Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov yeni mövsümünün açılışı ilə əlaqədar kollektivlə iclas keçirib.
Teatrdan AZƏRTAC-a bildirilib ki, Yusif Eyvazov ilk olaraq balet truppasına teatra yeni təyin olunmuş baş baletmeysteri Ruslan Pronini kollektivə təqdim edib.
Ruslan Mixayloviç Pronin Rusiyanın Əməkdar artisti, baletmeyster-repetitor, məşhur xoreoqraf Yuri Qriqoroviçin assistenti kimi onun quruluşlarını bütün dünyada həyata keçirir. Həmin quruluşlardan biri Azərbaycanın Xalq artisti, bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin sentyabrın 18 və 19-da Heydər Əliyev Sarayında baş tutacaq premyerasıdır.
Sonra Y.Eyvazov yeni mövsümdə qarşıda duran prioritet məsələlər, maraqlı layihələr, premyeralar haqqında geniş məlumat verib. Bildirib ki, hazırda xarici teatrlarla müqavilələr bağlanır.