Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri yenidən gürcü dilində çap olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Həmrəylik Muzeyi”nin rəhbəri Elnur Əlisoy məlumat verib.
Onun sözlərinə görə, əsərin gürcü dilində tərcüməsi yekunlaşıb və əsər hazırda çap olunma prosesindədir.
E.Əlisoy deyib ki, 113 il əvvəl, 1909-cu ildə yazılmış bu pyesdə həyatda baş vermiş hadisələr bədiiləşdirilərək qələmə alınıb. Maraqlıdır ki, “Molla Nəsrəddin” jurnalının naşiri Cəlil Məmmədquluzadənin qələmə aldığı bu əsərdə cərəyan edən bəzi hadisələrə bu gündə rast gəlinir.
Əsərdə cahillik, avamlıq, Şeyx Nəsrullah adlı fırıldaqçı ruhaninin insanları ələ salması əks olunur. Cahil insanlar mollanı müqəddəs hesab edir, gətirib azyaşlı qızlarını ona ərə verirlər. Bu isə çox ciddi problemlərə yol açır.
E.Əlisoy deyib: “2020-ci ildə Batumidə səfərdə olanda XX əsrin əvvəllərində əsərin gürcü dilinə tərcüməsini aşkar etdim, dostlarla birlikdə onu yenidən yığıb çapa hazırladıq. Bəzi məsələlərə görə, bir az yubandıq, əsərin gürcü dilində çap olunması məsələsini layihəyə daxil etdik. Yaxın zamanlarda əsər gürcü dilində çap olunacaq.
Düşünürəm ki, əsər hansı dildə olursa olsun, onu mütləq oxumaq lazımdır. Oxumaq və düşünmək, əsərdə yazılanları həzm eləmək lazımdır”, – deyə E. Əlisoy vurğulayıb.