- Ədəbiyyat

Oakar UAYLD – İlahi məhkəmə

Məhkəmə zalında sakitlik idi. İnsan çılpaq halda Allahın hüzuruna çıxdı.

Allah İnsanın Həyat Kitabını açdı.

Və Allah İnsana dedi:

  • Yaramaz həyatın olub. Köməyinə möhtac olanlara qarşı qəddar olmusan. Köməksiz qalanlara amansız və daşürəkli yanaşmısan. Səni çağıran yoxsulların səslərini eşitməmisən. Qulaqların mənim əzabkeşlərimin səslərinə bağlı olub. Atasızların varidatını mənimsəmisən, tülküləri qonşunun üzüm bağına göndərmisən. Uşaqların çörəklərini əllərindən alıb itlərə yedirtmisən. Bataqlıqlarda yaşayan, heç kəslə işi olmayan və mənə sitayiş edən cüzamlı bəndələrimi oradan qovub yollara salmısan, Mən yaratdığım torpaqlarda məzlumların qanını axıtmısan.

İnsan cavab verdi:

  • Bəli, bu cür etmişəm.

Allah yenidən İnsanın Həyat Kitabını açdı. Və Allah ona dedi:

  • Şər işlərdən uzaq durmamısan. Axtardığın Gözəlliyi sənə göstərdim, gizlətdiyim Yaxşılığın isə böyründən keçib getdin. Otağının divarlarını şəkillərlə bəzədin, günah yatağından fleyta səsləri ilə oyandın. Etdiyin günahlara səbirlə yanaşdım, sən bu günahlarını müqəddəsləşdirərək onlar üçün yeddi qurbangah[1] tikdin, yeyilməsini qadağan etdiyim (haram buyurduğum) şeyləri daddın. Əynindəki bənövşəyi[2] paltarda rüsvayçılığın üç naxışı vurulub. Sənin sitayiş etdiyin bütlər xarab olmayan qızıldan və ya gümüşdən deyildilər, onlar çürüyən ətdən ibarət idilər. Sən onların saçlarına ətir səpdin, əllərinə nar[3] verdin, ayaqlarını zəfəranla boyadın, ayaqlarının altına xalılar sərdin. Göz qapaqlarına sürmə çəkdin, əndamlarına mirra[4] sürtdün. Onların hüzurunda təzim etdin, yerə qədər əyildin, pərəstiş etdiyin bütlərə Günəş altında taxt qurulmuşdu. Bu ayıbını Günəşə, dəliliyini isə Aya göstərdin.

Və İnsan cavabını hazırladı və belə dedi:

  • Bu cür də etmişəm.

Allah üçüncü dəfə İnsanın Həyat Kitabını açdı. Və Allah İnsana dedi:

  • Bütün həyatın şər içində keçib, yaxşılığa pisliklə, mərhəmətə haqsızlıqla cavab vermisən. Səni yedirdən (çörək verən) əlləri yaralamısan, sənə süd verən döşlərə nifrətlə baxmısan. Sənə su gətirən adamı susuz geri qaytarmısan və sənə çadırında yatmağa yer verən canini dan yeri sökülməmiş ələ vermisən. Sənə qıymayan (rəhm edib bağışlayan) düşmənini pusqu qurub tələyə salmısan və sənə yoldaşlıq edən adamı pula satmısan və sənə Sevgi gətirən insanlara Şəhvətlə cavab vermisən.

Və İnsan cavabını hazırlayıb belə dedi:

  • Bu cür də etmişəm.

Allah İnsanın Həyat Kitabını bağladı və dedi:

  • Əlbəttə ki, səni Cəhənnəmə göndərəcəyəm. Hə, səni məhz Cəhənnəmə göndərəcəyəm.

İnsan çığırdı:

  • Bacarmayacaqsan! (Bacarmazsan!)

Və Allah İnsana dedi:

  • Mən niyə səni Cəhənnəmə göndərə bilmərəm ki? Hansı səbəbə görə göndərə bilmərəm?
  • Çünki mən ömür boyu Cəhənnəmdə yaşamışam!, – İnsan cavab verdi.

Məhkəmə zalına sükut hakim oldu…

Bir az sonra Allah dilləndi və O, İnsana dedi:

  • Bir halda ki, səni Cəhənnəmə yollaya bilmirəm, onda elə isə səni Cənnətə göndərəcəyəm. Hə, səni məhz Cənnətə göndərəcəyəm.

Və İnsan çığırdı:

  • Bacarmayacaqsan! (Bacarmazsan!)

Və Allah İnsana dedi:

  • Mən niyə səni Cənnətə göndərə bilmərəm ki? Hansı səbəbə görə göndərə bilmərəm?
  • Çünki heç vaxt, heç yerdə onun nə olduğunu bilmədim (təsəvvür edə bilmədim), – İnsan cavab verdi.

Və məhkəmə zalına sükut çökdü…

Tərcümə etdi: Aygün Əziz

[1] Yeddi qurbangah Bibliyadan gəlir.

[2] Bənövşəyi rəng Bibliyada dərin məna kəsb edir: bu rəng müqəddəslik, hakimiyyət və fədakarlıq mövzularını təmsil edir.

[3] Nar ölməz və sadəqətli sevgini simvolizə edir.

[4] Ətirli qətran