Vasif SADIQLI
1850-ci ilin yay günlərinin birində Ukraynanın Verxovnı şəhərciyindən Parisə doğru bir kareta şütüyürdü. Karetanın içində bəy və gəlin vardı. Əlli bir yaşlı bəy on beş ildən artıq idi, bu günü gözləyirdi: indi o, nəhayət ki, öz arzusuna çatacaq, gəlinlə «iyirmi beş il ömür sürəcəkdi» – neçə il idi bu xəyalla yaşayırdı.
Gəlin də onunla həmyaş idi. O, əvvəlki ərinə on bir il ərzində yeddi uşaq doğmuşdu. Bunlardan yalnız biri salamat qalmışdı. Bəy – Onore Balzak, gəlin isə dul əsilzadə qadın Evelina Qanskaya idi. Balzak Parisdə Qanskayanın hesabına ailə üçün bir malikanə vücuda gətirmişdi və ailə həyatına qovuşandan sonra burada «Bəşəri komediya»nı bitirməli idi. Bunun üçün əllidən artıq povest və romanın planını cızmışdı. Amma o, bu evdə heç bircə sətir də yaza bilməyəcəkdi. Əslində o buraya ölməyə gəlirdi. Gəlin və ailəsi bunu bilirdi – həkimlər demişdi.
Balzak necə «de Balzak» oldu?
Balzak böyük realist yazıçı, «Bəşəri komediya» müəllifi kimi bütün dünyada məşhurdur. Bu toplu yüz iyirmi əsərdən ibərət olmalı idi. Amma yazıçı onların doxsana qədərini yaza bildi.
Balzakın həyatı keşməkeşlərlə dolu olub. Atası əyalət adamı idi. Nikahdan dörd, nikahdan kənar üç övladı vardı. Balzak qanunilərin birincisi idi. Otuz yaşı olanda gələcəyin böyük yazıçısı bəyan eləyir ki, o, Onore Balzak yox, Onore de Balzakdır. Bir dəfə atası dar ailə söhbətində zarafatla demişdi ki, onların nəsli qədim qall cəngavəri Balzak d`Antreqə gedib çıxır. Amma Onore bu zarafatı həqiqət kimi qəbul edib soyadına «de» əlavə edir. Qələm yoldaşları onu lağa qoysalar da, həmişə belə yazır – guya notarial sənədlərdə belə gedib. Amma doğum şəhadətnaməsində belə şey yoxdur. 21 may 1799-cu ildə yerli notarius işçisi Balzakın doğumu haqda qeydi belə yazıb: «Bu gün, 2 preri225
al Fransa inqilabının yeddinci ilində mənim – qeydiyyatçı Pyer Cak Düvvivyenin yanına… vətəndaş Bernar Fransua Balzak gəlib dedi ki, oğlu olub. Məzkur Balzak dedi ki, oğlunun adını Onore Balzak qoyur. Əlavə etdi ki, uşaq dünən səhər saat on birdə ərizəçinin evində anadan olub». Başqa heç bir sənəd onların zadəgan mənşəyi barədə məlumat vermir. Nəsillərində bircə tanınmış adam vardı – əlli dörd yaşlı əmisi hamilə kəndli qadını öldürməkdə təqsirli bilinmiş və başı gilyotində kəsilmişdi.
“Mütləq yazıçı olacağam”
Balzak təhsilini bitirəndən sonra notarial kontorda işləməyə başlayır. Amma işi ürəyincə deyildi. Nəhayət, bir gün o, kontoru atıb valideynlərinə bildirir ki, nə notarius, nə vəkil, nə hakim olmaq istəyir. O, yazıçı olacaq. Amma gündə on iki-on dörd saat işləsə də, yazdıqları elə bir uğur qazanmırdı. Deyilənə görə, hətta atası onu varislik hüququndan məhrum eləmək istəyirdi.
