- Köşə

Orta məktəbdə şagirdlərin yazı bacarıqları formalaşdırılmır

Şagirdlərin yazı bacarıqları niyə zəifdir, onların nəzəri bilikləri çatmır, yoxsa praktikası?
Abituriyentlərə esse dərsləri keçirəm və müşahidə etdiyim budur ki, onlar dil qaydaları yazıya tətbiq etməkdə çətinlik çəkirlər. Orta məktəbi yaxşı oxuyan şagirdlərin yol verdiyi tipik səhvləri də qeyd edə bilərəm: bağlayıcı və ədatları sözə bitişik yazmaq, modal sözlər və baglayıcıların işləndiyi məqamlarda vergüldən istifadə etməmək, vasitəsiz nitqin təqdim edilməsində durğu işarələrindən istifadə edərkən səhvlərə yol vermək və s. Təbii ki, vəziyyət məni bir müəllim kimi düşündürməyə bilmirdi, hətta məktəblərdəki yazı dərslərinin vəziyyətini bildiyim üçün mənə aydın idi, amma dərslərimdə tipik situasiyalardan biri vasitəsilə bu sualı cavablandırmaq imkanı qazandım.

Keçən dərsim bir abituriyent oğlana idi. Dord esse yazıb təqdim etmişdi. Diqqətimi çəkən səhvlərdən biri modal sözlərin işləndiyi yerlərdə vergülün qoyulmaması oldu. Vəziyyəti aydınlaşdırmaq, şagirdin biliyini yoxlamaq məqsədi ilə bir neçə sözü işarə edərək dedim:
– Əgər sən bu sözlərin birində vergül qoymasa idin, düşünərdim ki, mexaniki səhvdir…
Sözümü bitirməmiş abituriyent izahı davam etdirdi:
– Bəli müəllimə, modal sözlərdir, cümlənin ortasında gəldikdə hər iki tərəfdən vergül qoyulur.
Soruşdum:
– Sən qaydanı bilirsən, bəs niyə bu səhvi edirsən?
Oğlanın məntiqli cavabı məni onun özünütəhlil bacarığına valeh etdi, həm də sualıma tutarlı cavab tapdığım üçün sevindirdi:
– Müəllimə, mən yazanda onun modal söz olduğunu düşünmədən yazıram.
Bu cavabın necə dəqiq cavab olduğunu onun özünə bildirərək izah etdim:
– Tamamilə düzgün ifadə etdin. Vərdiş məsələsi! Təhsilin boyunca yazı işləri zəif və səmərəsiz aparıldığından sən bu bacarığa yiyələnməmisən. Bu sənin səhvin deyil, müəllimlərinin qüsurudur, amma təəssüf ki, imtahanda heç kim nəzərə almayacaq ki, sənə məktəbdə yazı yazdırmayıblar. Bu sənin səhvin kimi qəbul ediləcək və zərər görən sən olacaqsan. Ona görə də hələ ki vaxtın var, səhvlərinin üstündə işlə.
O abituriyentin cavabı açıq-aşkar isbat edir ki, düzgün yazmaq yalnız nəzəri bilikləri əzbər bilməklə əldə edilən bacarıq deyildir, uzunmüddətli təcrübələr nəticəsində qazanılan vərdişdir. Dərslərdə tədris edilən hər bir nəzəri mövzu praktik islərdə diqqətə alınmalı, qaydaların yazılı və şifahi nitqdə tətbiqinə saatlar ayrılmalıdır. Tərəddüdsüz deyə bilərəm ki, Azərbaycan dili dərslərinin həddindən artıq yüklü məzmununun müəllimlər üçün qaranlıq olması şagirdlərin adi qrammatik savadının belə formalaşmaması ilə nəticələnmişdir. Bu barədə növbəti yazını gözləyin.

Könül Aydın Nəhmətova
Filologiya üzrə fəlsəfə doktoru