- Mədəniyyət

Ölkəmiz Kazanda beynəlxalq opera festivalında təmsil olunur

Tatarıstanın paytaxtı Kazan şəhərinin Dövlət Akademik Opera və Balet Teatrında dahi rus müğənnisi F.Şalyapinə həsr olunmuş 40-cı beynəlxalq opera festivalı keçirilir.

AZƏRTAC xəbər verir ki, yubiley festivalında ölkəmizi Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev və Almaniyanın Manxaym şəhərinin Opera Teatrının solisti, Azərbaycanın Xalq artisti Əvəz Abdullayev (bariton) təmsil edirlər.

Builki festivalın proqramına 11 müxtəlif opera əsəri daxil edilib. C. Puççininin “Toska” operasının premyerası (rejissor Yuri Aleksandrov, rəssam Vyaçeslav Okunev) ilə açılan festivalın sonrakı günlərində P.Çaykovskinin “Qaratoxmaq qadın”, C.Verdinin “Traviata” və “Aida” təqdim edilib. Qarşıdakı günlərdə isə M.Musorqskinin “Boris Qodunov”, C.Rossininin “Sevilya bərbəri”, həmçinin, R.Leonkavallonun “Payatsı” operasının premyerası nəzərdə tutulub. R.Axiyarovun “Syumbike” operası isə milli səhnə əsəri olaraq festival repertuarında özünə xüsusi yer tapıb.

Festivalın mərkəzi əsərlərindən olan C.Verdinin möhtəşəm “Aida” operası azərbaycanlı dirijor Əyyub Quliyevin idarəsi ilə böyük uğurla gerçəkləşib. Tamaşada əsas rolları dünyanın müxtəlif qabaqcıl opera teatrlarında solist kimi fəaliyyət göstərən tanınmış müğənnilər təqdim ediblər. Oksana Kramareva (T.Şevçenko adına Ukrayna Milli Opera Teatrı), Larisa Andreyeva (K.Stanislavski adına Dövlət Opera Teatrı), Mixail Piroqov (Novosibirsk Dövlət Opera Teatrı), Əvəz Abdullayev (Manxaym Milli Opera Teatrı), Mixail Kazakov (Rusiya Bolşoy Teatrı), Sergey Kovnir (T.Şevçenko adına Ukrayna Milli Opera Teatrı) və Gülnara Qatinanın (M.Cəlil adına Tatarıstan Dövlət Opera Teatrı) ifası dinləyicilər tərəfindən ayaq üstə qarşılanıb.

Qeyd etmək lazımdır ki, tamaşaya biletlər artıq festivalın ilk günləri ərzində operasevərlər tərəfindən əldə olunub.

Şalyapin Beynəlxalq Opera Festivalı Tatarıstan Dövlət Opera Teatrı ilə dirijor Əyyub Quliyevin ikinci əməkdaşlığıdır. 2021-ci ilin may ayında həmin teatrda R.Nureyev Beynəlxalq Balet Festivalı çərçivəsində Mariinski teatrının balet truppası ilə bərabər dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “1001 gecə” baleti böyük uğurla nümayiş olunub.