Balzak xirtdəyəcən borca düşmüşdü. Parisdə elə bir məhkəmə icraçısı yox idi ki, ona Balzakın əmlakını uçota almaq tapşırılmasın. Amma onların heç birinə nəinki ondan pul almaq, heç onun sifətini görmək də müyəssər olmurdu. Balzak Fenimor de Kuperin qızıldərili qəhrəmanı Çinqaçquk kimi onların ləpirini izləyir və aradan çıxırdı.
Şir tullanışı
Bir qədər sonra mətbuatda onun imzaları görünməyə başladı. Yavaş-yavaş məşhurlaşırdı. Xüsusən Balzakın qadınlar haqqında yazdıqları zərif cins təmsilçilərində ona böyük məhəbbət yaratmışdı. O, ilk dəfə «kəşf elədi» ki, dünyada minlərlə, on minlərlə qadın talesizdi, elə düşünür ki, onu kimsə anlamır… Bu qadınlar artıq Balzakı öz həkimləri kimi görürdülər. Gələcəyin böyük yazarı onların bu azarlarına ilk olaraq ad qoydu. Balzak yazılarında qadınların istənilən dürüst olmayan addımlarını bağışlayırdı – əgər özünün sözləri ilə desək, bu addım sevgi üzündən atılıbsa. O yazır ki, nəinki otuz yaşlı, hətta qırx yaşlı qadın da sevə bilər. Əslində artıq bu yaşa çatmış və hər şeyin dərk etmiş qadının sevməyə daha çox haqqı çatır. Bütün bunlardan sonra birdən-birə o ədəbiyyatda böyük uğurlar qazanmağa başladı. Bu barədə Stefan Sveyq yazırdı: «O, bulvar ədəbiyyatının tutqun qəfəsindən bir şir tullanışı ilə ədəbi arenanın ortasına atıldı». Əsərlərində cəmiyyətin bütün spektrini əks etdiridi: yuxarı və aşağı təbəqələr, kasıblıq və varlılıq, məhrumiyyətlər, düha, burjuaziya, tənhalıq və salonlar Parisi, pulun gücü və gücsüzlüyü…
O bütün epoxanın, Paris, Fransa, dünya adlı bədheybət bir orqanizmin tarixçisi, psixoloqu, fizioloqu, rəssamı və həkimi, hakimi və şairi olacaqdı.
Balzak eyni zamanda qadın düşkünü idi. Həyatındakı ilk qadın madam Berni idi. Balzakla qonşu olan Bernilər ailəsi çox varlı idi. Qızları isə Onore ilə yaşıd idi. Madam Balzak düşünürdü ki, oğlu onların qızı ilə evlənsə, cəmiyyətdə özünə yer tutar, kiçik naşirlər üçün roman yazmaq kimi işdən əl çəkərdi. Amma Onore qıza yox, 45 yaşlı, doqquz uşaq doğmuş madam Berniyə vurulur və onunla yaşamağa başlayır. Bu, Balzakın həyatında silinməz izlər buraxır. Bu barədə sonralar yazırdı: «Madam Berni mənim üçün ana, rəfiqə, həyat yoldaşı və məsləhətçi idi. Məni o, yazıçı elədi. O olmasa, mən ölərdim».
«Onun qılıncla başladığını mən qələmlə başa çatdıracam».
Çox kasıb bir şəraitdə yaşayırdı. Onun otağında buxarıda bircə bəzək vardı: Napoleonun gipsdən olan heykəli. O Napoleonun ki, Atilla kimi papanı yanına getməmişdi, onu yanına çağırmışdı ki, başına imperator tacı qoysun. Papanın ləngə hərəkətinə dözə bilməmiş, özü tacı götürüb başına qoymuşdu.
Balzaka elə gəlirdi ki, böyük fatehin nəzərləri ona baxır, onu izləyir. Balzak buna mistik məna verirdi: Bəlkə, Napoleon nəsə pıçıldayır? Axırda fatehin «fikrini oxuyub» bir parça kağız götürüb üzərinə yazdı: «Onun qılıncla başladığını mən qələmlə davam etdirəcəyəm». Və həmin kağızı buxarıya yapışdırdı. Sonralar o, dediyini elədi. Rusiyanı və dünyanın qalan hissəsini çox asanlıqla «fəth elədi».
