İki illik fasilədən sonra yenidən Nyu-Yorkda “Toni mükafatları”nın təqdimat mərasimi keçirilib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, pandemiyaya görə hər dəfə təxirə salınan 74-cü “Toni mükafatları”nda “Mulen Ruj” müzikli əsas qalib seçilib.
Teatr aləmində “Oskar”ın analoqu sayılan “Toni mükafatları” bu il tam formatda keçirilib. Zalda əyləşənlərin hamısı maska taxıb və vaksin olunub.
28 nominasiya arasında ən çox diqqəti “Ən yaxşı tamaşa” və “Ən yaxşı remeyk” nominasiyaları cəlb edib. İlk mükafat alanlardan ABŞ ordusunda irqçilikdən bəhs edən “Əsgər pyesi” olub. Laureatlar təltif olunmada ötən il polis tərəfindən saxlanılarkən vəfat etmiş Corc Floydu xatırlayıblar. Ən yaxşı tamaşa nominasiyası üzrə mükafatı isə “İrs” tamaşası qazanıb.