Əcnəbi sözlərin özbək ekvivalentləri ilə əvəzlənməsi təklif edilir
Özbəkistan Elmlər Akademiyasının Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutunun işçi qrupu əcnəbi sözlərin milli analoqlarla əvəzlənməsini təklif edib. Bu barədə “Azadlıq” radiosunun özbək xidməti/Ozodlik yazır. Təşəbbüsün məqsədi özbək dilinin mövqeyini gücləndirməkdir.
İşçi qrupun nümayəndələri özbəkləri xarici sözlərin milli analoqlarının müzakirəsində fəal iştirak etməyə çağırıblar.
Xatırladaq ki, ötən ilin may ayında FADMM-in təşəbbüsü ilə Azərbaycanda bir qrup ziyalı dövlət başçısına müraciət edərək ölkədə ədəbi dilin zənginləşməsi prosesini tənzimləyən ayırca quruma ehtiyac olduğunu bildirmişdi. Müraciətdə bildirilirdi ki, belə bir qurum dilimizə əcnəbi termin axınının fəsadlarının qarşısını almaq üçün ana dilimizin daxili imkanlarından istifadə edib, onları yeni sözlərlə əvəz edə bilər.
Tanınmış ziyalıların dövlət başçısına müraciətindən sonra Azərbaycan Milli Elmlər Akademiyası iyulun 3-də Mərkəzi Elmi Kitabxanada “Azərbaycan dilindən istifadə: uğurlar, problemlər, vəzifələr” mövzusunda dəyirmi masa keçirmişdi.