Mütəxəsislər oxuyub və dinləyib anlamada müşahidə olunan problemləri araşdırarkən yalnız qarşı tərəfin səhvlərinə baxmırlar, öncə mətnin və nitqin strukturunun düzgünlüyünü yoxlayırlar. Doğrudur, biz təhsilalanları, eləcə də bu istiqamətdə ehtiyacı olan hər kəsi oxuyub-anlamanın təməl bilgiləri ilə tanış etməliyik, amma bununla yanaşı, təqdim etdiyimiz mətnlərin, şifahi təqdimatların, çıxışların də məzmununa, strukturuna nəzər salmalıyıq.
Həyatımızda bir çox məqamlarda mətn və ya nitqlə tanışlığımız qısa müddət təşkil etdiyi üçün bizim onların üzərində uzun-uzadı düşünməyə vaxtımız olmur. İnformasiyanı çatdıran şəxslər düzgün yazıb, düzgün danışmalıdırlar ki, auditoriya oxu və ya dinləmə zamanı dərhal məzmunu anlaya bilsin. Bunun üçün mətn və ya nitqin kompozisiyasında məzmun-struktur elementlərinin yerini bilmək lazımdır.
Davamlı olaraq mətn məsələləri üzrə araşdırma edirəm və çox faydalı tövsiyələrə rast gəlirəm. Mətnin tərkib əsas elementlərin qruplaşdırılması məsələsinə dair belə bir izah diqqətimi çəkmişdi: “Mətnin tezisini giriş hissəsində də vermək olar, amma bu zaman oxucunun əsas fikri asanlıqla müəyyənləşdirilməsində cətinliyinin yaranmaşı ehtimalı yüksəlir. Əsas tezis giriş hissənin sonunda verildikdə mətnin ideya istiqamətini izləmək asan və sürətli olur”. Gətirdiyim nümunədən belə nəticə çıxarırıq ki, mətnin strukturu onun asan qavranılmasını təmin etməlidir. Biz belə incə məsələləri nitqimizdə, yazılarımızda nəzərə alırıqmı?
20 ilə yaxındır ki, oxuyub-anlama məsələsini Azərbaycan dili fənninin məzmununun mərkəzinə qoymuşuq, amma hələ nə mütəxəssislər, nə təhsili idarə edənlər bu kompetensiyanın nədən ibarət olduğunu lazımınca dərk ediblər. Buna görə də hamımız bir-birimizi oxuyub və dinləyib anlaya bilməməkdə təqsirləndirməyi düşdüyümüz vəziyyətdən çıxış yolu hesab edirik.
Problemdə nəzərə alınmalı əsas məsələ isə budur: əgər kimin yazısı və ya nitqi hər zaman mübahisə doğurursa, çatışmazlıq yalnız qarşı tərəfdə deyil, öncə onun öz biliyində, səriştəsindədir. Müxtəlif struktur modellərinə uyğun mətn və ya nitq qurmaq olar, lakin biliyin, məlumatın kütləvi şəkildə əlçatanlığını təmin etmək istəyən taktikalı, savadlı şəxslər ən optimal modeldən istifadə edirlər. Yanlış anlaşılmanın qarşısını almağın bir yolu da natiqin və ya müəllifin təqdimatının əsas tezisini və həmçinin köməkçi fikirlərini aydın və birmənalı catdırmasıdır. Məruzə, rəsmi çıxış, müsahibələr zamanı əsas fikri açıq və birmənalı şəkildə ifadə etmədən qənaəti çıxarmağı dinləyicilərin öhdəsinə həvalə etmək səriştəsizlikdir.
Oxuyub və dinləyib anlamanın inkişaf etdirilməsində çıxış yolu, bilirsiniz, nədir? Təhsilə ciddi araşdırmaçıları cəlb edib onların yaratdıqları resurslardan istifadə edərək maarifləndirmənin genişləndirilməsidir. Bilmədiyimizi bir-birimizdən öyrənməyi özümüzə sığışdırdırdığımız, həqiqi mütəxəssislərin sözünü dinləməyi öyrəndiyimiz, iş bölgüsündə dostluğa, tanışlığa deyil, elmə üstünlük verdiyimiz zaman qarşılıqlı əməkdaşlıqdan, anlamadan, idrakdan, hörmətdən və bunların da sayəsində inkişafdan danışmaq mümkün olacaqdır.
Könül AYDIN Nəhmətova
Filologiya üzrə fəlsəfə doktoru