Evelina Qanskaya
On doqquzuncu əsr Rusiyasında Balzakı yaxşı tanıyır və sevirdilər. Amma onun başqa bir fəthi daha maraqlı idi. Balzaka Rusiyadan məktub gəlmişdi. Onu yazan xanım Evelina Qanskaya idi. Əslən Polşa əsilzadələrinin nəslindən olan Evelina özündən iyirmi beş yaş böyük olan xəstə əri ilə kiçik bir şəhərdə yaşayırdı. Alman, fransız, ingilis dillərini pis bilmirdi. Yaxşı təhsil almışdı. Bir gün bu xanım böyük tərəddüdlərdən sonra Balzaka məktub yazası oldu. Altında imza yerinə «Naməlum qadın» yazmışdı. Çox keçmədən Balzakdan cavab gəldi. Evelina ərinə xəyanət eləmək istəmirdi, amma bu məktublaşmadan o, xəbər tutmamalı idi. Ona görə mürəbbiyə ilə razılaşdılar ki, məktubları onun vasitəsi ilə alsınlar. Balzak ona can atmağa başladı. Nəhayət, onlar Avstriyada görüşdülər. Evelina Balzakı görmək üçün ərini ora istirahətə getməyə razı salmışdı. Amma Balzak böyük fantaziya sahibi olduğu kimi, həm də soyuqqanlı realist idi. Onun həyat planında hədəflər aydın şəkildə yazılmışdı: qadın və sərvət. Və onun xanım Qanskayaya ehtirasını ən çox alovlandıran da xanımın kübar ailədən və milyonçu olması idi. Ağıllı və müşahidəçi Evelina bunu tezliklə sezdi. Gördü ki, gerçək Balzak məktublarında olan romantik və patetik avtoportretinə çox az bənzəyir. Balzakla görüş ailə üçün çox arzuolunan idi. Onore Qanskilər ailəsində özünü çox ciddi aparırdı. Məktublarını ailəyə yazır, onlarda cənab Qanskini şübhələndirəcək heç bir söz olmurdu. Sevgi məktubları isə bir başqa olurdu. Nəhayət, o, Evelinanı ərinə xəyanət etməyə məcbur etdi.
Balzak israrla evlənmək təklif edirdi. Amma Evelina razılıq vermirdi. Nəhayət, bir neçə ildən sonra cənab Qanski «lütfkarlıq göstərib o dünyaya köçdü» (S.Sveyq) və onlara qovuşmaq imkanı verdi. Amma Evelina tələsmirdi. Balzak yazırdı: «Sən bilmirsən, mənim daxilimdə bakirə-qüsursuz bir sevgi var. Üç ildir, gənc qız kimi yaşayıram» Amma bu, çox gözlənilməz sözlərdir, çünki elə o vaxtlarda Balzak öz bacısına qürurla məlumat verirdi ki, qızlır milçək kimi gözünə girirlər, hətta onların birindən kəbindənkənar övladı da var. Böyük yazarın bir düjin zərif rəfiqəsi olub. Onların bir qisminin sadəcə adı məlumdur. Luiza, Kler, Mari… Bu qadınlar adətən, öz anonim məktubları nın ardınca Balzakın evinə gələr, onunla görüşərdilər. Əsərlərində öz naturasındakı o iki Balzakı tapıb təsvir eləmişdi. Faust və Mefistofel Getenin iki üzü olduğu kimi, o da iki Balzak təsvir edirdi: yaradıcılıq vicdanı ilə dolu, heç bir kompromisə getməyən, həyatda tənha olan Balzak və israfçı, həzz əsiri, pul köləsi, şirnikdirici hər şeyə qarşı aciz olan başqa bir Balzak.
