Zamanamızda, yəni din və əbudiyyətdən, cins və millətlərin hökm sürdüyü belə bir çağda insan öz soy və millətini tanımamaq, daha doğrusu, özünü bilməmək ən böyük günahlardan, silinməz ləkələrdən biridir. Lakin bu ləkə tezliklə gedən ləkəyə də bənzəmir. Bu ləkə yaman ləkədir. Bu ləkə surətində elə yılancıq (qanqrena) yarasıdır ki, millətimizin vücudunu, türklük varlığını yavaş-yavaş gəmirir, yox edir.
Bu gün həm də kiçik millətlərin, xüsusilə məhkum millətlərin öz varlıqlarını, öz hüquqlarını saxlamaq iddiası ilə bu qədər qan tökülən bir vaxtda bizim özümüzü tanımamazlıq bəlası,dərin düşünülürsə, qarayaradan da, taun çibanından da daha acılı və daha zəhərlidir. Hər kəs öz millətini tanıyıb onun yolunda ağladığı, onun yolunda gözünü kor etdiyi böylə bir həngamədə biz öz millətimizi sevmək deyil, onun hətta quru adını da bilməyib ortada şaşıb qalmışız. Çoxdan çürümüş əqidələr, təriqətlər tiryəkisinin beynimizə verdiyi sərsəmliklə hərlənib durururuz.
Bu hal ilə kim üçün və nədən ötrü çalışacağımızı da, təbii, itirmişik. İtirməsək də belə bilinməyən və bilinmədiyi üçün də sevilməyən bir millət üçün kim dəlidir ki, can yandırsın?
Kim olursa olsun, insan bir nəfər, bir millət və ya bir fikri-əməl uğrunda o vaxt can yandırır ki, ona o zaman aşiq olur ki, oxu yaxından tanıyıb ürəkdən sevsin, yoxsa quru və yalançı göstərişlərlə arada məhəbbət, eşq deyil, bayağı dostluq belə olmaz.
Mən iddia etmək deyil,uca səslə bağırıram ki, biz özümüzü tanımırız, biz öz millətimizin boş adını belə bilməyiriz.
Nə olub, niyə dodağını büzdün? Görünür,söylədiklərimdə şəklin var. Çox yaxşı, buyur bərabər soruşalım, kimdir o?
-Marağalı Məşədi Əliəsgər.
– Bu kim?
– Şamaxılı Əbdülqafar.
– O biri?
– O da ərzurumlu Dursun ağa.
Bunların birincisindən soruşalım:
– Məşədi, siz nə cins və nə millətdənsiniz?
– İranlı və şiə məzhəbəm.
– Əbdülqafar ağa, sən?
– Mən də qafqazlı babıyam.
– Dursun ağa, sən bir az oxumuşa bənzəyirsən, gərək soyunu, millətini tanıyasan.
– Mən də osmanlı və sünniyəm.
– Daha özgə?
– Özgə heç!
Siz çox da deyiniz ki, ”sünnilik, şiəlik, babılıq bir məzhəb və əqidədir”, cins və millət isə başqadır.
Dünyada ən kiçik bir böcəyin, ən ən yaramaz bir otun soyu cinsi bəllidir, bəs bu qədər böyük bir insan yığıncağının bir cinsi yoxmu?
İştə bəla da burasıdır ki, həm var, həm də yoxdur? Vardır: onun üçün ki, biz də özgələr kimi insanız. Bir də təbii, bir millət soyundanız. Yoxdur: çünki, varlığımızı bilmirik ki, soyumuzu da bilək.
Gəlin bir də qonşularımızdan soruşaq.
– Şakro Çaparidze,sən nə məzhəbdənsən?
– Pravoslav.
– Nə millətdənsən?
– Gürcü
– Demitri,sən?
– Mən də pravoslav məzhəbindənəm.
– Millətin?
– Urun.
– İvan,məzhəbin?
– Pravoslav.
– Millətin?
– Rus!
Həddin yox ki, bir oxumuş gürcüyə gürcülüyündən savayı özgə bir ad verəsən, o saat özünü alçaqlaşdırılmış hesab edər və səndən bərk də inciyər.
Ya bizdə? Bizdə isə lap tərsinədir: sənin də həddin yox ki, salmaslı bir türkün oğlu türkə “türk” deyəsən, o saat səndən üz çevirərvə bəlkə də səni düşmən hesab edər. Bir də axalsıxlı bir ağaya soruşunuz: o gələn kimdir?
– Əcəmə bənzəyir.
– Eyi,dəhduş diqqət et!
– Elə özüdür, əcəmdir, qızılbaşdır.
– Qoy olsun, biraz söylətəlim.
– İşin yox, burax dəf olsun. Qızılbaşdan nə eşidəcəksən ki?
