilin baharında Suraxanı atəşgahından gətirilmiş od Bakının qoynunda – məğrur və əfsanəvi Qız Qalasının yaxınlığında böyük Novruz tonqalını şölələndirdi. Gəlin kimi bəzədilmiş Bahar qız obrazını canlandıran Səfurə İbrahimovanın şənliyə at belində gəlməsi və təbriki ağ-qara kinolentin yaddaşına həkk olunub. Böyük bayram tonqalı günəşin yerdəki simvolu kimi xalqımızın taleyini nura qərq etdi. Novruzun hər gəlişi Odlar Yurdunun adına ucalıq, əzəmətinə əzəmət, vüqarına vüqar qatdı, bayram şənlikləri təntənəli məqamlarla zənginləşdi. O zaman Bakı şəhər partiya komitəsində ideologiya üzrə katib vəzifəsində çalışan və Şıxəli Qurbanova Novruz şənliyinin keçirilməsində böyük mənəvi dəstək verən rəhmətlik Vəli Məmmədovun xidmətlərini də unutmaq olmaz! Novruzun Azərbaycanda rəsmi “milli vətəndaşlıq vəsiqəsi” alması onun Orta Asiya respublikalarında da bayram kimi qeyd olunmsına rəvac verdi.
Novruz bayramının bərpa olunması mahiyyətcə xalqımızın azadlıq əzminin nümayişi idi və ilk növbədə milli dövlətçilik quruculuğuna xidmət edirdi. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Novruzu rəsmi bayram elan etdi.
…Bu gün üçrəngli bayrağımız da allı-güllü Novruzun gözəlliyinə gözəllik qatır. Novruz abadlıq, səliqə sahman, barışıq və s. ilə yanaşı, həmrəylik və sülh rəmzidir, bütün nəsillərdən olan insanların bir-birinə bənzərsiz ehtiram vədəsidir. Azərbaycanda ta qədimdən Novruzda bütün ailə üzvlərinin birlikdə mübarək bayram süfrəsinin başına yığışması yaxşı əlamət sayılır.
…Etiraf edim ki, nə qədər təmtaraqlı keçirilsə də indiki Novruz nə bizim uşaqlıq, nə də gənclik dövrümüzün Novruzuna bənzəyir. Lakin hamımız cani-dildən Uca Tanrıya DUA edirik ki, hər evə, hər ailəyə, uşaqdan – böyüyə hər bir Azərbaycan vətəndaşına Novruz bayramı xoşbəxtlik gətirsin!
Mən də bu yazıma bayram ovqatla nöqtə qoyaraq dua edirəm: Qoy bu Novruzun qədəmləri uğurlu olsun! Allah hər birinizə tükənməz yurd sevgisi, xeyir əməl, cansağlığı, xoşbəxtlik, bol ruzi, əmin-amanlıq nəsib etsin!