- Köşə

Nüşabə Hüseynli. “Tokio dərsi”ndən çıxaracağımız nəticə

 

Tokio-2020 Yay Olimpiya Oyunlarının karate üzrə gümüş mükafatçısı İrina Zaretska üzr istəyib. Əvvəlcə Azərbaycan Prezidentindən, sonra da xalqımızdan. Qızıl medal qazana bilmədiyinə görə. Üzr istəmək nəciblikdir, ədəbdən sayılır. Tokio söhbətində bu həm də “Mən sizin məyusluğunuzu gözəl başa düşürəm, buna görə çox pərişanam” deməkdir.

Xalqımız alicənabdır. Bağışlamayıb neyləyəcəyik ki? “Əşşi, unudun getsin” prinsipi ilə elə adamlara, elə qonşulara elə şeyləri bağışlamışıq ki… İrinka, səni qırmarıq. Sağ ol ki, durumun ağırlığını anlayır və özünü bunda məsul bilirsən. Amma sənin üzrxahlığın vəziyyəti yüngülləşdirmir. Ortalıqda bəlli rəqəm var:    44-7(3 gümüş+4 bürünc) =37.

37 rəqəminin də ki adı yaman bədnamdır. Tarixdəngəlmə xroniki antipatiya var bu rəqəmə qarşı. Gəldi idmanda da özünü göstərdi. Belə çıxır ki, 44 nəfərdən 37-si burdan Tokioya,  “əsas iştirakdır” prinsipilə gedibmiş. Buna görə də, testləri neqativ çıxıb olimpiadada iştirak etdiklərinə görə məqsədlərinə də çatmış sayılırlar. Təbii,  bioqrafiyasına “olimpiya iştirakçısı” yazdırmaq şansını niyə qaçırtsınlar ki? Bəs “33 idman növündən 13-də Azərbaycan nümayəndəsi də iştirak etdi” hesabatı kimə lazımdır? Bəlkə bilmədiyimiz hansısa öhdəliklər, məcburiyyətlər var və ölkəmiz mütləq onlara əməl etməlidir? Əks halda ilin-günün bu vaxtında, hər qəpiyin yeri olduğu zamanda bu qədər adamı Tokioya gəzməyə aparmaq heç  anlaşılan deyil.

Səbəbi pandemiyada axtarmayaq, lütfən. Bundansa, yaxşısı budur gəlin özümüzdən bir səbəb uyduraq…
Pandemiya tək bizim ölkəyə gəlməyib, üstəlik, bildiyim qədəri, olimpiadaya lisenziya qazanmış idmançılara məşq üçün şərait yaradılıb.

Müstəqillik tariximizdə idman bizim üçün prioritetə çevrildi.  Büdcənin ən qaymaqlı yeri məhz idmana ayrıldı. Elə bir bir rayon qalmadı ki, orada olimpiya mərkəzi tikilməsin. Bu sahə uşağını idmançı görmək istəyən valideynlərin sayının artan tempinə uyğun olaraq sürətlə genəlməyə başladı. Təbii… Valideynlərin də istəyi başadüşülən idi: pul tək polisdə, hakimdə deyil, artıq idmanda da var idi.

Amma zaman axdıqca idmanlı həyatın dadını çıxarda-çıxarda gəlib elə bir gerçəkliyin astanasında dayandıq ki, bununla mütləq hesablaşmaq lazımdır.

Bizdən üzgüçü çıxmaz – nə olsun ki Xəzərimiz var. Biz velosiped sürməyi də nazirimizin sayəsində təzə-təzə örənirik, hələ yarışlıq deyilik. Qılıncoynatmada da ortalığa bir şey qoya bilməmişik, badminton tarixçəmizi isə dil deməyə acizdir, burda artıq saz lazımdır…

Azərbaycan tarixində yeni mövsüm başlayıb. Əvvəlki mövsümdən təzəyə nələrin daşınacağına, əhəmiyyətlilik dərəcəsinə “Tokio dərsi”ndən sonra, yəqin ki, daha diqqətlə baxılacaq. Çox ümid edirəm ki, “trendə düşməy”in artıq köhnəlmiş yanaşma olması qənaətini yeni tariximizdə hiss edəcəyik. Çünki bizə böyük məqsədlər naminə qələbələr lazımdır, ayrı-ayrı niyyətlər naminə yox…