Biçarənin xəbəri yox ki, qızılbaş deyə məsxərəyə aldığı kimi öz soyundandır, öz millət qardaşıdır.
Amerikalılar Təbrizə gəlib məktəblər, xəstəxanalar açırlar və beləliklə şiə türklərinə məhəbbət göstərirlər,yardım edirlər və ya edən kimi görsənirlər ki, gələcəklərdə məsləklərinə, ticarətlərinə xidmət eləsinlər.
Lakin bəlaya baxın ki, biz Qafqaz türkləri öz ayaqları ilə yanımıza gələn iranlı şiə türk qardaşımıza yüz çeşid ad qoşub uzaqlaşırıq. Üzdən də olmasa, arxadan min dürlü yaman deyirik. Söz başında “ac tat” deyə də təhqir ediriz.
Tiflis guşələrində aclıqdan, azardan can verən iranlı türk əmələlərinə – yırqatlarına “persiyan” gözü ilə baxıb keçirik, fəlakətlərinə soyuqqanlı tamaşa edirik.
Ya Qafqazda yaşayan iranlı şiə türkləri? Onlar daha qafil! Bunlar bizdən daha artıq uzaqlaşmaq istəyirlər: məktəblərini, məclislərini, hətta bəzi yerlərdə məscidlərini də ayırıb özlərinə “şiə-fars” rəngi verirlər, balacalarına, yəni öz türk oğullarına türkcəni də əsirgəyirlər, oxutmurlar. Şiəliklə farslığı heç münasibəti olmayaraq cahilanə birləşdirmək öz türklərinə balta vurmaq, öz sözlərini, öz ata-babalarını danmaq istəyirlər. Ya İranın içi ilə çölü? Oralarını daha soruşma,keç!
Çox yaxşı keçək Bakıya. Böyük “İslamiyyə” mehmanxanasına gedək. Göyçək və pak bir masanın (mizin) ətrafında oturan oxumuş və dünyadan xəbərdar, hətta sözündə millətpərvər görünən qardaşlarımızdan soruşalım. Soruşalım ki:
– Soy və millətiniz nədir?
– Əlhəmdülillah müsəlmanıq.
– Şiəsiniz, yoxsa sünni?
– Heç biri deyiliz, təkcə müsəlmanıq.
– Özgə, daha bir adınız-zadınız yoxmu?
– Xeyr,xeyr,xeyr!
Birincilərlə ikincilərin cavablarından anlaşılır ki, aralarında xeyli təfavüt var. Birincilər məzhəb və əqidə çevrəsindən çıxmamış, ikincilər isə bir az irəli gedib din dairəsində qalmış. Əgər məndən soruşulsa, aralarında heç bir təfavüt yox. Hər ikisi də birdir. Hətta deyə bilərəm ki, birincilər daha həqiqi, ikincilər isə daha xəyalidir.
Xəyalidir, çünki əqidə və məsləkləri yox etmək mümkün deyil, əqidə tərəqqinin yoldaşıdır, bunları ayırmaq isə dəlilikdir. Hənəfi ilə şəfailiyin birləşmədiyi bir yerdə sünnilik ilə şiəliyi birləşdirmək xam xəyalların ən xamıdır. Nə zərəri var? Qoy hər kəs öz əqidəsinə,öz ictihadında,öz imanında olsun.
Nə var,ey oxucu! Niyə başını qaşıdın,niyə üzünü turşutdun? Sultan Səlimlərin, Nadir şahların və bir çox islam recal və üləmasının çalışdıqları,hətta o uğurda can fəda etdikləri bir məsləkə toxunduğumdan ötrümü məndən inciyirsən?
Yox, yox,incimə. Əgər onlar din və əqidənin xasiyyətlərini, vəzifələrini, mövqelərini həqqi ilə bilsəydilər boş-boşuna o qədər çalışmaz və nahaq yerə də o qədər qan tökülməyə səbəb olmazlardı. Əgər onlar “dini-islam”ın bir ağac, əqidələrinin də o ağacın birər budaqları olduğunu və o ağacın böyüməsi üçün budaqların mütləq ayrılmaq, genişlənmək ehtiyacında bulunduğunu qanıb onlara yol və hürriyyət versəydilər, islamiyyət heç vaxt bu qədər cığırından çıxmaz və o qədər boğuşub əzilməyə, keçilməyə də məhəl qalmazdı.
Ey qafqazlı türk, sən çoxdan islam qeyrətini çəkirsən və bu qeyrətlə, hətta öz varlığını, öz adını da itirmişdin.
Sən islam uğrunda o qədər çalışmış, əqidə qovğalarında o qədər zərər çəkmiş, o mərtəbə yorulmuşsan ki, axırda bu gün onların adlarını çəkmək istəməyib təkcə müsəlman olmaq xəyalına düşmüsən.
