Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, Xalq yazıçısı, ədəbiyyatşünas alim, professor, ictimai xadim Əzizə Cəfərzadənin yaradıcılığının Özbəkistanda təbliği məqsədi və ədibin 100 illik yubileyi münasibətilə “Aləmdə səsim var mənim” adlı layihəyə start verilib.
AZƏRTAC xəbər verir ki, layihəyə əsasən Azərbaycan ədəbiyyatında, ictimai fikir tarixində mühüm yer tutan, Azərbaycan tarixinin ayrı-ayrı dövrlərində baş vermiş hadisələri, görkəmli şəxsiyyətlərin həyatlarını öz əsərlərində işıqlandıran Əzizə Cəfərzadə yaradıcılığına dair Özbəkistanda tədqiqat əsərlərinin və məqalələrin hazırlanması, tanınmış yazıçının yaradıcılığına dair sayt, qəzet və jurnallarda silsilə məqalələrin dərc edilməsi nəzərdə tutulur. Yazıçı haqqında “Vikipediya”da özbək dilində xüsusi bölmənin yaradılması da planlaşdırılır. Bölmədə tanınmış yazıçının həyatı, yaradıcılığı, əsərləri, mükafatları haqqında məlumatlar yer alacaq.
Bundan başqa AMM-nin sifarişi ilə Əzizə Cəfərzadənin “Bakı 1501” romanı tərcüməçi-alim Rüstəm Cabbarov tərəfindən özbək dilinə çevrilir və Daşkənddə çap olunması nəzərdə tutulur.
Mədəniyyət Mərkəzi bu il Daşkənddə Əzizə Cəfərzadənin yaradıcılığına dair “Aləmdə səsim var mənim” adlı Azərbaycan-Özbəkistan birgə beynəlxalq konfransın keçirilməsini planlaşdırır. Beynəlxalq konfransda hər iki ölkənin, o cümlədən türk dünyasının tanınmış ədəbiyyat xadimlərinin, yazıçılarının iştirakı gözlənilir.