Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni 114-cü teatr mövsümünü sentyabrın 18-də Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ilə açacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərində Məcnun rolunu Xalq artisti Mənsum İbrahimov, Leyli obrazını isə gənc solist, Əməkdar artist Arzu Əliyeva ifa edəcək. Digər rolları Əməkdar artistlər Cahangir Qurbanov, Təyyar Bayramov və başqaları canlandıracaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir. Səhnə əsərini dirijor Sevil Hacıyeva idarə edəcək.