Lakin əzizim, o qədər qorxma! Yenə aldanma ki, mərifət olan yerdə əqidə ixtilafi zəhmət deyil, rəhmətdir. Ey türk, dini əqidələr qovğasından daha çox qorxma! Qorxma ki,onların hökmü keçməyə, onların yerlərini indi siyasəti-məişət və siyasəti-bəşəriyyə əqidə və məsləkləri tutmağa başlayır.
Ey türk, sən çox da rahatsız olma və şəkkə də düşmə: dini olsun, dünyəvi olsun, əqidəni gizlətmə.
Ey türk, sənin başına çox işlər gəlmişdir, çox əqidələr dolmuşdur. Çox şeylər bilmişsən və bu gün də çox cahil deyilsən! Bir çox ədiblərin, müəllimlərin,mühəndislərin, həkimlərin, məktəblərdə yüzlərcə tələbələrin var!
Ey türk, olduqca çox şey bilirsən. Sən daha sırf cahil xeyir və şərin qanmayan demək olmaz.
Sən ey türk! Zamanın bir çox icadlarını, təzə fikirlərini, hətta modalarını da öyrənirsən, hətta dini əqidələrin çürüməyə üz tutduğunu sezib dünyəvi əqidələrə iman etməyə də başlayırsan.
Əvət, çox şeylər, fənnlər bilməyə çalışırsan. Bir çox hünərlər də öyrənmişsən. Havalara çıxıb və yıldızların nə olduqlarını yaxından bilmək, yerin içərilərinə girib mahiyyətini anlamaq istəyirsən. Ancaq, bircə xüsusda cahilsən. O barədə heç bir zad bilməyirsən. Hər şeyi öyrənmək istədiyin sənə ən lazımlı,sənə ən birinci fərz olan vəzifədən xəbərin yox…
Nə var, niyə darıxdın? Niyə yenə can sıxıntısının acısını bığlarından, dodaqlarından almağa başlayırsan?
Doğrusu,tütün çəkənlərdən olsaydım, burda mollaların salavatı kimi, bir papiros çəkməyi tövsiyə edərdim.
Hə, ey türk! İstər darıx, istərsə qarıx, yaxandan əl çəkən deyiləm. Sən hər şeyi öyrənmək istədiyin halda niyə bircə zadı – yəni özünü bilmək istəmirsən, niyə öz varlığından, öz vücudundan, öz soy və nəslindən xəbərin yox? Niyə sənə “Kimsən?” dedikləri vaxt həqiqi cavabında aciz qalırsan? Niyə sadəcə deyə bilmirsən ki,mən türkəm. Niyə deyə bilmirsən ki, şiəlikdən, sünnilikdən, babılıqdan əvvəl sən türk idin. İndi də türk-sən və bundan sonra da türk qalacaqsan?
Sənin bu türklüyünə nə şiəlik, nə babılıq, nə də dinsizlik mane ola bilməz.
Sən ey türk! Nə əqidədə, nə məsləkdə olursan ol, həmişə türksən. Sən gərək biləsən ki, dünyada hələ şiə, sünni, babı, şeyxi adları yox ikən sən var idin. İslamiyyət Ərəbistan qumluqlarında doğmadan əvvəl belə sən Altayın ətəklərində ətrafın gözəlliyinə tamaşa edib zövq alırdın. Orada uzun seyr və səyahətlərə hazırlanırdın.
Ey özündən xəbərsiz türk! Mədəniyyət əsrləri, nizam, idarə və asayiş üsulu “yasaq” qanunları hənüz Bağdad, Şam, Paris və Londonda yox ikən, sənin yurdunda var idi.
Sən öz dadlı dilini cığırından çıxarıb bugünkü acınacaq hala salan ərəb əlifba və yazısından əvvəl sənin göyçək əlifba və yazın var idi.
Ey özünü itirir, unudur dərəcədə qonaqpərvərlik, özgələrə hörmət göstərən türk, yaxşı yadına sal ki, sənin ruhun, sənin düşüncən, sənin varlığın hənüz sənin özündə ikən sən bugünkü kimi dilsiz, yazısız yəni milli nişanəsiz deyildin.
Ey sadə ürəkli türk, dünən,bu gün öz varlığını, öz mədəniyyətini göstərə bilib, indi sənə “köhnə barbar” gözü ilə baxıb bugünkü mədəniyyətlərin haqsızlıqlarına baxıb incinmə. Səni lazım ilə tanımadıqlarını bilib məyus olma.
Yox, yox sən də çox insafsız bulunma, öz-özünü hələ tanımadığın bir vaxtda çox da özgələrdən incinmə!
