- Mədəniyyət

Opera və Balet Teatrı yeni baletin premyerasına hazırlaşır

Yanvarın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Bir Xəzər əfsanəsi” baletinin premyerası olacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, libretto müəllifi bəstəkar Lalə Cəfərova olan baletin quruluşçu baletmeysteri Azərbaycanın Xalq artisti, “Zirvə”, “Qızıl Dərviş” və “Humay” milli mükafatları laureatı, Azərbaycan Respublikası Prezidenti mükafatçısı Kamilla Hüseynova, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir.

Səhnə əsərini dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimov idarə edəcək.

Əsas rollarda balet truppasının aparıcı solistləri – əməkdar artistlər Anar Mikayılov, Makar Ferştandt, gənc solistlər Ayan Eyvazova, Seymur Qədiyev, İslam Məmmədov çıxış edəcəklər.