Pərvanə MƏMMƏDLİ
Azərbaycanda Əli Təbrizlini çox az tanıyırlar. Əli Təbrizli qələmə aldığı “Dil və ədəbiyyat” əsəri ilə Güney Azərbaycanda milli dirəniş hərəkatının əsasını qoyanlardan biri olub. Kitabda yazar kəskin bir dillə Azərbaycan türkcəsinə xor baxanlara, ana dili və tariximizi təhrif edənlərə kəsərli cavab verir.
Akademik Tofiq Hacıyev Əli Təbrizliyə çox böyük dəyər verib yazırdı: ”Əli Təbrizli ağzından od tökür, onun qələmindən qığılcım qalxır. Bu sözlərdən hər birinin üstündə, o, çarmıxa çəkilə bilər, kitabdakı 36 məqaləyə görə 35 dəfə edam oluna bilər. İndi düşmənləri ilə üz-üzə dayanıb cəsarətlə, qorxmaz-qorxmaz danışan Əliyə qulaq asanda öz-özümə deyirəm: “Od tökür ağzından, həzər etməzmi ki, onu yandıralar, zindana salalar, daşqalaq edələr? O, sadəcə, gileylənmir, elə beə şikayətlənmir: Düşmənin üstünə kükrəyir, düşməni ittiham edir, yatmış camaatını silkələyir, hayqırır.
Əli Təbrizli böyük təhlükə altına girərək keçən əsrin 60-cı illərində Azərbaycan dilində kitab nəşr edir, Azərbaycan dilini, mədəniyətini yayırdı.
O, naşir olmaqla yanaşı, həm də özünü bir şair, araşdırıcı, publisist kimi tanıtdırır. Ən önəmlisi isə o, milli hərəkatın həm görkəmli nümayəndəsi, həm də ideoloqudur. Onu Güneydə türkçülüyün banisi kimi tanıtdıran əsas əsəri “Ədəbiyyat və milliyyət”dir.
Akademik Tofiq Hacıyev Əli Təbrizlini “öz ana dili uğrunda vuruşan bir ər oğlu ər” adlandırıb yazırdı: “Bu uzunluqda iqtibas üçün oxucu məni qınamasın. Əli Təbrizlinin fikirləri o qədər ürəyimcədir ki, “Türk dili niyə hünərdir?” məqaləsini söz-söz köçürər və altında öz imzamı qoyardım.
Tofiq müəllim sonra davam edib yazır: “O, körpə balasını yeməyə gələn yırtıcının üstünə cuman ana sərçə kimi pırpızlanır, tükürpədən cingilti ilə qışqırır. Eşqi yolunda özünü fəda edənlərə pərvanə deyiblər, Məcnun deyibler. Amma, o, sakitcə durub yanmır, – göz yaşı axıtmır, külüng çalır. Buna görə onu yalnız FərhadIa müqayisə etmək olar.
Amma əgər insan öz istəyi uğrunda özünü oda atırsa, eşqi yolunda ölümə hazırdırsa, o, aşiqdir. Bəli, Təbrizli Əli öz xalqının, ana dilinin, ulu tarixinin eşqi ilə yanır”.
Əli Təbrizli əsərini belə başlayır: “Gözəl türk dilimizdə indiyə kimi belə bir yazı və kitab yazılmayıb və nədənsə milyonlarla fateh və əsir türkün qafasından bu mahiyyət və məziyyət üçün heç bir düsüncə keçməyib. Ola bilər ki, bu gün bu kitabı çox da alqışlamasınlar, çünki bu kitabda olan sözlər və mövzular nə soldan asılıdır, nə də sağdan, halbuki hələlik bu gün türk ya sola vurğundur, ya sağa məftun.”
Dövrə xas olan heç bir siyasi meyllərin təsirinə düşmədiyini vurğulayandan sonra müəllif türklərdə milli təəssübkeşliyin zəif olmasına təəssüflənib yazır: “…hər oyuna baş vurub, tarix və coğrafiya oxuyub-yazıb, hər cür özgə dillər öyrənib və öyrədib, hakim və məhkum olub, varlı-varsız olub, dünya millətlərini və dillərini tanıyıb və hər cür boyağa bulaşıb. Ancaq öz milləti kim imiş, kimdir və kim olacaq? – Bunu bilməyib, hələ də bilmir və bilmək də istəmir”
Əli Təbrizli fars şovinistindən daha çox türk manqurdunun əlindən qəzəblidir: “ Gah behişt nemətləri və huri-qılman üçün dinçi olub, gah dünyanın maddi ləzzətləri və məqamları üçün solçuluq yolunda candan çalışıb və keçib. Ancaq milli mənəviyyatı, milli izzəti-nəfsi və milli vicdan və şərəfi üçün zərrə qədər də çalısmayıbdır.
Bu baxımdan tutduqları yollar və məramlar köksüz və rişəsiz olduğuna görə boşa çıxıb və bu gün dünya millətləri arasında əllərində milli bir mahiyyət və milli bir ərdəm sənədi yoxdur”.
Əli Təbrizli “Ədəbiyyat və dil” əsərində üzünü soydaşlarına tutub bu sualı verir; ”Dilsiz baş bir daş kələm, bir qəmbər, bir qabaq və tənbəl pişik deyil, bəs nədir?
Bunu özümüzdən soruşmalı, buna dərinləşməliyik. Və bu gün daha dəyənək və çomaq olunca, iradəli, düşünən və qəhrəman bir insan olmalı və qəmbər və daş kələm olunca gözəl bir dil və fərhəng qorucusu olmalıyıq.
Burada gözəl bir dil və fərhəng qurucusu deməkdən mənzur o deyil ki, təzədən və yenidən bir dil və fərhəng yaratmalı və törətməliyik. Bəlkə, mənzur budur ki, pozulmuş və dağılmış milli dil və milli miraslarımızı təzədən toplamalı və yenidən qurmalıyıq. Yoxsa bu milli dil və mirasımızın təzədən və yenidən yaranmasına və törənməsinə ehtiyac yoxdur. Çünki bu dil və miraslar min illərdən bu yana, bütün dünya üzərində əzilmədən və çürümədən yaşamaqdadır. Və indiyə kimi yüzlərlə zərbələrdən sağlam və ruhlu qaldığının səbəbi tək öz əsil və möhkəm olduğundadır, nəinki bizim yaxşı və himmətli varis olduğumuzdan.
Bunun üçün gərək bu gün ayıldığımızı və yaxşı varis olduğumuzu göstərək və doğrusu budur ki, özümüzü toplamalı, qorumalıyıq. Yenə də bunu düsünmək lazımdır ki, dilsiz baş olduğumuz üçün bu gün bizə bitki ilə insan ortasında verilən yer və yükləmə olan edif hankı bir mövcudun yeridir”