Amma Balzakın «öz məktublarına doldurduğu həşiş» (ifadə Stefan Sveyqə məxsusdur) xanım Qanskayanın ayıq gözlərini tutmurdu. Bu, onun öz qardaşına yazdığı məktubdan aydın görünür: «Mən nəhayət, Balzakla tanış oldum. Və sən, yəqin, maraqlanırsan ki, mən əvvəlki kimi kor-koranə onun vurğunuyammı? Yoxsa bu vurğunluqdan qurtulmuşammı?. Yadına sal, sən peyğəmbərcəsinə demişdin ki, o, yəqin, bıçaqdan yeyir və burnunu salfetlə silir. Düzdü, o ikinci cinayəti eləməyib, amma birinci var. Təbii, bunlar pisdir, pis tərbiyə ilə izah etmək olar. Amma onda yaxşı və pis maneralarından başqa daha vacib bir cəhət var. Onun dühası adama özünün üzərinə qalxmağa imkan verir. Bunun sayəsində sən öyrənirsən ki, səndə nə çatmır. İndi yenə deyəcəksən ki, cuşa gəlmisən. Xeyr, vəcdə gəlməyim məni kor eləməyib və onun nöqsanlarını – bunlar isə az deyil – görürəm».
Cənab Qanski öləndən sonra da Balzak arzusuna çatmırdı. Evelina indi də qızının ərə getməyini düşünürdü. Bu yandan da Rusiya qanunlarına görə, əcnəbi ilə evlənmək və ölkədən əmlakını çıxarmaq hüququ yalnız imperatora verilirdi. Qanskilər ailəsi, xüsusən Evelinanın xalası Rozalina üçün Balzak dahi yox, şübhəli subyekt, mənəviyyatsız, borcun içində boğulan, yüngülbeyin, istənilən yaşda qadınla əxlaqsızlığa yuvarlanan birisi idi.
Nəhayət, Balzakın Ukraynaya ikinci gəlişi zamanı bu izdivac baş tutdu. Kiçik bir dairədə nikah kəsildi. Və bəylə gəlin Parisə yola düşdülər. Balzak Parisə yarımcan vəziyyətdə gəlib çıxdı və bir neçə gündən sonra canını tapşırdı.
Ölümün kandarında
Onu yoluxmağa gələnlər çox az idi. Bunlardan biri Viktor Hüqo idi. Böyük fransız romantiki onunla son illərdə tanış olmuşdu. Amma
özünün əsl dost olduğunu göstərdi. Balzakın son anlarını Hüqonun özündən dinləyək: «Qapının düyməsini basdım. Onu qulluqçu açdı və «Sizə kim lazımdı, ağa» deyib ağladı. Sonra məni içəri apardı. Başqa bir qadın gəldi və: «O ölür» deyib ağladı. Həkimlər bir gün əvvəldən ümidlərini itirmişdilər. Balzak vodyanka (hidropos – bədən boşluqlarına su yığılması) xəstəliyinə tutulmşdu. Ayağı yaralı idi. Bədəni şişmişdi. Gözləri açıq və hərəkətsiz idi. Mən əlimi odeyalın altına salıb Balzakın əlini tapıb sıxdım. O, mənim əl sıxmağıma cavab vermədi. Qulluqçu dedi ki, o, bu gecə öləcək. Bu hadisə 1850-ci il avqustun 18-dən 19-a keçən gecə baş verdi.
Qəbiristanlıqda Hüqo bunları deyib:
«Bu gün qəbirə qoyduğumuz adama bütün cəmiyyət matəm tutur. Dövrümüzdə illüziya yoxdur. İndi nəzərlər bizi idarə edənlərə yox, düşünənlərə yönəlib. Ona görə düşünənlərdən biri gedəndə bütün ölkə sarsılır. Bir dəfə demişəm, yenə deyirəm. Ölüm duman deyil, işıqdır. Heçlik deyil, əbədiyyətdir. Son deyil, başlanğıcdır…»
Belə sözləri Balzak sağlığında eşitməmişdi…