Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı, hər iki ölkənin mədəniyyət nazirliklərinin, Azərbaycanın Özbəkistandakı səfirliyinin dəstəyi ilə Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin rəsmi açılışı olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycandan gələn qonaqlar Mədəniyyət Mərkəzinin qarşısında ulu öndər Heydər Əliyevin abidəsinin, habelə Şəhidlər abidə kompleksinin qarşısına əklil və gül dəstələri qoyublar.
Azərbaycan nümayəndə heyətinə Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Milli Məclisin deputatı, parlamentdə “Azərbaycan-Özbəkistan” Dostluq qrupunun üzvü Müşfiq Cəfərov, Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, tanınmış alimlər, ictimaiyyət nümayəndələri daxildir.