Ümid ki, tez vaxt olur, yüzdə doqquzu hələ yer altlarında qalıb gizlənən əski mədəni nişanələrin, əski əsərlərin yavaş-yavaş dünya üzünə çıxar. Sən də ol vaxt artıqlığı ilə üzə çıxarsan, gələcəkdə daha güclü yaşamaq istedadını göstərərsən.
Bəsdir, bəsdir, ey türk, bir az ayıl. Ayıl da bir çox toz-torpaqlarla dolan, ağırlaşan dini əqidə pərdəsini gözlərinin üstündən qaldır. Əl-ayağını biraz tərpət. Vücudunu,varlıq ağacını saran, korlayan tikanları,sarmaşıqları, yad ağacların yarpaqlarını, dallarını qır, at, qurtul. Vücuduna Allahın günəşi, havası dəysin. Başını bir az yuxarı qaldır. Öz varlığını, öz vücudunun qiymətini bil.İndiyə qədər yadlar üçün, özgə varlıqlar və vücudlar üçün özünü həlak etmisən, barı bundan sonra ayıl, bir özünə gəl, öz gününə çalış.
Ey türk, zamanımız özgə zamandır. Əgər bundan sonra özümüzü tanımayıb qalırsaq, qoruram ki, gec ayıldığımız vaxt sağalıb yigitcə yaşamaya vücudumuzda qüvvət və təqət qalmamış ola.
Ey türk, yaxşı bil ki, bugünkü məhşərin suri-israfili elmə, milli ittihada dəvət ediyor! İndinin siyasi fəlsəfəsi tərəqqiyi millətçilikdə görür. Zamanın sövkət və saxəvət binası millətçilik bünövrəsi və təməli üstündə qurulur. Əsrin ruhu azad millətçiliklə bəslənir, böyüyür. Keçmiş əsrlərin, keçmiş siyasi əqidələrin cızdığı coğrafiya sərhədlərini indiki etnoqrafiya yavaş-yavaş pozur. Keçmiş əsrlərdə daşıb ətrafa yayılan millət selləri yavaş-yavaş kiçilib öz qaynağına və ya çoxdan yataq elədiyi yerlərə çəkilir. Vaxtilə özgələrin sıxışdırılması ilə və ya cahangirlik dəliliyi ilə yerlərindən fırlayıb aləmi rahatsız edən millət ərdolarına indi: “Hər kəs öz milləti yerində” komandası verilir.
Bu gün eyidən-eyiyə qanıram ki, dini əqidədən sonra insanda doğan dünyəvi əqidələrin birincisi millətpərvərlik əqidəsidir, ictimai fəlsəfənin baş, özünü tanımaq fəlsəfəsidir, millətini bilmək elmidir.
Millətpərəstlik əqidəsi özgə əqidələrin mərhələsi, keçididir.Vaxta ki, insan batil və xurafat əsirliyindən qurtulub özünü, özünün hüququnu bilməyə başladı, ondan mühit və ehtiyacın təsirilə hər nə qaydaya girərsə girsin. Bu halda ki, mövqeyimizə, mühitimizə, elmimizə, ehtiyacımıza bizim ən birinci əqidəmiz isə azad millətpərəstlik əqidəsi olmalıdır.
İndi gələk əsil məqsədə .Ey şiə, ey babı, sünni türk qardaşlarım, diriliyimizin milli ittihadda olduğunu biləndən sonra daha rəva görməməliyiz ki, millətimiz kütləsini meydana gətirən azanın bir qismi Anadolunun izsiz, dağıdılmış, qorxunc bucaqlarında yalnız başlarına ac, çılpaq buraxılıb tələf olalar.
Ey pak ürəkli türk, bu millətçilik zamanında hər millət öz nüfuzunu artırmaq, o nüfuzla öz nüfuz və qüdrətini böyütmək üçün yüz dürlü tədbirlər, fədakarlıqlar edər. İnsaf deyil ki, biz hazır əlimizdə olan minlərcə nüfuzumuzun – həm də ən gənc və qəvi bir qüvvətin – yardımsızlığından, bir loğma əkmək bulamamazlıqlarından tələf olmalarına özümüz bilə-bilə səbəb olalım.
Ey uca mərhəmətli türk, sənin köhnə mərhəmətin, ehsanın, nişanələrin – o böyük camelər, mədrəsələr, körpülər, xəstəxanalar, çeşmələr hələ sənin əcdadını hörmətlə yad etdirirlər. İndi sənə nə oldu ki, milyonlarla vücuda gələn əsrlərdən deyil, aclıqdan, çılpaqlıqdan, “ölümdən betər” bir hala düşən öz qardaşını qurtarmaq mərhəmətindən aciz görünürsən. Yazıq, yazıq!