- Mədəniyyət

Özbəkistanda Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş tədbirlərə start verilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə 2022-ci ildə Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə tədbirlərə start verilib.

AZƏRTAC xəbər verir ki, il ərzində “Fikrət Əmirov – Azərbaycan musiqi sənətinin parlaq siması, dünya musiqisində simfonik muğam janrının yaradıcısı” adlı beynəlxalq konfransın keçirilməsi, dahi bəstəkarın əsərlərindən ibarət Azərbaycan musiqiçiləri və Özbəkistan Milli Simfonik Orkestrinin birgə iştirakı ilə dostluq konsertinin və digər tədbirlərin təşkili nəzərdə tutulub.

Bununla yanaşı Mədəniyyət Mərkəzi Fikrət Əmirovun bir sıra əsərlərinin not yazılarını Özbəkistan ali musiqi məktəblərinə hədiyyə etməyi nəzərdə tutur.

AMM-dən verilən məlumata görə, artıq mərkəzin könüllüləri tərəfindən “Wikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında Fikrət Əmirov haqqında özbək dilində bölmə hazırlanaraq istifadəyə verilib.