Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə 2022-ci ildə Özbəkistan-Azərbaycan mətbuatı arasında “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı”, “Türk dövlətləri arasında iqtisadi əlaqələr və tranzit imkanları”, “Ortaq dəyərlərimiz” nominasiyaları üzrə müsabiqə elan edilib.
525.az Azərtac-a istinadən xəbər verir ki, müsabiqəyə Azərbaycanın Mədəniyyət Nazirliyi, ölkəmizin Özbəkistandakı səfirliyi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti, Özbəkistan Milli Mətbuat Agentliyi müvafiq dəstək göstərir.
2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi ilə əlaqədar AMM tərəfindən Özbəkistanda silsilə tədbirlərin və layihələrin həyata keçirilməsi plandaşdırılır. Bununla əlaqədar, müsabiqəyə “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlı nominasiya daxil edilib.
Azərbaycanın qədim şəhəri, Qarabağın mərkəzi Şuşanın tarixi, mədəniyyəti, turizm ehtiyatları, tanınmış şuşalılar, mədəniyyət və sənət beşiyi Şuşanın azad olunması, Azərbaycan Ordusunun rəşadəti, Ali Baş Komandan, Prezident İlham Əliyevin bu istiqamətdə apardığı uğurlu siyasət, azad olunmuş ərazilərin bərpası və bu torpaqlarda yaşayan əhalinin qayıtması, milli-mədəni irsimizin dağıdılması, Şuşanın məşhur abidələri, şəhərin Azərbaycan mədəniyyətinə verdiyi töhfələr və s. barədə məqalələrə, araşdırmalara, televiziya verilişlərinə və digər bu kimi materiallara müsabiqədə üstünlük veriləcək.
Özbəkistanda 2022-ci ilin “İnsan maraqlarının təminatı və məhəllələrin inkişafı ili” elan olunduğundan müsabiqəyə bu mövzuda da “Özbəkistanın qabaqcıl və inkişaf edən məhəllələri” nominasiyası əlavə edilib.
“Ortaq dəyərlərimiz” adlı nominasiyada isə xalqlarımızı birləşdirən ortaq dəyərlər, soy-kök, tarix, dil, din, mədəniyyət, adət və ənənələr, muğam-makom sənəti, aşıq-baxşı sənəti, atüstü oyunlar, süfrə mədəniyyəti, Novruz, Ramazan bayramları, 44 günlük Vətən müharibəsində qələbənin əldə olunmasında Azərbaycan və özbək xalqlarının rolu, “Tarixi İpək yolu” mövzusunda materiallar xüsusi mükafata layiq görüləcək.