Yanvarın 26-da Misir Ərəb Respublikasının Qahirə şəhərində 53-cü Qahirə Beynəlxalq Kitab Sərgisinin açılışı olub. Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab Sənayesi şöbəsinin müdiri Akif Marifli, həmin şöbənin məsləhətçisi Kamran Musayev, habelə Misir Ərəb Respublikasındakı Azərbaycan Respublikasının səfirliyinin nümayəndələri Nicat Nemətov və Ramiz Vəliyev iştirak ediblər.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan mədəniyyətini, tarixini, coğrafiyasını, ədəbiyyatını təbliğ edən kitablar nümayiş etdirilir.
Açılış mərasimində Misir Ərəb Respublikasının Baş naziri Mustafa Mədbuli iştirak edib. O, tədbirdə çıxış edərək sərginin işinə uğurlar arzulayıb.
Bundan əlavə səfər çərçivəsində Mədəniyyət Nazirliyinin nümayəndələri Akif Marifli və Kamran Musayev Misir-Azərbaycan Dostluq Cəmiyyətini ziyarət edib və nümayəndə heyətinin cəmiyyətin sədri Seymur Nəsirovla görüşü təşkil edilib.